EN

Ekspert: Azərbaycanda mina təhlükəsi ilə bağlı maarifləndirmə genişmiqyaslı xarakter alıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanda mina təhlükəsi ilə bağlı maarifləndirmə son illərdə daha sistemli və genişmiqyaslı xarakter alıb. Bu sahədə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin fəallığı nəticəsində əhali arasında məlumatlılıq səviyyəsi xeyli yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli QHT-lərin mina təhlükəsi mövzusunda keçirdiyi ictimai dinləmdə deyib.

O qeyd edib ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə mina riski yüksək olduğundan, bu mövzu ictimai təhlükəsizlik baxımından prioritet istiqamətlərdən birinə çevrilib.

“Bu kontekstdə qeyri-hökumət təşkilatlarının (QHT-lərin) rolu xüsusilə diqqətəlayiqdir. Onlar müxtəlif təlimlər, seminarlar, maarifləndirici kampaniyalar və sosial layihələr vasitəsilə əhalini mina təhlükəsi barədə məlumatlandırırlar. Məktəblərdə keçirilən təlimlər, uşaqlar üçün hazırlanmış vizual materiallar və interaktiv proqramlar bu sahədə effektiv vasitələrdən sayılır. QHT-lər, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək qlobal təcrübəni ölkəyə gətirir və yerli şəraitə uyğunlaşdırırlar.

Media da bu prosesdə mühüm rol oynayır. Televiziya proqramları, sənədli filmlər, xəbər reportajları və sosial media kampaniyaları vasitəsilə mina təhlükəsinin real nəticələri geniş auditoriyaya çatdırılır”, - deyə media eksperti vurğulayıb.

Müşfiq Ələsgərli Azərbaycanın bu sahədə topladığı təcrübənin beynəlxalq səviyyədə də maraq doğurduğunu deyib: “Yerli qurumların hazırladığı maarifləndirmə materialları və metodologiyalar bir çox xarici təşkilatlar tərəfindən istinad kimi istifadə olunur. Bu isə ölkənin mina təhlükəsi ilə mübarizədə regional və qlobal səviyyədə nümunəvi təcrübə formalaşdırdığını göstərir”.

Chosen
34
1
azertag.az

2Sources