EN

Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək -

Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.

Missiya.Az xəbər verir ki, bu barədə Prezidentin sosial media hesabında paylaşım edilib.

"İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, Prezidentin paylaşımı Azərbaycan və fars dillərində olub.

M.Pezeşkian aprelin 3-də "X" sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Azərbaycanın İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlət başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib.

Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib.

Telefon söhbəti zamanı regionda sülhün tezliklə əldə olunmasının zəruriliyi vurğulanıb.

Chosen
18
37
missiya.az

10Sources