EN

Ölkə futbolunun dar günündə sinəsini qabağa verən, ortaya iş qoyan kimlərdir?

"Sumqayıt" son günlər ən çox tənqid olunan klubdur.

Səbəbsiz deyil.

Premyer Liqada işlər yolunda getmir.

10 oyundu "kimyaçılar" qələbənin nə olduğunu bilmir.

"Karvan-Yevlax", "Kəpəz" və "Qəbələ" kimi autsayderlərlə görüşlərdə alınan uğursuz nəticələr avrokuboklar şanslarını faktiki heçə endirdi.

Belədə təkcə futbolçular, məşqçilər günahkar deyil.

Məsuliyyət həm də rəhbərliyin boynundadır.

Bu barədə çox yazıb, çox danışmışam.

Bu dəfə məhz həmin rəhbərliyin xoş işlərindən söz açacam.

Bizim kitabımızda tənqid etməklə bərabər, təqdir etmək də var.

Ölkədə ciddi infrastruktur problemi var.

Klublar oyunlarını keçirməyə meydança tapmır.

Ölkə futbolunun bu dar günündə sinəsini qabağa verən "Sumqayıt" klubudur.

Belə ki, "Turan Tovuz" bu mövsüm ikinci dəfə Sumqayıta möhtac qalıb.

Bölgə klubu qarşıdakı iki görüşünü Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Daha əvvəl "Sumqayıt"la ev oyunu da burada baş tutub.

"Turan" kimi "Araz Naxçıvan" da mövsümdə ikinci dəfə "Sumqayıt"dan imdad diləyib.

Muxtar respublika təmsilçisi qarşıdakı oyunlarını "Kimyaçılar"a məxsus "Socar Polimer Arena"da keçirəcək. Demçenkonun komandası daha əvvəl "Turan Tovuz"la ev oyununu isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Bununla da bitmir.

Azərbaycan millisi növbəti həftə "FİFA Series" çərçivəsində rəqiblərini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək.

Yığmamızın yoxlama görüşü, U-21 millimizin görüşü də adıçəkilən idman qurğusunda baş tutub.

Bu gün "kimyaçılar" 3 təbii meydançanın xərclərini qarşılayır.

Ortada böyük rəqəmlərdən söhbət gedir.

Buna görə "Sumqayıt" rəhbərliyinə təşəkkür düşür.

Sağ əlləri çöllərdə qalan, doğm şəhərindən didərgin düşən klublarımızın başına...

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
33
sportinfo.az

1Sources