EN

Rusiyadan Odesaya amansız zərbə – 3 ölü, onlarla yaralı və dağılan evlər

Rusiya Silahlı Qüvvələrinin bu gecə — 6 aprel 2026-cı il tarixində Odesa şəhərinə təşkil etdiyi kütləvi dron hücumu dəhşətli faciə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, Odesa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın yaydığı məlumata görə, "Şahid" tipli kamikadze dronun yaşayış binasına çırpılması nəticəsində 3 nəfər həlak olub, ölənlərdən biri azyaşlı uşaqdır. Hücum zamanı daha 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şəhərin yaşayış binalarından birinə dronun birbaşa çırpılması nəticəsində 3-cü mərtəbədən 5-ci mərtəbəyə qədər olan hissə tamamilə dağılıb. Xilasedicilər dağıntılar altından insanların cəsədlərini çıxarıblar.

Bu rayonda yaşayış kompleksi ilə yanaşı, 7 fərdi ev ciddi ziyan görüb. Partlayış dalğası ətrafdakı binaların şüşələrini və dam örtüklərini sıradan çıxarıb.

Sergey Lısakın bildirdiyinə görə, bu rayonda bir çoxmərtəbəli bina, 5 fərdi ev, özəl uşaq bağçası və bir mağaza zədələnib. Ən böyük maddi ziyan isə avtomobil dayanacağına dəyib – burada 27 nəqliyyat vasitəsi tamamilə yanıb və ya yararsız hala düşüb.

 Yaralanan 10 nəfərin arasında 2 yaşlı körpə, həmçinin 17 və 18 yaşlı iki yeniyetmə də var. Onlar hazırda xəstəxanada həkim nəzarətindədirlər.

Hadisə yerlərində dərhal operativ qərargahlar yaradılıb, kommunal xidmətlər və xilasedicilər dağıntıların təmizlənməsi və zərərçəkənlərə yardım göstərilməsi ilə məşğuldurlar.

Ukrayna rəsmiləri bu hücumu mülki əhaliyə qarşı törədilmiş növbəti terror aktı kimi qiymətləndiriblər. Hazırda şəhərdə hava həyəcanı davam edir və yeni dron qruplarının yaxınlaşması barədə xəbərdarlıqlar edilir.

Musavat.com

Chosen
17
musavat.com

1Sources