EN

Azərbaycan-Gürcüstan siyasi dialoqu regionun inkişafı üçün mühüm zəmin yaradır ŞƏRH

Bakı, 7 aprel, AZƏRTAC

Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təmin olunmasında mühüm rol oynayan dövlətlərdən biri Azərbaycan Respublikasıdır. Azərbaycan müstəqillik dövründə regionun geosiyasi və geoiqtisadi xəritəsində aparıcı aktorlardan birinə çevrilib, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq münasibətlər sistemində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu kontekstdə Azərbaycanın qonşu dövlətlərlə, xüsusilə də dost və qardaş Gürcüstanla münasibətləri xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O xatırladıb ki, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər tarixən mehriban qonşuluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanıb. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq illər ərzində davamlı şəkildə inkişaf edib. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda, regionun sabitliyi və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşması baxımından mühüm rol oynayır.

“Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı səfər çərçivəsində keçirilən görüşlər zamanı Gürcüstan rəhbərliyi ilə ikitərəfli münasibətlərin cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin mətbuata verdiyi bəyanatda Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm aspektlərinə toxunub. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Gürcüstanın dostluq və tərəfdaşlıq münasibətləri region üçün mühüm əhəmiyyət daşıyır. Ölkələrimiz arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir”, - deyə deputat vurğulayıb.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən birinin iqtisadi sahə olduğunu deyən komitə sədri qeyd edib ki, bu reallıq Prezident İlham Əliyevin çıxışında da öz təsdiqini tapdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atıb. Xüsusilə hər iki ölkənin tərəfdaş olduğu enerji və nəqliyyat layihələri regionun iqtisadi inkişafına mühüm töhfə verir. Çünki məlum olduğu kimi, Azərbaycan ilə Gürcüstan birgə həyata keçirdikləri iri infrastruktur və enerji layihələri sayəsində Avrasiyanın enerji və nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynayırlar. Bu layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasına və yeni iqtisadi əlaqələrin yaranmasına əhəmiyyətli təsir göstərir.

“Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuata verdiyi bəyanat bir daha göstərir ki, Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olması, iqtisadi və enerji layihələrinin uğurla həyata keçirilməsi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək regionda sabitlik və inkişaf üçün mühüm zəmin yaradır. Bu baxımdan Azərbaycan ilə Gürcüstan arasında formalaşmış möhkəm dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişlənəcəyi və regionun inkişafına yeni töhfələr verəcəyi şübhə doğurmur”, - deyə S.Novruzov diqqətə çatdırıb.

Chosen
25
2
azertag.az

4Sources