ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərinin atəşkəs üçün Vaşinqtona müraciət etdiyini bildirib. Onun sözlərinə görə, Tehranın bu istəyi yalnız Hörmüz boğazı açıq, azad və təhlükəsiz olduqda nəzərdən keçirilə bilər. Lakin İran tərəfi bu məlumatı təkzib edib və heç bir müraciətin olunmadığını açıqlayıb.
Tramp blef edir, yoxsa həqiqətən onunla gizli əlaqə qurulub? Müctəba Xameneinin adından Tehrandakı hansısa qüvvələrin belə bir addım atması mümkündürmü?
"Yeni Sabah" xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, atəşkəs iddiaları bir müddətdir tez-tez gündəmə gəlsə də, hələlik dəqiq məlumat və konkret nəticə yoxdur:
“İranla müharibə Trampın gözlədiyi kimi olmadı. Vaxt uzanır, lakin Tehran geri addım atmır. ABŞ isə təkcə hərbi müstəvidə deyil, həm də informasiya cəbhəsində mübarizə aparır. Dövriyyədə sülhə dair xəbərlərin olması həm İran cəmiyyətində sabitliyi pozmaq, həm də Tehran hökumətinin geri addım atdığı barədə təsəvvür yaratmaq məqsədi daşıyır.
Fikrimcə, bu, sadəcə blefdir. Çünki İsrail özü də müharibənin davam etməsini istəyir. Belə bir vəziyyətdə ABŞ geri çəkilə bilməz. Tehran isə məsələni həddindən artıq şəxsiləşdirib. Yəni mövcud vəziyyətə dövlət prizmasından yox, müəyyən dairələrdəki şəxslərin maraqları kontekstində yanaşılır.
Ali rəhbər Müctəba Xameneinin yaralı olduğu deyilir. Yəni onun konkret olaraq sülhə dair tapşırıq verib-vermədiyi bəlli deyil. Sülh danışıqları olsa belə, çətin ki, onun icazəsi olmadan baş tutsun. Ümumiyyətlə, İranın ali rəhbərinin ölümündən sonra orada daxili siyasi idarəetmənin necə formalaşacağı da tam aydın deyil”.
Telegram kanalımız