Xaçmazın icra başçısı təbii fəlakətdən zərər çəkən sakinlərlə görüşdü
Xaçmaz rayonunda aprelin 4-ü və 5-i tarixlərində aramsız yağan güclü leysan xarakterli yağışlar nəticəsində Nabran kəndində fəsadlar yaranıb. 1news.az report-a istinadən xəbər verir ki, sel suları evlərin həyətyanı sahələrinə, obyektlərə və kənd yollarına xeyli ziyan vurub. Ümumilikdə Nabran kəndi ərazisində 216 evə ziyan dəyib. Aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonunun İstisu qəsəbəsində fərdi təsərrüfatlara, əkin sahələrinə və yol infrastrukturuna xeyli ziyan vurub. Təbii fəlakət nəticəsində qəsəbədə 150-dən çox fərdi yaşayış evi ciddi zərər görüb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları və digər aidiyyəti qurumların rəhbər şəxsləri hadisə yerinə gələrək vəziyyətlə yerində tanış olublar. İcra başçısı zərərçəkmiş sakinlərlə görüşüb, görüş zamanı vətəndaşların müraciət, təklif və tövsiyələri dinlənilib, mövcud vəziyyət yerində araşdırılıb. Hazırda xilasetmə və bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, kommunal xidmət işçiləri və yerli icra strukturları birgə fəaliyyət göstərərək suyun çəkilməsi, yolların təmizlənməsi, zərər çəkmiş evlərdə və obyektlərdə ilkin bərpa işlərini aparırlar.