“Diferensial Tədris: Şagirdlərə Uyğunlaşan Sinif” qrant layihəsi çərçivəsində açılış mərasimi keçirilib.
Layihənin əsas məqsədi məktəbimizdə fərdiləşdirilmiş tədrisin keyfiyyətini artırmaqdır.
Bu məqsədlə 3 nəfər pedaqoji heyət üzvünün 1 ay ərzində Harvard Universitetinin “Differentiated Instruction Made Practical” kursunu uğurla tamamlaması, əldə etdikləri bilikləri bu sahədə təcrübəli mentorun dəstəyi ilə inkişaf etdirməsi və həmin bilikləri 1 ay ərzində hər həftə 1 sessiya olmaqla, ümumilikdə 12 sessiya vasitəsilə digər müəllimlərlə paylaşması nəzərdə tutulur.
Layihə çərçivəsində təqdim olunan Harvard Universitetinin “Differentiated Instruction Made Practical” kursu diferensial tədrisin tətbiqi üçün praktik və sınaqdan keçmiş strategiyalar təqdim edir. Kurs müəllimlərə sinifdə müxtəlif öyrənmə tərzlərinə uyğun metodlardan istifadə etməyi, hər bir şagirdin potensialını üzə çıxarmağı və tədrisi daha inklüziv və effektiv şəkildə təşkil etməyi öyrədir. Nəticə etibarilə məktəbdə fərdiləşdirilmiş və çevik öyrənmə mühiti formalaşacaq, müəllimlərin peşəkar bacarıqları inkişaf edəcək, şagirdlərin akademik nailiyyətləri yüksələcək.
Açılış mərasimində məktəbin direktoru Vəliyeva Zeynəb, direktor müavinləri Xəlilova Xanım, Salahova Təhminə və Quliyeva Könül çıxış edərək layihənin təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Qeyd edək ki, layihə İsmayılova Ayşən Eyyub qızı tərəfindən 166 saylı məktəb-liseydə icra olunur.







