EN

“Bu addım gənc nəslin vətənpərvər ruhda formalaşmasına xidmət edir” – ŞƏRH

Cəmiyyətin bütün sahələr üzrə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması olduqca vacibdir. Çünki dövlətin inkişafını şərtləndirən ən mühüm amillərdən biri də onun təhsil sektorunu inkişaf etdirməkdir. Müstəqil Azərbaycan dövlətini bugünkü inkişaf səviyyəsinə çatdırmaq üçün bir çox sahələr üzrə mühüm işlər görülür. Onlardan ən əsası təhsil sistemində edilən yeniliklərdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri olduğu üçün bu istiqamətdə qəbul olunan proqramlar sözügedən sektorun inkişafını əhəmiyyətli dərəcədə artırır.

Nəzərə almaq lazımdır ki, bütün dünyada hər zaman yeniliklər, yeni-yeni kəşflər ortaya çıxmaqdadır. Belə bir zamanda inkişafdan geri qalmaq olmaz. Bunun üçün, yəni inkişafdan geri qamamaq üçün isə, sözsüz ki, elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanması istiqamətində ciddi islahatların keçirilməsi hər zaman, daha dəqiq desək, bütün dövrlərdə öz aktuallığını qorumaqdadır. Həmin proqramların hazırlanması istiqamətində nəinki ciddi islahatların keçirilməsi, hətta bu sahənin inkişafının daha da sürətləndiriləsi ən doğru addım sayılır. Məhz bu baxımdan heç də təsadüfi deyil ki, ölkəmizdə bu sahəyə, yəni elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına xüsusi diqqətin ayrılması hər zaman, xüsusən də müstəqilliyimizi yenidən bərpa etdikdən sonra prioritet məsələ hesab ounmaqdadır.

Xalqımızın elmə, təhsilə, maariflənməyə marağı hər zaman olub. Tarixə nəzər saldıqda bu, öz təsdiqini tapır. Belə ki, ölkəmizin ərazisində yerləşən tarixi rəsədxanaların olması, azərbaycanlı alimlərin, elm xadimlərinin çoxlu sayda ixtiraları təsdiq edir ki, öz elmi, təhsili, mədəniyyəti ilə seçilən, bununla da dünyaya nümunə sayılan xalqımız dünya elminə, mədəniyyətinə həm görkəmli elm və mədəniyyət xadimləri, həm də təkrarsız elm-mədəniyyət nümunələri, əsərləri, ixtiraları bəxş edib. Sovet hakimiyyəti dövründə, yəni 70 il ərzində bu sahəyə xüsusi diqqət olmasa da, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının inkişafı ən mühüm məsələ olaraq diqqət mərkəzində saxlanılır və sözügedən proqramların inkişafının daha da sürətləndirilməsi istiqamətində görülən işlər doğru addım olaraq, cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda bu istiqamətdə nailiyyətlərin əldə olunması da məhz görülən işlərin məntiqi nəticəsi kimi qəbul edilməkdədir. Amma dünyada yeniliklərin bir-birinin ardınca ortaya çıxdığı bir zamanda bununla kifayətlənmək olmaz və elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının hazırlanmasına, davamlı şəkildə inkişaf etdirilməsinə diqqət daha da artırılmalıdır.

Əlbəttə ki, elm və təhsil proqramlarının davamlı şəkildə inkişaf etdirilməsi, ilk növbədə, bilik səviyyəsinin artmasına xidmət edir. Həmçinin, həmin proqramlar insanların savadlanmasına, inkişafına öz tövhələrini də verir. Məhz bu baxımdan da cəmiyyətin daha üstün səviyyədə savadlanması, inkişafı, tərəqqisi naminə elm və təhsil proqramlarının hazırlanmasına, təkmilləşdirilməsinə diqqət daha da artırılmalıdır. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, bu gün ölkəmizdə elm və təhsil proqramları, eləcə də cəmiyyətimizin daha da savadlanması, daha dolğun məlumatlara sahib olması üçün əlverişli şərait və kifayət qədər geniş imkankar var. Məsələn, informasiya və geniş məlumatlar əldə edilməsi üçün ölkəmizdə internet şəbəkəsinin olması böyük imkanlar deməkdir. Məhz internet şəbəkəsinin köməyi ilə insanlar daim məlumatlanmaq, geniş və dolğun informasiyalar əldə etmək, eləcə də ötürmək imkanı əldə edirlər ki, bu da hazırda əvəzolunmazdır. Onu da unutmaq lazım deyil ki, təkcə maariflənmək, məlumat əldə etmək üçün deyil, elmimizin, təhsilimizin, mədəniyyətimizin təbliği baxımında da internet şəbəkəsinin əhəmiyyəti danılmazdır və bu gün ölkəmizdə internet resurlarından yararlanmaq üçün geniş imkanlar mövcuddur.

