Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
Boşanma prosesində tərəflər arasında ən çox mübahisə doğuran məsələlərdən biri də toy zamanı təqdim olunan hədiyyələrin, xüsusilə zinət əşyalarının kimə məxsus olması ilə bağlıdır.
Praktikada tez-tez rast gəlinir ki, nikahın pozulması zamanı gəlinə verilmiş qızıl-zinət əşyalarının oğlan tərəfi tərəfindən geri qaytarılmaması və ya əksinə, oğlana verilmiş hədiyyələrin qız tərəfdə saxlanılması mübahisələrə səbəb olur.
Toyda verilən hədiyyə və zinət əşyaları boşanma zamanı bölüşdürülən əmlak kateqoriyasına daxildirmi?
“Cebheinfo.az”-a açıqlamasında vəkil İsrafil Əlili bildirib ki, tərəflərin bir-birinə hədiyyə etdiyi əşyalar hədiyyə olunan şəxsdə qalır:

"Tərəflərin rəsmi nikahının olub-olmamasından asılı olmayaraq, əgər iradəsi ilə nişan, xınayaxdı və ya toy məclisi təşkil olunubsa və həmin məclislərdə zinət əşyaları təqdim edilibsə, həmin zinət əşyaları hədiyyə olunan şəxsdə qalmalıdır.
Yəni xanıma hədiyyə olunan zinət əşyaları, tərəflər ayrıldıqdan, münasibətlər pozulduqdan sonra xanıma verilmirsə, xanım məhkəmədə həmin zinət əşyalarının geri qaytarılması tələbi ilə iddia qaldıra bilər. Eyni zamanda, xanım tərəfindən oğlana nişan üzüyü hədiyyə olunubsa, həmin üzük də hədiyyə olunduğu şəxsdə qalmalıdır".
Hüquqşünas əlavə edib ki, bu zaman sübutlar adətən şəkillər, videokadrlar və əşyaların qarşı tərəfdə qalmasını təsdiqləyən yazışmalar vasitəsilə təqdim olunur:
"Belə işlərdə adətən sübutlar həmin əşyaların hədiyyə olunduğunu təsdiq edən şəkillər, videokadrlar və həmçinin əşyaların qarşı tərəfdə qalmasını göstərən yazışmalar (məsələn, “WhatsApp” mesajları) olur.
Məsələn, xanım yazır: “Qızıllarımı qaytar”, bəy isə “Qaytarmıram, satmışam, lombarda qoymuşam” kimi cavab verir. Bu tip yazışmalar artıq məhkəmə üçün mötəbər sübut sayılır və iddianın təmin olunması üçün əsas hesab olunur".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Açar sözlər:
boşanma İsrafil Əlili
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.