EN

“Mason mafiyası”nın məhkəməsi başlayır – Gizli lojaların dəhşətli qətl sifarişləri üzə çıxdı

“Mason mafiyası” kimi təqdim edilən bu cinayət işi üzrə 22 nəfər müttəhim qismində məhkəmə qarşısına çıxarılıb. Onların arasında mason lojalarının üzvləri, kəşfiyyat xidmətinin əməkdaşları, polis, iri şirkət menecerləri və biznes nümayəndələri var. İttihamlar isə son dərəcə ağırdır. Sifarişli qətl, qətl cəhdi, şantaj, sənaye casusluğu və zorakılıq.

Musavat.com-un xəbərinə əsasən, Fransada qızğın müzakirələrə yol açan bu qalmaqallı işin başlanğıcı demək olar ki, təsadüfi olub.

24 iyul 2020-ci ildə Parisin Kretey şəhərciyində yaşayan bir ata qızını uşaq bağçasına apararkən yaxınlıqda şübhəli avtomobil və içində iki nəfəri yatmış vəziyyətdə görüb. Lakin isti hava olmasına baxmayaraq, onların əlində əlcək olub. Şübhələnən ata polis çağırıb və avtomobildəki şəxslər saxlanılıb. Məlum olub ki, maşının nömrəsi saxtadır və avtomobil bir il əvvəl oğurlanıb. Avtomobilin salonundan isə izləmə qurğuları və 9 millimetrlik tapança tapılıb. Saxlanılanlardan 28 yaşlı Pyer Burden özünü Fransa Xarici Kəşfiyyat Xidmətinin (DGSE) əməkdaşı kimi təqdim edib. Burdenin sözlərinə görə, o və yanındakı 25 yaşlı Karl Eno gizli əməliyyat həyata keçirirdilər və kod adları “Daqomar” və “Abelyar” idi. Onlar guya dövlət tapşırığı ilə “Mossad” üçün işlədiyi iddia edilən Mari-Elen Dini adlı qadını “zərərsizləşdirməli” idilər. 60 yaşlı Mari-Elen Dini isə tamamilə başqa sahədə fəaliyyət göstərirdi. O, iki uşaq anası və peşəkar biznes təlimləri üzrə xidmətlər göstərən sahibkar idi. Polis ona planlaşdırılan sui-qəsd barədə danışanda qadın şoka düşüb.

“Özümü elə hiss edirdim ki, guya Rusiyada hansısa mafiya hekayəsinin içində qalmışam”, – Dini sonradan “Le Monde” qəzetinə deyib.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər həqiqətən də DGSE əməkdaşlarıdır. Lakin onlar xüsusi agent deyil, sadəcə Paris yaxınlığındakı hərbi bazada mühafizə xidməti həyata keçirən sıravi əməkdaşlardır və heç vaxt belə əməliyyatlara cəlb edilməyiblər.

İstintaq nəticəsində üzə çıxan faktlar isə daha şok idi. Məlum oldu ki, qətl sifarişi dövlət strukturlarından deyil, mason lojası ilə əlaqəli biznes şəbəkəsindən gəlib. İstintaqa görə, planın arxasında Parisin Püto şəhərində fəaliyyət göstərən “Athanor” adlı mason lojası ilə bağlı şəxslər dayanır. Bu lojada yüksək mövqedə olan Jan-Lük Baqür Mari-Elen Dinini aradan götürmək istəyirdi. Səbəb isə kəşfiyyat və ya təhlükəsizlik məsələsi deyil, biznes rəqabəti idi. Dinini onun kouçinq biznesinə rəqib hesab edirdi. Baqür bu iş üçün keçmiş jurnalist və təhlükəsizlik şirkətlərinin sahibi Frederik Valyoya 70 min avro ödəyib. Valyo isə işi keçmiş kəşfiyyat zabiti Daniel Bolyoya tapşırıb. Bolyö sifarişi icra etmək üçün mühafizəçi Sebastyan Leruanı və onun vasitəsilə iki gənc DGSE əməkdaşını işə cəlb edib. Sonradan Bolyo etiraf edib ki, “Mossad agenti” hekayəsini özü uydurub.

“Mən hekayəni ona görə düşündüm ki, icraçılar bunun dövlət əməliyyatı olduğuna inansınlar”, – deyə o bildirib.

İstintaq zamanı ortaya çıxan faktlar göstərib ki, bu qrup yalnız bir qətl planı ilə məşğul olmayıb. Onlar 2018-ci ildə məşhur fransız avtoyarışçısı Loran Paskualinin qətlində də iştirak ediblər. Paskuali uzun illər “Porsche” yarışlarında və məşhur “Le-Man 24” yarışında iştirak etmiş pilot idi. O, varlı həyat tərzi sürürdü, lakin böyük borclar yığmışdı. 2018-ci ildə o yoxa çıxdı. Bir il sonra meşədə tapılan insan qalıqlarının DNT analizi onun olduğunu təsdiqlədi. İstintaqa görə, pilotu borc verdiyi pulun qaytarılmamasına görə sifarişlə öldürüblər. Prokurorluq bildirir ki, həmin şəbəkə başqa cinayətlərdə də iştirak edib. Sahibkarlara qarşı sənaye casusluğu, kompüter oğurluqları, şirkət daxilində maliyyə saxtakarlığını üzə çıxaran əməkdaşın avtomobilinin yandırılması, həmkarlar ittifaqı nümayəndəsinə qarşı planlaşdırılan sui-qəsd, müxtəlif zorakı hücumlar şəbəkə rəhbərliyinin maraqları çərçivəsində baş tutub. İstintaqa görə, Daniel Bolyo bu qrupdan gələn təxminən on müxtəlif “tapşırığı” icraçılara ötürüb.

Məhkəmə qarşısına çıxarılan 22 nəfər 30-dan 73 yaşa qədərdir. Onların arasında mason lojalarının üzvləri, Fransa xarici kəşfiyyatının əməkdaşları, polis əməkdaşları, top-menecerlər, təhlükəsizlik işçiləri, həkim və mühəndislər var. Əsas fiqurlar Baqür, Valyo, Bolyo və Lerua sifarişli qətlin təşkilində ittiham olunurlar və ömürlük həbs cəzası ilə üzləşə bilərlər. İş üzrə ən maraqlı məqamlardan biri də Daniel Bolyonun vəziyyətidir. O, 2021-ci ildə həbs olunduqdan sonra kamerada ağır xəsarət almış halda tapılıb. İstintaqa görə, o, intihara cəhd edib. Bolyo komaya düşsə də, sonradan sağ qalıb, lakin yaddaşını qismən itirib. Bu səbəbdən onun məhkəmədə ifadə verib-verməyəcəyi hələ də sual altındadır.

Paris məhkəməsi bu mürəkkəb işi üç ay ərzində araşdıracaq və prosesin iyulun ortalarına qədər davam edəcəyi gözlənilir. Fransada bu iş artıq “mason mafiyası” qalmaqalı kimi tanınır. Çünki ittiham olunan şəxslərin bir qismi eyni mason lojası ilə bağlıdır və cinayət şəbəkəsinin həmin əlaqələr üzərində qurulduğu ehtimal edilir. Fransız mediası isə bu işi ölkədə gizli elitaların, biznes maraqlarının və təhlükəsizlik strukturlarının qaranlıq əlaqələrini üzə çıxaran nadir proseslərdən biri kimi qiymətləndirir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
10
2
musavat.com

10Sources