EN

Avropada daxili savaş

Qərb-Rusiya arasındakı gərginliyin fonunda Avropa İttifaqının özündə rəhbərlik uğrunda mübarizə iddiaları gündəmə gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı maraqlı məlumat yayıb.

Xəbərə əsasən, Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə aralarında gərginlik olması barədə iddiaları zəiflətməyə çalışıb.

“Politico” bu iki yüksək vəzifəli şəxsin qlobal böhranlara Aİ-nin reaksiyasına kimin rəhbərlik etməsi məsələsində qarşıdurma yaşadığını bildirib.

Kallas Estoniyanın ERR telekanalına müsahibəsində bu iddialara ironik yanaşaraq belə deyib:

“Hər kəs yaxşı bir qalmaqal hekayəsini sevir”.

Bununla belə, o əlavə edib ki, şəxsi münasibətlər baxımından aralarında problem yoxdur.

Qeyd olunur ki, Kallasın vəzifəsi bir neçə institut arasında yerləşir – o, həm Avropa Komissiyasında vitse-prezidentdir, həm də Aİ xarici işlər nazirlərinin görüşlərinə sədrlik edir. Bu isə səlahiyyətlərin üst-üstə düşməsinə və zaman-zaman institusional gərginliklərə səbəb olur.

Məqalədə vurğulanır ki, mübahisə yaradan məsələlərdən biri fon der Lyayenin Komissiya daxilində ayrıca kəşfiyyat bölməsi yaratmaq qərarı olub. Bu addım Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətinin funksiyalarına paralel hesab olunur.

Kallas bu məsələyə toxunaraq bildirib ki, Avropada eyni işlərin təkrar görülməsi düzgün deyil:

“Əgər hansısa iş bir yerdə yaxşı görülürsə, qoy elə orada da qalsın”.

O, institusional gərginliklərin əvvəldən mövcud olduğunu etiraf etsə də, bunu rəqabət deyil, səmərəlilik məsələsi kimi qiymətləndirib.

Kallas müsahibəsində ABŞ prezidenti Donald Trampın NATO ilə bağlı tənqidlərinə də cavab verib. O bildirib ki, NATO-nun Hörmüz boğazında fəaliyyət göstərməməsi ilə bağlı iddialar əsassızdır, çünki Alyansa belə bir müraciət edilməyib.

Aİ rəsmisi əlavə edib ki, bu cür açıqlamalar müttəfiqlər arasında parçalanma yaradır və bundan ən çox Vladimir Putin kimi şəxslər faydalanır.

Musavat.com

Chosen
44
musavat.com

1Sources