AZ

Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə uğurla inkişaf edir



Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 6-da Gürcüstana səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini və gələcək inkişaf istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur. Bu səfər bir daha təsdiqlədi ki, Azərbaycan–Gürcüstan əlaqələri dərin tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz dostluğa əsaslanır. Dövlətimizin başçısının vurğuladığı kimi, əsrlər boyu xalqlarımız arasında formalaşmış qardaşlıq münasibətləri bu gün də uğurla davam etdirilir və dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir.

Azərbaycan ilə Gürcüstan arasında münasibətlər tarixən mehriban qonşuluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanmışdır. İki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq illər ərzində davamlı şəkildə inkişaf etmişdir. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda regionun sabitliyi və Avrasiya məkanında yeni iqtisadi əlaqələrin formalaşması baxımından da mühüm rol oynayır.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçısı Tbilisidə keçirilən görüşlər zamanı Gürcüstan rəhbərliyi ilə ikitərəfli münasibətlərin cari vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etmiş, həmçinin mətbuata verdiyi bəyanatda Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm aspektlərinə toxunmuşdur.

Prezident İlham Əliyev mətbuata bəyanatında Gürcüstana səfərindən məmnunluğunu ifadə edərək vurğulamışdır ki, “yenidən qardaş Gürcüstanda olmaq mənim üçün böyük şərəfdir”. Dövlət başçısı iki ölkə arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin region üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.

Prezident İlham Əliyev Gürcüstanın son illərdə əldə etdiyi uğurlara da xüsusi diqqət yetirərək qeyd etmişdir ki, “Gürcüstanın dinamik iqtisadi inkişafı göz önündədir”. Onun sözlərinə görə, bu inkişaf həm regionun iqtisadi potensialının artmasına, həm də iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə yeni imkanlar yaradır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir.

Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə də bir-birini daim dəstəklədiyini vurğulayan dövlət başçısı bildirmişdir: “Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik.” Prezident qeyd etmişdir ki, iki ölkə qarşılıqlı şəkildə bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyir və bu prinsipial mövqe gələcəkdə də davam etdiriləcəkdir.

Azərbaycan-Gürcüstan əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi sahədir. Prezident İlham Əliyev çıxışında bu sahədə əldə edilən nəticələri yüksək qiymətləndirərək bildirmişdir ki, iki ölkə iqtisadi əməkdaşlıq sahəsində böyük uğurlar əldə etmişdir. Bu əməkdaşlıq xüsusilə enerji və nəqliyyat layihələri vasitəsilə regionun iqtisadi inkişafına mühüm töhfə verir.

Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan birgə həyata keçirdikləri iri infrastruktur və enerji layihələri ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsinin formalaşmasında mühüm rol oynayırlar. Bu layihələr regionun enerji təhlükəsizliyinin təmin olunmasına və yeni iqtisadi əlaqələrin yaranmasına əhəmiyyətli təsir göstərir.

Prezident İlham Əliyev bəyanatında həmçinin qeyd etmişdir ki, hazırda Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşır. Onun sözlərinə görə, “bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır” və bu şəraitdə region ölkələri arasında əməkdaşlıq və qarşılıqlı etimad daha böyük əhəmiyyət kəsb edir.

Enerji təhlükəsizliyi məsələsinə toxunan dövlət başçısı vurğulamışdır ki, Azərbaycan uzun illərdir beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Prezident qeyd etmişdir ki, “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır”. Bu siyasət nəticəsində Azərbaycan Avropa və digər regionlar üçün etibarlı enerji mənbəyinə çevrilmişdir.

Prezident İlham Əliyevin Gürcüstana səfər çərçivəsində mətbuata verdiyi bəyanat bir daha göstərdi ki, iki dövlət arasında münasibətlər yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya doğru inkişaf edən bu münasibətlər regionda sabitliyin, təhlükəsizliyin və rifahın təmin olunmasında mühüm rol oynamağa davam edəcəkdir.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri




Seçilən
1
2
aia.az

4Mənbələr