EN

Əliyar həmkarlarına tapşırıq verib – “Məni VAR-a çağırmayın”

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev artıq bir neçə gündür ki, gündəmdən düşmək bilmir.

NOCOMMENT.az xəbər verir ki, təcrübəli hakim ölkə kubokunun 1/2 final mərhələsinin ilk görüşləri çərçivəsində keçirilən “Turan Tovuz” – “Zirə” matçında verdiyi qərarlarla diqqətləri üzərinə çəkib.

O, tovuzluların iki penaltisini verməməklə nəticəyə təsir edən səhvlərə yol verdi. Ötən gün Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da Ağayevin yanlış qərarlar verdiyini təsdiq etdi. Bu səbəbdən təcrübəli FİFA referisi cəzalandırılaraq adı ötən gün keçirilən “Qarabağ” – “Karvan-Yevlax” (7:0) matçının hakimləri siyahısından çıxarıldı.

Ə.Ağayev son illərdə Azərbaycan futbolunun yetişdirdiyi ən yaxşı hakimdir. O, UEFA-nın ən nüfuzlu yarışlarının qrup mərhələlərinin matçlarına təyinat alır. Elit kateqoriya yolunda irəliləyən hakimin kubok matçında bu cür ciddi səhvlərə yol verməsi əlbəttə ki, anlaşılmaz durum yaradırdı. Maraqlır ki, Əliyar Ağayev bir neçə tur öncə “Şamaxı” – “Neftçi” oyununda qonaqların qapısına eyni qayda pozuntusuna görə təyin edilən penaltini də diqqətə almayıb. Həmin görüşdə “Neftçi” tərəfi epizoddan narazı qalsa da, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov qərarın doğru olduğunu təsdiq etmişdi.

Bütün bu halları nəzərə alaraq, Ə.Ağayev kimi hakimin verdiyi qərar sorğu-sual olunur.

Əldə etdiyimiz məlumata görə, Ağayev VAR-ın onun qərarlarına müdaxilə etməsini xoşlamır. Azərbaycan çempionatında VAR tətbiq olunmağa başlayarkən o, hakimlərə şərt qoyub. Təcrübəli referi bildirib ki, həmkarlarından heç biri onu VAR monitoruna çağırmasın.

Ə.Ağayev həmçinin deyib ki, onun meydanda verdiyi qərarlar doğrudur və heç bir qərarının səhv olduğunu düşünmür.

Məhz təkəbbürlü davranışı hakimin səhvlərinin əsas səbəblərindən biri sayılır. Elə bunları nəzərə alsaq, UEFA kateroqiyalı hakimin bundan öncə də anoloji davranışlar sərgilədiyini bildirməliyik. O, bir neçə dəfə çağırılsa da, ya VAR monitoruna baxmağa getməyib, ya da gedib qərarını yanlış olsa belə, dəyişdirməyib.

Bu cür hallar hazırda ən yüksək təyinatlar alan hakimimizin ciddi səhvlərə yol verməsinə gətirib çıxarır. Eynilə ötən həftə keçirilən “Turan Tovuz” – “Zirə” (0:2) matçında olduğu kimi. \\“Qafqazinfo”

Chosen
17
2
nocomment.az

2Sources