EN

Təkbaşına xoşbəxtlik olmur...

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İllər öncə ATV kanalındakı "Günlərin bir günü" adlı müəllif layihəsində Rasim Balayevə həsr olunuş verilişim belə başlanırdı: "Sizi bilmirəm, şəxsən mənə görə Rasim Balayev yaddaşlara hopmuş qəhrəman cizgiləri, yerişi-duruşla bizim gerçək həyatımızın, gündəlik məişətimizin mənzərəsinə uyuşmur, sığmır. Sanki reallıq bir tərəfdədir, Rasim Balayev bir tərəfdə... Ən maraqlısı isə budur ki, onun olduğu tərəfə addım atanda... reallıqdan çıxıb virtuallığa, həyatdan çıxıb kinoya düşürsən..."

Rasim Balayevlə bu müsahibəm günlərin birində səhlənkarlıq ucbatından kanalın yoxa çıxmış zəngin rəqəmsal arxivdən silinsə də, mən qoruyub saxlamışdım. Və doğma "525-ci qəzet"imiz həmin müsahibəni yazmağımı istəyəndə Rasim Balayevlə yenidən üz-üzə əyləşdim. Bu dəfə özü ilə deyil, xatirəsi ilə...

Uşaqlıq xatirələrimdə yenicə qurulmuş nəhəng  Kinostudiya var. Bir də o zamanki direktor Adil İsgəndərovun həmkarları üçün min zülmlə tikdirdiyi 9 mərtəbəli ev... Bu iki binadan başqa, Şamaxı yolunda hələ ki, bircə tikili də yoxdur. Elə buna görə də kinostudiyanın daim çəkiliş gedən pavilyonlarında, həmişə məşğul dublyaj studiyalarında, dolanbac dəhlizlərində ora-bura tələsən yaradıcı insanlar üçün iş və ev arasında sərhədlər pozulub. Onların həyatı elə işləridir, işləri də həyatı...

Kinostudiya ailəvi məkana dönüb. Uşaqlar da meydançadadırlar. Məşhur aktyorlar, rejissorlar bizim "əmimiz", ulduz kimi bərq vuran aktrisalar lazım gəlsə, başımızı qatan dayəmizdirlər...

İldə bir neçə dəfə baş tutan böyük bayramların - möhtəşəm premyeraların parlaq simalarından biri də odur - sevimli Rasim əmimiz...

O zaman ağlıma gələrdimi ki, bir vaxtlar doğma evimiz olan Kinostudiyanın tənəzzül etdiyi bir zamanda işsiz qalıb darıxan Rasim Balayevə ən çətin sualları elə mən özüm verəcəyəm...  

Nəsiminin kinodakı rəsmi

- Belə bir gəlişigözəl ifadə var: "Həyat teatrdır, bütün insanlar aktyor". İndi bunu necə başa düşək? Belə çıxır ki, mən də aktyoram, siz də? Aktyorluq yəni bu qədər asan bir iş imiş?

-  Allah hər insana istedad verir. Bir də qismət, bəxt var. Həyatda hərə öz rolunu oynasa da, hər kəs aktyor ola bilməz. Bu elə bir sənətdir ki, sanki məxsusi onunçün doğulmalısan. Anadangəlmə hissiyyatın, duyumun olmalıdır.

- Cəmi iyirmi dörd yaşındaykən bəxtiniz gətirdi. Bircə filmlə taleyiniz dəyişdi. Sizə başqa bir ad qoydular - Nəsimi! Qismətə baxın, axı Rasim adı "rəsm" sözündən götürülüb. Demək ki, siz, gənc Nəsiminin şəklini yaratdınız... Bəs indi necə, bu yaşda özünüzü Nəsimiyə bənzədirsiniz?

-  Zahirən Nəsimiyə bənzəməyimin hekayəsi filmdən əvvəl başlanıb. Şairin 600 illik yubileyi ərəfəsində rəssamlar arasında müsabiqə elan olunmuşdu. O vaxt mən tələbə idim. Yalan olmasın, 50-60 Nəsimi içindən Xalq rəssamı Mikayıl Abdullayevin təqdim etdiyi portret seçildi. Təbii ki, mən Mikayıl müəllimi tanıyırdım. Amma o portreti işləyəndə məni hələ görməmişdi...

Günlərin bir günü görüşdük. Mikayıl müəllimə dedim: "Bir çoxları elə zənn edir ki, sizin işlədiyiniz Nəsimi portreti mənə çox bənzədiyi üçün bu rola təsdiq olunmuşam. Deyirlər get, Mikayıl müəllimə sağ ol de ki, Nəsimini sənə oxşadıb... 

O zaman Mükayıl Abdullayev də mənə bir sirr açdı: "Vallah, mənə də inanmayanlar var, fikirləşirlər rəssam Nəsimini öz təxəyyülü ilə yaratmayıb, elə Rasimi "kopyalayıb..."

