Bakı şəhərinin memarlıq simasında “qara ləkə” kimi qiymətləndirilən və sosial şəbəkələrdə geniş müzakirə olunan Nərimanov rayonundakı bitişik binalar məsələsi rəsmi müstəviyə keçib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin açıqlaması, F.X.Xoyski küçəsindəki bu binaların hələ nazirlik yaranmamışdan əvvəl inşa edildiyini və heç bir istismar aktının olmadığını üzə çıxarıb. “Səbinə” MTK tərəfindən tikilən bu konstruksiyalar təkcə estetik deyil, həm də təhlükəsizlik baxımından ciddi suallar doğurur.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abışov bildirib ki, binalar arasındakı məsafənin bu dərəcədə az olması şəhərsalma normalarının kobud şəkildə pozulmasıdır:“Sözügedən binaların görüntüsü müasir şəhərsalma prinsiplərinə tamamilə ziddir. Normalda binalar arasında yanğın təhlükəsizliyi, günəş işığının düşməsi (insoliyasiya) və seysmik dayanıqlıq üçün müəyyən məsafə (mühafizə zolağı) saxlanılmalıdır. Nərimanov rayonundakı bu tikililərdə isə sanki bir bina digərinin “nəfəsini kəsir”. FHN-in bu binaların nazirlik yaranmazdan əvvəl tikildiyini vurğulaması, həmin dövrdəki nəzarət mexanizminin nə qədər zəif olduğunun sübutudur”.
Onun sözlərinə görə, istismara hazırlıq aktı olmayan binalarda yaşamaq vətəndaşlar üçün gizli təhlükə mənbəyidir: “İstismar aktının rəsmiləşdirilməməsi o deməkdir ki, dövlət həmin binanın təhlükəsizliyinə görə məsuliyyət daşımır. Bir-birinə bu qədər yaxın binalarda hər hansı yanğın hadisəsi baş verərsə, yanğınsöndürən texnikanın əraziyə daxil olması və ya alovun qonşu binaya keçməsinin qarşısını almaq qeyri-mümkün olacaq. Bu, faktiki olaraq “beton tələ” effektidir. 2004-2005-ci illərdəki “tikinti bumu” zamanı yol verilən bu səhvlər bu gün Bakının ən böyük urbanistik problemlərindən biridir”.
Ekspert bildirib ki, bu cür binaların gələcək taleyi ciddi şəkildə araşdırılmalıdır: “FHN-in açıqlaması bir növ xəbərdarlıqdır. Əgər binanın istismara hazırlıq aktı yoxdursa, deməli, onun konstruktiv dayanıqlığı da sual altındadır. Bu cür binalarda mənzil alan vətəndaşlar hüquqi baxımdan da çətinliklərlə üzləşirlər. Çünki çıxarış (kupça) alınması prosesində bu çatışmazlıqlar mütləq qarşıya çıxacaq. Hesab edirəm ki, dövlət komissiyası bu tipli ‘miras’ qalmış binaları yenidən texniki baxışdan keçirməli və risk dərəcəsini müəyyən etməlidir. Şəhərin mərkəzində belə bir mənzərənin olması həm paytaxtın vizual görüntüsünə xələl gətirir, həm də insanların həyatını riskə atır”.
Tunar,
NOCOMMENT.az