EN

Məşhurlardan etiraz: “Bu, vandalizmdir!”

Xəbər verdiyimiz kimi, Nizami Kino Mərkəzi binasının fasadına boya ilə cızma-qara edilməsi, müxtəlif söz və ifadələrin yazılması cəmiyyətdə geniş rezonans doğurub. Məsələyə millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri etiraz edib. Həmçinin mədəniyyət və şou-biznes nümayəndələri arasında da bu hadisəyə sərt reaksiyalar səslənib.

Musavat.com onlardan bir neçəsinin fikirlərini təqdim edir:

Əməkdar artist Dilarə Əliyeva bildirib: “Tarixi binaya qraffiti çəkmək "yaradıcılıq" deyil, məsuliyyətsizlikdir. Nizami Kino Mərkəzi kimi memarlıq nümunəsinin zədələnməsi şəhərin görünüşünə, mədəni irsə zərər vurur. Kinomuzu da, kinomuzun nümayiş olunduğu məkanı da, ümumilikdə mədəniyyətimizi vandalizmdən qoruyaq!”

Müğənni Nigar Camal isə qeyd edib: “Tarixi və mədəni əhəmiyyətə malik Nizami Kino Mərkəzi binasının zədələnməsi qəbuledilməzdir. Şəhərin təmizliyi və gözəlliyi üçün görülən işlər fonunda belə məsuliyyətsiz davranışlar həm şəhərə, həm də cəmiyyətə hörmətsizlikdir!”

Müğənni Ayaz Babayev fikrini belə ifadə edib: “Qraffiti də bir sənətdir və bunu uyğun yerlərdə yüksək səviyyədə edən insanlar var. Amma Bakı səliqəsi, gözəlliyi, təmizliyi və estetikası ilə seçilən şəhərdir. 100 ilə yaxın yaşı olan tarixi Nizami Kino Mərkəzinin divarlarına çəkilən ‘qara-qura’ isə şəhərimizin gözəlliyinə və tarixinə kölgə salan məsuliyyətsizlikdən başqa bir şey deyil. Çox məyus oldum”.

Xalidə Gəray
Musavat.com

Chosen
21
musavat.com

1Sources