Mənə görə, bu, bir möcüzə idi. Hərdən fikirləşirəm ki, bu gün o film çəkilsə, Nəsimi obrazına qətiyyən uyğun gəlməzdim. Bəlkə bəxtim gətirsə, qocalığını oynayardım, vəssalam. O da bir neçə epizod... Yəni həyatda bəzi dönüşlər bizdən asılı olmayan ilahi qüvvə ilə idarə olunur.

- Nəsiminin bir məşhur qəzəli də var, filmdə gözəl ifa etmisiz.  Sonluğu belədir: "Ol yəqini sən güman etmək dilərsən, etməgil!" Həyatınızda elə yəqinlər olubmu ki, sonradan gümana, şübhəyə dönüb?

- Bəli, olub. Bir vaxtlar inandığım, əmin olduğum çox yəqinlərim vardı ki, yaşlandıqca gördüm yox, elə deyilmiş. Sən demə, hər şey olduğu kimi görünmür. Göründüyü kimi, olmur... Düzünü desəm, xeyli aldanmışam. Böyük sarsıntılar, peşmançılıqlar yaşamışam. Heyif...

Səhərdən axşamacan qəhrəman olmaq mümkün deyil...

- Siz xasiyyətcə necə bir insansınız? Axına qarşı getməyi bacarırsınız? Bunu ona görə soruşuram ki, kinoda canlandırdığınız qəhrəmanalrın əksəriyyəti - Babək, Beyrək, Cavid Əfəndi üsyankar şəxsiyyətlər olub.

-  Xeyr. Mən nə Babəkəm, nə də Beyrək. Amma o rolları oynamaqla özüm də bir insan kimi formalaşmışam axı. Sadaladığınız qəhrəmanların hisslərini canlandırmaq üçün onların yaşadıqlarını içimdən, öz süzgəcimdən keçirmişəm və istər-istəməz obrazlardan hansısa zərrələr içimdə qalır. Bir sözlə, mən onlara şəkil verdiyim kimi, onlar da məni şəkilləndirir...

O ki qaldı suala - üsyankarlıqla aram yoxdur. Bəlkə də qəhrəmanlarımın taleyini kinoda yaşadığıma görə heç vaxt axına qarşı getməmişəm...

Bəzən mənə zarafatca deyirdilər ki, bu nədi, bütün bəşər bu cahana sığdı, sən niyə sığmadın? Sığmazsan, dərini soyarlar, bəs necə?!.

- Adətən tamaşaçı yaxşı filmə baxandan sonra onun təsirində qalır. Maraqlıdır, bəs aktyor necə? Məsələn, siz Babəki canlandırıb hələ bir müddət onun kimi şəstlə gəzirdiniz? Yoxsa obrazdan tez çıxırsınız?

- İş prosesi nə qədər ağır olsa da, çəkilişlər bitəndən sonra adamın içində dərin boşluq yaranır. Sözlə izah eləmək də olmur. Amma o yorğunluq qarışıq sıxıntı aktyor taleyinin bir hissəsidir... Küçədə gəzəndə, bir məclisə gedəndə də hamının nəzərini üzərində hiss edirsən. Babək kimi yeriməsəm də, daha neyləyim, çalışmışam özümü elə aparım ki, obrazı gözdən salmayım. Tutalım, toyda camaat yeyib-içib əylənəndə sakit oturmuşam, gözləmişəm ara qızışsın ki, bəlkə mən də ağzıma bir tikə çörək alım.

- Belə çıxır ki, bu fədakarlıqları bizim üçün etmisiz, illüziyalarımız dağılmasın deyə... Çox sağ olun, Rasim müəllim...

- Axı o vaxtın təsəvvürü başqa idi. Biz uşaq olanda elə bilirdik müəllimlər çörək yemir, müqəddəs insandır. Ona görə də müəllimə heyranlıqla baxırdıq, hər kəlməsindən nəsə öyrənirdik... Mən bilirdim ki, tamaşaçı kinodakı qəhrəmana da elə inanır. Babək kimi sərkərdəni camaatın nəzərində necə adiləşdirə bilərdim?

Özünə bənzəməyəni məhv etmək xainlərin xasiyyətidir

- Qəribəsi budur ki, siz kinoda xain rolları da oynamısınız.  Həm də hər biri parlaq obrazlardır. Bəs görəsən, niyə yaddaşımızda elə Babək kimi qalmısınız?

- Görünür, o rollar Babəkin yanında xırda görünüb. Axı hər kəs qəhraman ola bilmir. Məncə, bu, bir an məsələsidir. Səhər yuxudan durub axşama kimi qəhrəman olmaq mümkün deyil. Cəsarət ekstremal vəziyyətdə qəfil ortaya çıxır. Anlamaq da olmur ki, niyə biri təhlükə zamanı gizləndi, o biri isə düz ölümün üstünə şığıdı. Demək istəyirəm ki, qəhrəmanlıq hər insanın nəsibi deyil.

