EN

Rövşən Tağıyev: Təhlükəsizlik kəməri sürücünün həyatını xilas edib

Aprelin 1-i saat 06:00 radələrində “Bentley” markalı avtomobil Bakı–Quba yolunda hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı dəmir mühəccərlərə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev AZƏRTAC-a bildirib ki, ilkin ehtimala görə, hadisəyə səbəb nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub. Belə ki, idarəetmədən çıxan avtomobil dəfələrlə aşaraq təxminən 500 metr məsafədə sürüklənib. Belə ağır hadisələr zamanı təhlükəsizlik kəməri istifadə olmadıqda sürücü və ya sərnişinlər zərbənin təsiri ilə ya avtomobildən kənara atılır, ya nəqliyyat vasitəsinin altında qalır, ya da salon daxilində sükan, şüşə və digər sərt hissələrə çırpılır ki, bu da əksər hallarda ölümlə nəticələnir. Həmin hadisədə isə təhlükəsizlik kəməri qoruyucu rolu oynayaraq sürücünü oturacaqda sabit saxlayıb və onun həyatını xilas edib. Ona görə də təhlükəsizlik kəmərindən istifadə etmək və bunu nəqliyyat vasitəsində əyləşən hər kəsdən tələb etmək sadəcə qayda deyil, bu, sükan arxasında olanın öz həyatına, ailəsinə və yaxınlarına verdiyi dəyərin göstəricisidir.

“Bir daha sürücülərə və sərnişinlərə müraciət edirik ki, sükan arxasına əyləşən kimi dərhal təhlükəsizlik kəmərini taxmaq lazımdır. Qısa məsafə, aşağı sürət və ya “heç nə olmaz” düşüncəsi heç kimi qaydalara riayət etməkdən uzaqlaşdırmalıdır, çünki qaydalara riayət etmək həyatı xilas edir”, - deyə idarə rəsmisi vurğulayıb.

Chosen
24
13
yeniazerbaycan.com

10Sources