EN

Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq və siyasi etimad modelidir”



“Aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata bəyanatı Azərbaycan–Gürcüstan münasibətlərinin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir. Dövlət başçısının “iki qardaş ölkə hər zaman bir yerdədir” fikri bu münasibətlərin əsas fəlsəfəsini ifadə edir. Əsrlər boyu formalaşmış dostluq ənənələri bu gün müstəqil dövlətlər səviyyəsində yeni məzmun qazanaraq siyasi əməkdaşlığın möhkəm dayağına çevrilib. Bu, təsadüfi deyil. Çünki regionda uzunmüddətli sabitlik yalnız qarşılıqlı etimad və səmimi tərəfdaşlıq əsasında qurula bilər.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləməsi də bu etimadın praktik təzahürüdür: “Ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzrə nümayiş etdirilən vahid mövqe iki ölkənin ortaq siyasi xəttinin göstəricisidir. Bu yanaşma həm də regionda hüquqa əsaslanan münasibətlər sisteminin güclənməsinə xidmət edir. Eyni zamanda, Gürcüstanda siyasi sabitliyin mövcudluğu və bu sabitliyin inkişaf üçün əsas şərt kimi qiymətləndirilməsi mühüm məqamdır. Prezident İlham Əliyevin bu amili xüsusi vurğulaması göstərir ki, Azərbaycan regionda sabit və proqnozlaşdırılan tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Gürcüstanın əldə etdiyi uğurların məhz bu sabitlik üzərində qurulması isə ölkənin gələcək inkişaf perspektivlərini daha da gücləndirir. Bu baxımdan, Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqaz üçün nümunəvi model kimi çıxış edir. Qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və ortaq maraqlara əsaslanan əməkdaşlıq regionda yeni siyasi mədəniyyət formalaşdırır. Bu modelin davamlılığı isə tərəflərin siyasi iradəsindən və strateji baxışından qaynaqlanır. Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter daşıdığını bir daha təsdiqlədi. Bu münasibətlər təkcə ikitərəfli çərçivədə deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq platformasıdır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Chosen
14
1
aia.az

2Sources