- Kinodakı qəhrəmanlarınız çox satqınlıqlarla üzləşiblər. Babəki də satdılar, Beyrəyi də... Həyatda da belədir?

- Kinoda da, həyatda da qəhrəmanların ətrafında daim satqınlar dolaşır. Çünki çoxluq, kütlə özünə bənzəməyəni məhv etmək istəyir. Əslində hər insanın içində şeytanla savaş gedir. Adam var ki, mənən güclüdür, iradəlidir, içindəki mübarizədə şərə qalib gəlir. Adam da var şeytan onu bildiyi kimi idarə edir.

- Siz Azərbaycan kinosu tarixində ən şanslı aktyorsunuz. Mən ikinci belə aktyor tanımıram ki, hamının ifa etmək istədiyi, ən zirvədə duran obrazları canlandırmaq qismətinə yazılsın. Adətən uğurlu insan haqqında danışanda "filankəsin həyatı lap kinodakı kimidir" deyirlər. Bəs sizin gerçək ömrünüz necə, kinoya bənzədimi?

- Bir az bənzədi, bir az yox. Çünki həyat kinodan daha uzundur...

- Bəlkə də Hollivudda olsaydınız, əsl biz deyən həyatı yaşayardınız.

- Tək mən yox, bizim nəslin aktyorlarının əksəriyyəti üçün bunu demək olar. Çoxu cavan yaşlarında rəhmətə getdi. Yaradıcılığın ən kamil dövründə dünyadan köçdülər. Elə olurdu ki, çəkiliş meydançasında özümü tək-tənha hiss eləyirdim - hanı Şahmar, hanı Səməndər, hanı Hamlet, hanı Ceyhun?!.

İndi kinoya çəkilən cavanlara deyirəm ki, bu sənətdə istedaddan, qısmətdən, şansdan başqa bir şey də vacibdir - eşq! Eşq olmasa, çox şeyə dözmək olmur.

 - Babək, Koroğlu kimi obrazların yerini müasir kinoda başqaları alıb. İndi biznesmenlərdir əsas qəhrəman. Bir dəfə sizi də bir serialda belə rolda gördük. Bu dövrün qəhrəmanını - həm də bədii filmdə deyil, serialda  canlandırmaq necə bir hissdir?

- Ömrümün 30-35 ilini kamera qarşısında keçirmişəm. Yaşa dolsam da, yenə çəkilmək istəyirəm. Amma hər cəhddə ümidim bir az da azalır. Əvvəllər ssenariyə baxanda yaradacağımız obraz haqqında təsəvvürümüz yaranırdı. Bu gün rejissorlara deyirəm mətnimi verin, cavab verirlər ki, mətn hələ axşam yazılacaq, səhər baxarsız. Bəs mən obrazı nə vaxt tanıyım ki, sonra bunu yaşaya bilim... Bu cür iş bir az "xalturaya" aparır adamı. Mənim də sıtqım sıyrılır, imtina edirəm. Sonra yenə darıxıram...

- Hər dövr yeni qəhrəman tələb edir. Necə bilirsiniz, siz hansı zəmanənin qəhrəmanısınız?

- Bəli, hər dövrün qəhrəmanı olur. Və istərdim ki, kino tarixinin keçmişində qalmayım, ötən illərin xatirəsi olmayım. Müasir kinoda da yerim olsun. Buna gücüm çatar, hiss edirəm...

Amma... mən özüm qəhrəman deyiləm.

Köhnə müsahibəyə sözardı...

Otuz il kamera qarşısında dayanmış Rasim Balayev bir bu qədər də kinodan uzaqda qaldı. Onu yaşadan mühitdən məcburən, zorən ayrılmalı olsa da, bir vaxtlar ideologiyanın əsas silahı sayılıb davamlı istehsalatla məşğul olan, sonradan adamsız, sevgisiz, diqqətsiz qalan Kinostudiyaya sədaqətini sonacan qorudu. Milli kinematoqrafın bayrağını bu xarabalıqlar üzərindən yüksəldən tək-tük rejissorları dəstəklədi, ittifaqın sədri kimi istedadları lazımsız hücumlardan qorumağa çalışdı...

Filmoqrafiyasına 200-dən artıq parlaq obraz yazılmış aktyora "xoşbəxtsən" dedilər. Kino ömrü qalan həyatını məzmunca xeyli üstələyən ustad isə yaşadığı sarsıntılarla - şəxsi nümunəsi, hekayəsi, ömrü və ölümü ilə sübut edə bildi ki, dünyada, həyatda, sənətdə təkbaşına xoşbəxtlik olmur...

Lalə ƏLİYEVA 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
525.az

1Sources