EN

Elşad Mirbəşiroğlu: Ermənistanla Rusiyanın arasında ciddi narazılıq var və görünən odur ki, Paşinyan Rusiya üçün arzuolunmaz şəxsdir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin aprelin 1-də baş tutan görüşü ikitərəfli münasibətlər və gələcək seçkilər kontekstində diqqət çəkib. Görüş zamanı iki lider arasında Ermənistanın Avropa inteqrasiyası və Rusiya ilə iqtisadi əlaqələri müzakirə olunub. Putin Paşinyandan Rusiya yönümlü qüvvələrin seçkilərdə iştirakına maneə yaradılmamasını istəsə də, Paşinyan konstitusiya çərçivəsində mövqeyini qoruyub. Politoloqlar görüşün seçkiqabağı Ermənistan siyasətindəki gərginliyi əks etdirdiyini və tərəflər arasında açıq fikir mübadiləsinin aparıldığını vurğulayırlar.

Siyasi elmlər doktoru, alim, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyanla Vladimir Putinin aprelin 1-də baş tutan görüşü çox maraqlı idi: “Açığı, mən öz müşahidələrimdə bu xarakterli görüşə hələ rast gəlməmişdim. Yəni Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında açıq mövqe dueli, söz dueli oldu. Putin onu narahat edən məqamları səsləndirirdi, Paşinyan da özü üçün məqbul olan, Ermənistan üçün məqbul olan mövqeləri səsləndirirdi.

Putin bildirdi ki, Ermənistan eyni zamanda Gömrük İttifaqının, Avrasiya İqtisadi İttifaqının və Avropa İttifaqının üzvü ola bilməz. Hətta nümunə gətirdi. Dedi ki, tutaq ki, biz bu gün Ermənistana qazı çox ucuz qiymətə veririk. Səhv etmirəmsə, 177,5 dollar səsləndirdi. Amma Avropa bazarında qazın qiyməti 600 dollardır. Yəni Putin Paşinyana Rusiyadan enerji asılılığının nə dərəcədə ciddi olduğunu vurğuladı.

Eyni zamanda Avropa İttifaqına üzv olmaqdan çəkindirməyə çalışdı. Biz həmişə müşahidə etmişik ki, Rusiya özünə yaxın ölkələrin Avropa İttifaqı ilə inteqrasiyasını məqbul hesab etmir. Ona görə də bu hallarda öz mövqeyini nümayiş etdirir. Paşinyan isə mövqeyindən geri çəkilmədi. O qeyd etdi ki, bunu nə qədər mümkünsə uzlaşdıracağıq. Amma yekun qərarı xalq verəcək. Yəni Avropa İttifaqına üzvlük məsələsi referendum yolu ilə həllini tapacaq. Bununla da Paşinyan bildirmək istəyirdi ki, Ermənistanın Avropa inteqrasiyasından geri durmayacaq. Bunu açıq şəkildə bildirdi”.

“Diqqət çəkən əsas məqamlardan biri, gələcək seçkilərlə bağlı olub. Ermənistanda bir neçə aydan sonra seçkilər baş tutacaq. Seçki ərəfəsində Paşinyanın Rusiyaya səfəri təsadüfi deyil. Çox güman ki, mətbuatda ictimailəşdirməyən məqamlar da olub. Ola bilsin ki, Paşinyan həm Rusiya ilə əlaqələrin Putinin dediyi kimi inkişaf etdiriləcəyinə də söz verib. Bəlkə də bir öhdəlik götürüb. Amma bizim gördüyümüz yenə də bu söz debatı göstərir ki, Ermənistanla Rusiyanın arasında ciddi narazılıq mövcuddur və biz aşkar görürük ki, Paşinyan Rusiya üçün arzuolunmaz şəxsdir.

