EN

Mirça Luçesku Rumıniya millisindən getdi – Rəsmi – ARENA.AZ

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçesku ilə əməkdaşlığa rəsmən xitam verildiyini açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Xatırladaq ki, Luçesku futbol tarixində milli komandanı meydana çıxarmış ən yaşlı baş məşqçidir.

Mirça Luçesku 2024-cü ilin avqustunda Runıniya yığması ilə 2 illik – müddəti 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

Təcrübəli mütəxəssis daha öncə də Rumıniya yığmasına rəhbərlik edib. Rumıniyalı çalışdırıcı 1981-1986-cı illər aralığında ölkəsinin millisinin baş məşqçi vəzifəsində işləyib.

2023-cü ilin noyabr ayında Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını və məşqçilik karyerasına xitam verdiyini açıqlamışdı. Lakin qısa istirahətdən sonra təcrübəli mütəxəssis sevimli işinə davam etmək qərarına gəlmişdi.

Luçesku üçün “Dinamo” məşqçilik karyerasında ikinci Ukrayna klubu olub. Luçesku bundan əvvəl Ukraynada 2004-2016-cı illərdə Donetsk “Şaxtyor”unu da uğurla çalışdırıb.

Rumın mütəxəssis zəngin məşqçilik karyerası ərzində Türkiyə milli komandasına da rəhbərlik edib. O, Buxarest “Dinamo”sunu, “Piza”nı, “Breşiya”nı, “Recina”nı, Buxarest “Rapid”ini, Milan “İnter”ini, Sankt-Peterburq “Zenit”ini, “Qalatasaray”ı, “Beşiktaş”ı da çalışdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
19
13
arena.az

10Sources