EN

"Bu cür oyunlarda meydanda görəcəyimiz işlər daha maraqlıdır"

Aprel ayında 4 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin təlim-məşq toplanışı davam edir. Komanda sabah – aprelin 8-də Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Fanat.Az xəbər verir ki, millinin baş məşqçisi Yevgeni Kukseviç Bakıdakı hazırlıqla bağlı Futzal Federasiyasının mətbuat xidmətinə danışıb: 

“Bu cür toplanışları nə qədər çox keçirsək, futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur”.

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb: “Həm Gürcüstan, həm də Qazaxıstan millisi güclü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadır. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk “4-lüy”ündə qərarlaşıb. Dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıblar. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir”.

Çalışdırıcı bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, bunu faydalı hesab etdiyini qabardıb: “FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik”.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq.

Chosen
29
1
fanat.az

9Sources