EN

“Amma yığma indi həm də Ayxan Abbasov üçün oynayır” - Aslan Kərimov

Milli builki ilk oyunlarını keçirdi və bu dəfə bədbin deyilik. Əksinə, Millətlər Liqasında C liqasına yüksələcəyimiz yönündə inam artdı. Sürəti artıraraq davam etməliyik. Bu öz yerində. Bəs, “FİFA Series – 2026” yığmamıza nə qazandırdı? Təbii ki, söhbət təkcə böyükhesablı qələbə rekordundan və kubokdan getmir.

Bu sualla Aslan Kərimova müraciət etdik. Sözü verək təcrübəli mütəxəssisə:

“İstənilən oyun həm də səhvləri üzə çıxarmaq üçün vasitədi. Bu beynəlxalq turnir həm yığmamızın özünəinamını qaytardı, həm də motivasiya verdi. Gördük ki, komanda iddia edildiyi qədər “ölü” deyil. Düzü, Sent Lüsiyaya qarşı oyun haqda danışılası çox söz yoxdu. Səviyyə fərqi aşkar göründü. Lakin Syerra Leone D liqasındakı rəqiblərimizdən – Litva və Lixtenşteyndən, eləcə də bizimkilərdən bir qədər güclü idi. İkinci oyun sözün əsl mənasında effektiv oldu. Baş məşqçi Ayxan Abbasov bu matç sayəsində hansı detalların üzərində daha çox dayanmalı olduğunu gördü. O başqa məsələ ki, hansısa kuboka yiyələnmək ümumi mənzərəni çox dəyişmir. Fikir verənlər gördü ki, Ayxan bəy də sevincdən göyə uçmurdu. Çünki o əsas məqsədin C liqasına yüksəlmək olduğunu bilir. Onsuz da həm bu, həm də qarşıdan gələn toplanış həmin vəzifənin öhdəsindən gəlmək üçün nəzərdə tutulub. Bilirsiz ki, milli komanda tez-tez bir araya gəlmir. Ona görə, hər kiçik məqamın üzərində dayanmaq çətindi. Bu turnirdə keyfiyyətli bir oyun keçirdik. Biz Almaniyanı, ya Niderlandı məğlub edəsi deyilik ki. Gücümüz elə C liqasına yüksəlməyə çatar. Yenə də Ayxan bəy futbolçuları daha yaxından tanıdı və tanımağa davam edir. Ümumiyyətlə, bu təyinatdan sonra yığmadakı əhval-ruhiyyənin dəyişdiyi göz önündədi. Futbolçular əvvəl Azərbaycan və öz ad-sanı üçün oynayırdı. Canni de Byazinin, Fernando Santuşun dövründə daha zəif idik. Amma yığma indi həm də Ayxan Abbasov üçün oynayır. Məsələn, inanmıram ki, Elvin Cəfərquliyevin Fransaya qarşı matçın son dəqiqələrində sürətli qaçışlarla yadda qalması təkcə özünə görə idi. Baş məşqçi amili çox önəmlidi və bu gedişlə D liqasında nəyəsə nail ola bilərik”.

KƏNAN BAHADIR
Chosen
39
50
football-plus.az

10Sources