EN

Lənkəran Müasir Peşə Təhsil Mərkəzi 30-a yaxın müəssisə ilə əməkdaşlıq edir

Lənkəran Müasir Peşə Təhsil Mərkəzinin özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə əməkdaşlığı qurulub.

"Report"un Cənub bürosu xəbər verir ki, bunu Lənkəran Müasir Peşə Təhsil Mərkəzinə təşkil olunan infotur çərçivəsində təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O, müəssisənin strateji əhəmiyyət və orada tədris olunan yeni ixtisaslar barəsində məlumat verərək qeyd edib ki, Mərkəz Lənkəran-Astara iqtisadi regionu üçün xüsusi əhəmiyyət kəsb edir:

"Yeni infrastruktur ən müasir ixtisasların tədrisinə imkan yaradır. Mərkəzdə Alternativ enerji və IT texnologiyaları, Müasir sənaye sahələri, Kənd təsərrüfatında "Smart" (ağıllı) texnologiyaları tətbiqi mümkündür. Bu yanaşma həm tələbələrin, həm də yerli fermerlərin peşəkar bacarıqlarını təkmilləşdirməyə xidmət edir. Məqsəd tələbələrin məhsulun əkilməsindən bazara çıxarılmasına qədər olan bütün biznes proseslərində praktik iştirakını təmin etməkdir".

Nazir müavini bu təhsil müəssisəsinin zəruri maddi-texniki baza və infrastrukturla təmin olunduğunu vurğulayıb:

"Yeddi korpusdan ibarət tədris kompleksində kulinariya, əkinçilik, emalatxana laboratoriyaları və istixana, kompüterləşdirilmiş avtotəmir və dəzgah idarəetmə mərkəzləri, hərbi hazırlıq kabineti, 300 nəfərlik akt zalı və zəngin kitabxana yaradılıb. Uzaq rayonlardan gələn tələbələr üçün 53 nəfərlik müasir yataqxana fəaliyyət göstərir".

K.Kərimzadə hazırda müəssisədə 138 əməkdaşın çalışdığını qeyd edib:

"Mərkəz kadr hazırlığı sahəsində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Müəssisədə təhsil ilk peşə, texniki peşə və yüksək texniki peşə pillələri üzrə həyata keçirilir. Bu da məzunların əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi yetişmələrinə təminat verir".

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 25-də Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Chosen
44
far.az

1Sources