EN

İrandan dünyanı mat qoyan taktika Hər kəs bu görüntülərdən danışır

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Texnologiya inkişaf etdikcə, cəmiyyətlər dəyişdikcə müharibələrin forması, “düşmənlə mübarizə üsulları” da yenilənir. Fevralın 28-dən bu yana İran qarşıdurmada sadəcə silahlardan istifadə etmir, sosial şəbəkələr, mətbuat və incəsənət sahəsində də aktiv proses yürüdür. Müharibədə silahlar və strarteji planlarla yanaşı, psixoloji həmlələrin “döyüşü” də xüsusi diqqət çəkir, həmçinin daha ehtiyatlı yanaşma tələb edir.

Bəs bu dəfə hansı üsulları görürük?

Həftə ərzində Tehrana bağlı qüvvələr və SEPAH-la əlaqəli şəxslərin hazırladığı qısa animasiyalar sözügedən istiqamətə ən parlaq nümunə ola bilər. Bu animasiyalarda İranın güclü dirəniş sərgilədiyi və ABŞ-İsrailə qarşı üstünlük qazandığı, düşmən liderlərin qorxduğu göstərilir. Sözügedən animasiyalar İslam coğrafiyası, ABŞ-İsrail birliyinin fəaliyyətini tənqid edən sosial şəbəkə auditoriyasında sürətlə yayılır və bəyənilir. Hətta müharibə ilə bağlı açıqlanan xəbərlərdən daha çox auditoriya bu kimi görsəl “bəyanatlar”a inanmağı seçir. Məsələn, uzun illərdir Türkiyə ilə İran cəmiyyətləri arasında kəskin fikir ayrılıqlarının olmasına baxmayaraq, İsrail amili bu problemi kölgədə qoyub. Sosial şəbəkələrdə ciddi izləyici kütləsi olan səhifələr İranla bağlı animasiyaları xüsusi həssaslıq və “qələbə inamı” ilə təqdim edir, paylaşımlar geniş auditoriyalarda müzakirə edilir, təqdir olunur, dəstək bildirilir, duyğusal bağlantlı qurulur, emosional reaksiya doğurur.

Milliyyət taksikası

Müharibəyə qədər İranda Güney azərbaycanlılara qarşı ayrı-seçkiliyin olduğu, etnik türk bölgəsinin diqqətdən kənarda, kölgədə saxlanıldığı bildirilir, İran rəhbərliyi tənqid edilirdi. Lakin artıq İranda xüsusilə məhz türk əsilli şəxslərin Tehranı dəstəklədiyi, ABŞ və İsrailə lənət oxuduğu qabardılır. Meydanlara çıxıb rejimə dəstək göstərənlər arasında farsların olması heç türklər qədər göz önünə gətirilmir, Azərbaycan türkcəsində “düşmənə lənət, İrana dəstək” çıxışları yayılır, fərqli simalar bu dildə auditoriyaya səslənir, mahnılar bu dildə oxunur.

Musiqi amili

Fars musiqisi, şübhəsiz, dünyanın ən zəngin, zövq oxşayan, ruha toxunan musiqilərindəndir. Poeziyanın, yaşamın, sevginin dili kimi qəbul edilir. Lakin son 48 ildə bu sədalar dini ilahilərlə bütünləşir. Ötən həftələrdə İranda yayımlanan bir dini mərsiyə sosial şəbəkələrdə və dünya mətbuatında böyük maraqla qarşılandı, efirlərdə müzakirə edildi. Məsələn, Tehranda küçədə gənc bir qızın ifa etdiyi zaman polisin fit səsi ilə kəsilən və görüntüləri bütün dünyada trend olan  “Xudahafiz” mahnısı müharibədən öncə İran qadınlarının kədərinin ifadəsi, azadlıq arzusu kimi qəbul edilirdisə, hazırda ümumilikdə hücumlardan əziyyət çəkən İran xalqına qarşı zülmün kədərinin simvolu kimi görülür.

Kütləvi manipulyasiya

Hər nə qədər İranda SEPAH-ın arxasında olduğu ali rəhbərlik və islahatçı hökumət arasında koordinasiya problemi, anlaşmazlıqlar olsa da, xalqın vətənpərlik duyğusu, milli dirəniş iradəsi və uzun illərdir formalaşdırılan düşmən anlayışına qarşı cəsarət ideologiyası bütün problemləri kölgədə qoya bilir.

Həmçinin dünyanın müxtəlif yerlərində yaşayan iranlıların digər xalqlardan fərqli olaraq müharibənin baş verdiyi ölkələrindən qaçmaq yerinə, savaş üçün evlərinə qayıtdıqlarına dair xəbərlərin, görüntülərin kütləvi tirajlanması da təsadüfi deyil.

İran film, musiqi, vətənpərlik, dini duyğular, görsəl metodlar vasitəsilə müəyyən auditoriyaları inandırmağı, emosional tərəfə həmlə etməyi, müasir üsullarla psixoloji kampaniya aparmağı bacarmağın nə qədər zəruri olduğunu bu müharibədə bir daha göstərdi.

Bütün bu metodların tətbiq edilməsi pisdirmi? Xeyr, çünki mübarizə sadəcə savaş meydanında deyil, hər sferadadır. Xalqları ələ almağı bacaranda, müxtəlif üsullarla onları öz tərəfinə çəkib münaqişələrin gedişatını dəyişdirmək heç də qeyri-mümkün deyil. Sadəcə bunun üçün dərin, hər tərəfli hesablanmış, doğru strateji plan qurulmalıdır. 4-5 il əvvələ qədər ABŞ bunu ən yaxşı bacaran ölkə olsa da, hazırda üstünlük Asiya ölkələrinə keçirmiş kimi görünür.

Ayşən Mustafa

Globalinfo.az  

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
globalinfo.az

1Sources