Bu gün Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, günün ilk matçında “Lənkəran” doğma azarkeşləri önündə “Gəncə” ilə üz-üzə gələcək.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 15.00-da start götürəcək. Komandaların ilk duelində “Gəncə” inamlı oyun nümayiş etdirərək 91:55 hesablı qələbə qazanıb.
Günün digər görüşündə isə “Sumqayıt” öz meydanında NTD-ni sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 19.00-da başlayacaq. Bu cütün ilk matçında paytaxt təmsilçisi rəqibini 121:107 hesabı ilə məğlub edib.
Daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.