Putin qeyd etdi ki, Ermənistanda bizim çox dostlarımız var. Açıq şəkildə qeyd etdi ki, Rusiya yönlü insanlar var. Putin heç gizlətmədən söylədi. Paşinyandan da xahiş etdi ki, seçkilərdə Rusiya yönümlü və ya Rusiya ilə əlaqəli şəxslərin və qüvvələrin iştirakına maneə yaradılmamalıdır. Burada Putin Rusiyaya meyilli siyasi partiyaları nəzərdə tuturdu. Yəni aydındır ki, burada Robert Köçəryanı baş nazir postuna namizəd kimi irəli sürən müxalifət bloku nəzərdə tutulur. Biz bilirik ki, Köçəryanla Rusiya arasında kifayət qədər isti münasibətlər mövcuddur. Şübhə yoxdur ki, Putin Köçəryana siyasi dəstək göstərmək istəyindədir və bunu dolayısı ilə Paşinyana çatdırdı. Eyni zamanda dedi ki, həbsdə olanlar da var. Çox güman ki, Rusiya pasportu daşıyan ermənilərdən biridir. Hesab edirəm ki, Samvel Karapetyanı nəzərdə tutur. Yəni Rusiya vətəndaşı olan erməni əsilli biznesmeni nəzərdə tutur. Hazırda həbsdədir. O da son dövrlərdə həbsə qədər Ermənistan siyasi arenasında ciddi fəallıq nümayiş etdirdi. Çox güman ki, Paşinyan onu özünə rəqib kimi gördü və o, həbs olundu. Amma Paşinyan cavabında bildirdi ki, Ermənistan Konstitusiyası ikili vətəndaşı olan şəxslərin deputat, parlament seçkilərində və baş nazir seçkilərində iştirak etməsinə imkan vermir. Yəni Paşinyan bununla Putinin bu xahişini nəzərə almayacağını açıq bildirdi. Həm də hər iki tərəfin səsində gərginlik hiss olunurdu”-deyən Elşad Mirbəşiroğlu hesab edir ki, Ermənistanda seçkilər gərgin keçəcək.

Politoloqun fikrincə, Putinin Paşinyanla görüş zamanı səsləndirdiyi fikirlər bir daha nümayiş etdirdi ki, Putin Ermənistanda alternativ qüvvələrin hakimiyyətdə olmasını istəyir, Paşinyanı isə istəmir. Amma Paşinyan da vurğuladı ki, Ermənistanın daxili işləri Konstitusiya ilə tənzimlənir və Avropa inteqrasiya məsələsində də xalqın iradəsindən asılıdır. Yəni bir növ Putinə, Rusiyanın Ermənistanın daxili işlərinə qarışmamalı olduğunu da ifadə etdi. Tərəflər kifayət qədər açıq, gərgin şəkildə fikirlərini ifadə etdilər. Düşünürəm ki, bu görüş mahiyyət etibarı ilə nə Paşinyanın, nə də Rusiyanın gözləntilərinə cavab vermədi”.

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Ermənistan Rusiyadan kifayət qədər ciddi iqtisadi asılılığa malikdir, xüsusilə enerji daşıyıcıları sahəsində Rusiyadan asılılığı böyükdür: “Avropa İttifaqı hələlik Ermənistanın Rusiyadan tam asılılığını aradan qaldırmaq üçün lazım olan bütün şərtləri təmin edə bilmir. Çünki Avropanın özünün də ciddi problemləri mövcuddur. Amma bir tərəfdən Avropa siyasi cəhətdən Ermənistanı öz cəbhəsinə yaxın çəkə bilib. Bu da bir reallıqdır və Rusiyanı narahat edir. Rusiya tərəfi bu vəziyyətin öz xeyrinə düzəldilməsinin yolunu Ermənistanda hakimiyyət dəyişikliyində görür. Bu baxımdan da iyun ayında baş tutacaq seçkilər gərgin keçəcək. Həm də Putinin əhval-ruhiyyəsindən aydın göründü ki, Rusiya bu seçkilərdə bacardığını edəcək və çalışacaq ki, ən azı Rusiyaya loyal qüvvələr hakimiyyətə gəlsin. Amma təbii ki, Paşinyanı dəstəkləyən ciddi dairələr də mövcuddur”.

Politoloq hesab edir ki, Ermənistan siyasi arenasında seçki ilə yanaşı, Qərblə Rusiya arasında ciddi bir əzələ mübarizəsi müşahidə ediləcək.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
50
icma.az

10Sources