Məhz bu imkanlardan istifadə edərək, yararlanaraq, Azərbaycan tarixindən, ənənələrindən, milli dəyərlərindən tutmuş, qələbəmizin təmin olunmasına, ərazi bütövlüyümüzün bərpa edilməsinə qədər bütün məsələlər barədə informasiyaları Azərbaycan ictimaiyyətinə də, dünya ictimaiyyətinə də davamlı şəkildə çatdırmaq daha məqsədəuyğun hesab olunur. Xüsusilə, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti, mübariz ruhu və bir çox məsələlər barədə maariflənmə işi davamlı şəkildə aparılmalıdır. Bunun üçün məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına, xüsusən də qeyd olunan məsələlərin təbliğinə universitet və orta məktəblərdə xüsusi yer ayrılmalıdır.

Azərbaycanda elmi-kütləvi, mədəni-maarif və təhsil yönümlü proqramların hazırlanması və həyata keçirilməsi təhsil müəssisələrində sistemli şəkildə təşkil olunur. Bu cür təşəbbüslər şagird və tələbələrin dünyagörüşünün formalaşdırılması, onların maarifləndirilməsi və cəmiyyətə faydalı fərd kimi yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ümumtəhsil məktəblərində və kolleclərdə mədəni-maarif tədbirlərinin təşkili üçün əvvəlcədən əlamətdar günləri əhatə edən xüsusi təqvim planı hazırlanır.

Məzahir Məmmədli

“Bu plana uyğun olaraq müxtəlif layihələrin icrasına başlanılır və tədbirlər mərhələli şəkildə həyata keçirilir.
Belə proqramların hazırlanması zamanı cəmiyyətdə nüfuz qazanan tanınmış şəxslərin, yazıçıların və ziyalıların rəyi öyrənilir. Kiçik yaşlı şagirdlər üçün uşaq şairləri, yuxarı siniflər üçün isə tanınmış yazıçı və ictimai xadimlər bu prosesə cəlb olunur. Bu yanaşma şagirdlərin yaş xüsusiyyətlərinə uyğun maarifləndirmə işinin qurulmasına imkan verir”.

Məzahir Məmmədlinin sözlərinə görə, ali təhsil müəssisələrində də bu istiqamətdə ardıcıl işlər görülür.

“Xüsusilə, narkomaniyaya qarşı mübarizə ilə bağlı aidiyyəti qurumlar tərəfindən mütəmadi tədbirlər keçirilir və gənclərin bu zərərli vərdişlərdən uzaq tutulmasına çalışılır. Bu cür tədbirlər kolleclərdə də eyni şəkildə təşkil olunur. Vətənpərvərlik ruhunun aşılanması məqsədilə məktəblərə müharibə görmüş şəxslər dəvət edilir, onların iştirakı ilə görüşlər keçirilir. Eyni zamanda, icra orqanlarının və digər qurumların narkomaniya ilə bağlı apardığı təbliğat işləri gənclər arasında maarifləndirmənin gücləndirilməsində mühüm rol oynayır”.

Beləliklə, təhsil müəssisələrində həyata keçirilən elmi-kütləvi və mədəni-maarif proqramları gənc nəslin həm bilik səviyyəsinin artırılmasına, həm də sağlam və vətənpərvər ruhda formalaşmasına xidmət edir.

Aynurə İsmayıl
KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusuna uyğun olaraq dərc edilir.

Chosen
43
1
konkret.az

2Sources