EN

Bu evlərə sənəd verilməyəcək Sakinlərə xəbərdarlıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Bakıda uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb. Mütəxəssislərin rəyinə görə, bu cür tikililər mühəndis-kommunikasiya xətlərinin təhlükəsizliyinə ciddi risk yaradır. Buna görə də qanunsuz inşa edilmiş evin təcili sökülməsi və kollektor xəttinin bərpası zəruri hesab olunur. Baş verən hadisə paytaxtda sənədsiz və qanunsuz tikililər məsələsini yenidən aktuallaşdırıb.

Bu addım digər ərazilərdə də sənədsiz tikililərlə bağlı nəzarətin gücləndiriləcəyindən xəbər verir? Yaxın vaxtlarda qanunsuz evlərin söküntü prosesi sürətlənə bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, Keşlədə baş verən hadisə həqiqətən də acınacaqlı vəziyyət yaradıb:

“Problemin qısa müddətdə aradan qaldırılması mümkün olmadı və nəticədə evlərə, avtomobillərə və digər əmlaklara ciddi ziyan dəydi. Əgər həmin ərazidə tikili olmasaydı, kollektora müdaxilə edilərək problem vaxtında həll olunar və bu cür fəsadlar yaranmazdı. Hazırkı vəziyyətdə əsas məsələ bu qanunsuz tikintiyə kimin göz yummasıdır. Şəhərin nəzarətdən kənar ərazilərində belə halları qismən anlamaq mümkündür, amma mərkəzi hissədə bu cür qanunsuz tikililərin yaranması ciddi suallar doğurur. Bu səbəbdən cavabdeh şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması vacibdir ki, oxşar hallar təkrarlanmasın və aidiyyəti qurumlar öz vəzifələrini düzgün icra etsinlər”.

Elnur Azadov

Ekspert bildirib ki, son illər qanunsuz tikililərin leqallaşdırılması məsələsi tez-tez müzakirə olunur:

“Bu istiqamətdə bir sıra addımlar atılır. Gələcəkdə müəyyən formada amnistiya tətbiqi mümkündür. Lakin bütün tikililərin leqallaşdırılması nəzərdə tutulmur. Xüsusilə kommunikasiya xətlərinin, dəmir yolu və magistral yolların mühafizə zolaqlarında, yüksək gərginlikli elektrik xətlərinin altında, yaxud digər qadağan olunmuş ərazilərdə inşa edilən tikililər leqallaşdırılmayacaq. Belə hallarda alternativ həll yolları da nəzərdən keçirilə bilər. Məsələn, bəzi ərazilərdə köhnəlmiş kommunikasiya xətləri ləğv edilərək başqa istiqamətdən yeniləri çəkilə bilər. Bunun üçün aidiyyəti qurumlar mütəmadi monitorinqlər aparmalı, riskli əraziləri müəyyən edərək uyğun qərarlar qəbul olunmalıdır.

Təcrübədə riskli ərazilərdə yerləşən tikililərin söküntüsü həyata keçirilib. Bu kimi qərarlar vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Lakin belə proseslər zamanı vətəndaşların hüquqları qorunmalı, zərurət yarandıqda kompensasiya məsələləri də aydın şəkildə həll olunmalıdır. Kütləvi söküntülər sosial ədalət prinsipləri nəzərə alınmaqla həyata keçirilməlidir. Ümumilikdə, dövlətin əsas vəzifəsi həm təhlükəsizliyi təmin etmək, həm də vətəndaşların hüquqlarını qorumaqdır. Bu balansın düzgün qurulması oxşar problemlərin qarşısının alınmasında mühüm rol oynayır”.

Ləman İmran

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
globalinfo.az

1Sources