EN

Bir daha köklük haqqında...


Köklük orqanizmdəki kalori nisbətinin pozulması nəticəsində meydana çıxır. Belə hallarda orqanizmdəki yağ miqdarı artır.
Çəkinin normadan artıq olması heç də həmişə köklük demək deyil. Məsələn, əzələləri yaxşı inkişaf etmiş bir idmançının çəkisi normadan artıq olsa da, bu normaldır. Çünki onun bədənindəki yağ miqdarı normaya uyğundur.
Normal çəkini müxtəlif cür hesablamaq olar. Bunun üçün istifadə olunan üsullardan biri də “boy” üsuludur. Bu üsula görə boyun hündürlüyündən 100 çıxmaqla normal çəki alınır. Məsələn, əgər boyun uzunluğu 170 santimetrdirsə, deməli, bu adam üçün normal çəki 70 kiloqramdır. Lakin bu üsul həmişə özünü doğrultmur. Normal çəkini hesablamaq üçün istifadə edilən daha bir üsul Bədən Çəki İndeksidir (BÇİ). Bu üsulu riyazi şəkildə belə ifadə etmək olar: Boy Çəki İndeksi (BÇİ) = Çəki (kq) / [Boy (m)]2 Əgər BÇİ 18,5-dən kiçikdirsə, çəki normadan az, 18,5-24,9 arasındadırsa, normal, 25-29,9 arasındadırsa, normadan artıqdır. Əgər bu nisbət 30-dan çoxdursa, deməli burada ifrat köklükdən söhbət gedir.
Ümumiyyətlə isə köklük iki cürdür. Bunlardan birincisi android tipli köklükdür. Buna başqa sözlə alma tipli köklük də deyirlər. Bu tipli köklüklərdə yağlar daha çox qarın nahiyəsində yığılır. İkinci tip köklük isə sinoid tipli köklükdür. Buna başqa sözlə armud tipli köklük də deyirlər. Bu tipli köklüklərdə də yağlar daha çox qarından aşağı nahiyələrdə yığılır.
Bəs köklüyə səbəb olan amillər hansılardır? Təbii ki, bunun üçün müxtəlif səbəblər göstərmək olar. Ancaq biz bunlardan bəzilərini sizin diqqətinizə çatdırmaq istəyirik. Köklüyə səbəb olan əsas amillərdən biri fiziki aktivliyin azalmasıdır. Bundan başqa, köklüyə səbəb olan amillər arasında qidalanma vərdişləri, yaş, cins və s. də mövcuddur.
Digər tərəfdən, məlumdur ki, köklük sağlamlıq üçün ciddi təhlükələrə səbəb olur. Bu təhlükələrdən biri və ən birincisi isə xəstəliklərdir. Köklüklə bağlı xəstəliklər arasında əsas yeri şəkər xəstəliyi tutur. Bundan sonra hipertoniya, tac-damar xəstəlikləri, öd daşı, əzələ-oynaq-skelet xəstəlikləri, yuxu pozğunluğu, psixoloji pozğunluqlar, mədə-bağırsaq xəstəlikləri və s. gəlir.
Köklüyə “tutulmaq” üçün yollar müxtəlif olduğu kimi, köklükdən xilas olmaq üçün də yollar müxtəlifdir. Köklükdən xilas olmaq üçün əsas yollardan biri isə pəhrizdir. Ancaq pəhriz saxlayarkən xüsusilə diqqətli olmaq lazımdır. Məsələn, pəhriz zamanı bir cür yeməklə kifayətlənmək olmaz. Digər tərəfdən, az-az və tez-tez yemək lazımdır. Yemək vaxtını keçirmək olmaz. Çörəyi qızardıb yemək heç də onun kalori miqdarını azaltmır. Əksinə tərkibindəki su buxarlandığı üçün toxluq hissi yaratmır və istər-istəməz daha çox yeməyə sövq edir. Çiy meyvə-tərəvəzdən mümkün qədər çox istifadə etmək məsləhətdir. Çünki çiy meyvə-tərəvəzlər toxluq hissi yaratmaqla yanaşı, minimum kaloriyə malik olurlar. Üstəlik, onlar vitamin və minerallarla da zəngindirlər. Pəhriz zamanı çörəyi və yağı kəsmək olmaz. Ən yaxşı halda ağ çörək əvəzinə kəpəkli çörəkdən, qatı yağ əvəzinə duru yağdan istifadə etmək olar. Gündə ən azı 7-8 stəkan su içmək lazımdır. Bundan başqa, yediklərinizi yaxşıca çeynəməlisiniz. Pəhriz zamanı ağır idmanla məşğul olmaq olmaz. Pəhrizlə arıqladıqdan sonra yenidən kökəlmək maddələr mübadiləsini alt-üst etmək deməkdir. Bundan başqa, pəhrizlərdə daha çox toyuq və balıq ətinə üstünlük vermək lazımdır.

Murad Məmmədov
Chosen
11
39
yeniavaz.com

10Sources