EN

Sülh sazişi- Ermənistan hakimiyyəti üçün mühüm seçki kartı

2026-cı il iyunun 7-nə təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda  siyasi mühit kəskin qütbləşmə və "müttəfiq axtarışı" mərhələsinə qədəm qoyub. Hazırda siyasi mübarizə bir neçə əsas istiqamət üzrə inkişaf etməkdədir. Belə ki, Baş nazir Nikol Paşinyan və onun "Mülki Müqavilə" partiyası seçki kampaniyasını "Real Ermənistan" konsepsiyası üzərində qurur. Məqsəd tarixi iddialardan (məsələn, konstitusiyada Dağlıq Qarabağa istinadlar) imtina edərək, Ermənistanın mövcud beynəlxalq sərhədləri daxilində təhlükəsizliyini təmin etməkdən ibarətdir. Hakimiyyət bu strategiyanı əsasən qorxu faktoru üzərində qurub. Paşinyan seçiciləri xəbərdar edir ki, əgər onun partiyası konstitusion çoxluq qazanmasa, ölkə yeni bir fəlakətli müharibə ilə üzləşə bilər. Bu, cəmiyyətdəki müharibə qorxusundan siyasi dividend toplamaq cəhdi kimi qiymətləndirilir.
Müxalifət düşərgəsi isə əsasən revanşizm və dağınıqlıq kimi  iki cəbhəyə bölünüb. "Köhnə Elita" hesab olunan Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlik etdiyi qüvvələr Paşinyanı milli maraqları satmaqda ittiham edir. Lakin onların daxili reytinqi hələ də aşağıdır və cəmiyyətin böyük hissəsi köhnə sistemə qayıtmaq istəmir. Üçüncü bir istiqamət isə İrəvanın keçmiş merı Hayk Marutyanın "Yeni Güvən" partiyası kimi yeni qüvvələr həm Paşinyandan, həm də köhnə müxalifətdən narazı olan 60%-lik qərarsız seçici kütləsini cəlb etməyə çalışır.
Lakin Ermənistanda seçki mübarizəsi daxili çəkişmələrlə bitmir, burada xarici siyasət və geopolitik amillər də mövcuddur. Siyasi ekspertlərin qənaətinə görə, seçkilər Ermənistanın xarici siyasi vektorunun müəyyənləşməsində həlledici rol oynayacaq. Söhbət Ermənistanda iqtidarda təmsil olunan siyasi qüvvələrdən gedir ki, onların Qərbə meyilliliyi müşahidə olunur. İrəvan ABŞ və Aİ ilə münasibətləri dərinləşdirir. Xüsusilə ABŞ-ın vasitəçiliyi ilə imzalanması gözlənilən sülh sazişi hakimiyyət üçün mühüm seçki kartıdır. Rusiyaya münasibətdə isə hazırda iki ölkə arasında gərginlik davam etməkdədir. Moskva ilə hərbi-siyasi əlaqələr dondurulmuş vəziyyətdədir. Rusiya iqtisadi rıçaqlar (enerji qiymətləri, ticarət məhdudiyyətləri) vasitəsilə seçki prosesinə təsir göstərməyə çalışa bilər. Ermənistanın Rusiya bazarından və enerji resurslarından asılılığı hələ də kritik həddədir, bu da iqtisadi sabotaj riskini artırır.
Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 1-də Rusiyaya işgüzar səfəri də təsadüfi deyil, siyasi məqsəd daşıyır. Səfər çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edildməsi məsələnin zahiri tərəfidir. Məlumdur ki, Paşinyan Moskva ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun şəkildə yenidən qurmaq niyyətindədir. Paşinyanın Rusiya rəhbərliyinə çatdırmaq istədiyi əsas mesajlardan biri Ermənistanın artıq "forpost" deyil, bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməsinin vacibliyidir. Lakin Rusiyanın da öz gündəliyi mövcuddur. Rusiyanın Ermənistan və Azərbaycan arasında yekun sülh müqaviləsinin Moskvada imzalanması, TRİPP layihəsində Rusiyanın iştirakı, Rusiyanın Ermənistandakı hərbi bazalarının fəaliyyətinin davam etdirilməsi kimi iddiaları var. Kreml həm də Cənubi Qafqazda öz geosiyasi mövqelərini qorumaqda maraqlıdır və bu səbəbdən Ermənistanın daxili siyasi proseslərinə müdaxilə etməyə çalışır. Yəni Moskva müxtəlif siyasi qruplarla əlaqə quraraq öz maraqlarını təmin etməyə səy göstərir. Putinin Paşinyanla görüşündə Rusiya pasportu daşıyan şəxslərin parlament seçkilərində iştirakını təmin etmək istəyini səsləndirməsi parlament seçkilərin elə də asan keçməyəcəyinə işarədir. 
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və sülh müqaviləsi ətrafındakı müzakirələr də daxili siyasi çəkişmələrin mərkəzindədir. Bu vəziyyət özlüyündə əsas riks faktoru kimi dəyərləndirlir. Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü konstitusiya dəyişikliyi tələbi Ermənistan daxilində ciddi legitimlik böhranı yaradır. Sorğular göstərir ki, əhalinin təxminən 61%-i heç bir siyasi liderə etibar etmir. Bu, seçki nəticələrinin gözlənilməz olmasına və ya seçkidən sonra kütləvi etirazlara yol aça bilər.
 Nəticə olaraq, 2026-cı il seçkiləri Ermənistan üçün sadəcə hakimiyyət davası deyil, ölkənin dövlətçilik modelinin ("Tarixi Ermənistan" yoxsa "Real Ermənistan") və beynəlxalq oriyentasiyasının seçilməsi olacaq. Hazırkı mənzərə Paşinyanın ehtiyatlı üstünlüyünü göstərsə də, "qərarsız" kütlənin son andakı seçimi və xarici təzyiqlər hər şeyi dəyişə bilər. Göründüyü kimi Ermənistan daxilində mövcud siyasi dinamika nəzərə alındıqda, qarşıdan gələn parlament seçkilərinin kifayət qədər gərgin müstəvidə keçəcəyi gözləniləndir.
Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
15
olaylar.az

1Sources