EN

Nizami Kino Mərkəzinə qrafiti çəkilməsi Bakının ruhuna hörmətsizlikdir - ŞƏRH

Bakı, 4 aprel, AZƏRTAC

Nizami Kino Mərkəzi kimi paytaxtımızın mədəni simvollarından birinin divarında qrafiti çəkilməsi cəmiyyətdə haqlı narahatlıq doğurur. Həmin hadisə təkcə bir divarın korlanması deyil. Bu, Bakının ruhuna, onun zəngin tarixinə və estetik dəyərlərinə edilən açıq hörmətsizlikdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

Bakı şəhərinin əsrlər boyu formalaşmış özünəməxsus memarlıq üslubu və mədəni irsi ilə seçildiyini qeyd edən deputat deyib: "Son illərdə Bakıda aparılan genişmiqyaslı abadlaşdırma, təmizlik və bərpa işləri nəticəsində şəhər yenidən parlayır. Bakının gözəlliyi və təmizliyi bizim ən böyük dəyərimizdir. Paytaxt mənzərəsi, tarixi arxitekturası və təmizliyi ilə tanınır. Şəhər dünya miqyasında ən təmiz və gözəl paytaxtlardan biri kimi qəbul edilir. Təbii ki, bu, böyük zəhmət və maliyyə məsrəfi nəticəsində əldə olunur. Həmin irs hər birimizin ortaq sərvətidir və onu qorumaq yalnız dövlətin deyil, hər bir vətəndaşın, xüsusilə də gənc nəslin məsuliyyətidir. Tarixi binaların divarlarını lazımsız, yöndəmsiz yazılar və görüntülərlə korlamaq həmin görkəmə, bu reputasiyaya birbaşa zərbədir. Belə vandalizm halları həm də əməyə hörmətsizlik, dövlətin sərf etdiyi vəsaitlərə ziyan vurmaqdır”.

Bu cür halların baş verməsinin, ələlxüsus bunun gənclər tərəfindən edilməsinin böyük narahatlıq və təəssüf doğurduğunu deyən deputat bildirib: “Çox təəssüf ki, yetişən nəslin nümayəndələri sırasında belə gənclərimiz də var. Bu əməli törədən gənclər məsuliyyətsizlik və tərbiyəsizlik nümayiş etdiriblər. Müasir gənclik texnologiya və yaradıcılıq üçün saysız-hesabsız imkanlara malikdir. Bu gün gənclər cəmiyyətin ən dinamik və yaradıcı qüvvəsidir. Onların enerjisi, baxış bucağı və yenilikçi yanaşması ölkəmizin gələcəyini formalaşdırır. Lakin bu yaradıcılıq və fəallıq milli dəyərlərə hörmət çərçivəsində ifadə olunmalıdır. Tarixi və ictimai əhəmiyyət daşıyan məkanlara icazəsiz müdaxilə nə azad ifadədir, nə də müasirlik - bu, məsuliyyətsizlikdir. Gənclərimiz anlamalıdır ki, həqiqi müasirlik öz köklərinə sahib çıxmaqdan keçir. Şəhərin simasını qorumaq, ictimai məkanlara hörmətlə yanaşmaq və ümumi mədəni mühiti zənginləşdirmək hər bir vətəndaşın borcudur.

O əlavə edib ki, yaradıcılıq üçün platformalar mövcuddur və həmin enerji düzgün istiqamətləndirildikdə cəmiyyət üçün böyük dəyər yarada bilər. Bu baxımdan, ictimai məsuliyyət hissinin gücləndirilməsi, gənclər arasında maarifləndirmə işlərinin artırılması və mədəni irsə hörmətin təşviqi istiqamətində vətəndaş cəmiyyətinin bütün sektorları cəlb olunmalıdır. Gənc nəslin tərbiyəsi ilə məşgul olan qurumlarda və ailələrdə kiçik yaşlarından uşaqlara vətənpərvərlik, ictimai mülkiyyətə və başqasının əməyinə hörmət, estetik zövq və məsuliyyət hissi aşılanmasına dair görülən işlərə diqqət artırılmalıdır.

Müxbir - Göyçək Mahmudlu

Chosen
30
14
azertag.az

10Sources