EN

Bakıya dost ölkədə KRİTİK 10 gün

Seçkilərdə müxalifət qalib gəlsə bu, Macarıstanın Azərbaycanla bağlı mövqeyinə necə təsir edəcək?

Aprelin 12-də Macarıstanda parlament seçkiləri keçiriləcək. Macarıstandakı seçki prosesi dünyanın diqqət mərkəzindədir. Məsələ ondadır ki, baş nazir Viktor Orbanın müstəqil siyasət yeritməsi, Avropa İttifaqının bir sıra qərarlarına veto qoyması Brüsseli qane etmir.
O da məlumdur ki, Orban hökuməti hər zaman Avropa İttifaqında Azərbaycanın maraqlarını qoruyub. Macarıstan zaman-zaman öz veto hüququndan istifadə edərək Aİ-də Azərbaycan əleyhinə qərarları bloklayıb. Məsələn, 2023-cü ildə Aİ-nin Ermənistan ordusuna 10 milyon avro yardım edilməsi qərarına Macarıstan veto qoyub. Həmin il Qarabağda keçirilən antiterror əməliyyatlarını Aİ bəyanatı ilə pisləmək istədi, amma Macarıstan buna imkan vermədi. Bundan başqa, Orban 2010-cu ildə baş nazir olandan sonra 2012-ci ildə Ramil Səfərov Azərbaycana ekstradisiya edildi.
Bir sözlə, seçkilərdə müxalifət qalib gəlsə bu, iki ölkə arasında münasibətlərə, Macarıstanın Azərbaycanla bağlı mövqeyinə necə təsir edəcək?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a dedi ki, Viktor Orbanın vəziyyəti hazırda gərgindir:

“O, 16 illik hakimiyyəti dövründə ən ciddi sınaq qarşısındadır. 2024-cü ildən Orbanın keçmiş müttəfiqi, Tisza Partiyası sürətlə yüksək reytinq qazanmağa başlayıb. Demək olar ki, bu partiya artıq Orbanın əsas rəqibinə çevrilib. İndiki hakimiyyətin səhvləri üzərində təbliğat-təşviqat kampaniyasını təşkil edib. Yeni lider Magyar korrupsiyaya qarşı mübarizə, məhkəmə müstəqilliyi və Avropa Birliyi ilə münasibətlərin bərpasını vəd edir. Bu, gənclər və şəhər seçiciləri arasında xüsusilə rəğbətlə qarşılanır. Macarıstanda son illərdə baş verən inflyasiya, iqtisadi durğunluq və Avropa Birliyinin maliyyə cəzaları Orbanın partiyasının reytinqini aşağı salıb. Üstəlik, Avropa Birliyi Macarıstanın indiki rəhbərliyinə qarşı mənfi münasibətdədir və bu mediada da əks olunur. Bununla belə ölkədəki seçki sistemi hakim partiyanın maraqlarına uyğundur və onun qələbəsini təmin etməyə kömək edir. Orbanı dəstəkləyənlər də çoxdur. Son vaxtlar Rusiya-Ukrayna cəbhəsindəki vəziyyət, xüsusilə Birləşmiş Ştatların mövqeyi Orbanın əlini gücləndirən faktlar siyahısındadır”.

mutellim

Partiya sədrinin sözlərinə görə, son müstəqil sorğular heç də vəziyyətin Orbanın partiyasının xeyirinə olmadığını göstərir:

“Bununla belə mövqeyini müəyyən etməmiş seçicilərin sayı da kifayət qədər çoxdur. Onlar ümumi seçicilərin 20-26 faizini təşkil edir. Avropa Birliyinə yaxın mənbələrdən verilən proqnozlarda Peter Magyarın baş nazir olma ehtimalı 65%, Orbanın baş nazir olma ehtimalı isə 36% qiymətləndirilir. Hökumətyönlü qurumların keçirdiyi sorğularda isə hakim partiyanın seçicilərin səsinin 50 faizini alacağı göstərilir. Orbanın qalib gəlməsi mümkündür, amma çox çətindir. Seçki mexanizmi ona 3-6% fərqlə belə çoxluq qazanmağa imkan verə bilər. Macarıstanda 12 aprel parlament seçkilərini tarixi seçki adlandırırlar. Bu seçkilər 2010-cu ildən bəri davam edən Orban erasının sonu ola bilər. TisZanın yüksəlişi göstərir ki, cəmiyyətdə əyişiklik tələbatı böyükdür. Xüsusilə gənclər bunu daha çox istəyir. Amma Orbanın nəzarətində olan sistem və qərarsız seçicilər nəticəni hələ də qeyri-müəyyən saxlayır.

Əgər Orban qalib gəlsə, Macarıstanın Avropa Birliyi ilə qarşıdurması davam edəcək. Belə bir kampaniya aparılır ki, Tisza qalib gəlsə, ölkə Avropaya “qayıdacaq”, korrupsiya ilə mübarizə güclənəcək və Brüssel ilə münasibətlər normallaşacaq. Ona görə də biz Avropa Birliyindən və bir sıra üzv dövlətlərdən müxalifətin xeyrinə təbliğatla rastlaşırıq. Avropa Birliyi onun daxilində olan, lakin vahidliyinə kölgə salan, Birliklə daimi olaraq fikir ayrılığı yaşayan Macarıstanın varlığına son qoymaq istəyir. Bu seçki təkcə Macarıstan üçün deyil, bütün Avropa üçün əhəmiyyətlidir. 10 gün sonra nəticələr bəlli olacaq. İndiki sorğulara görə, dəyişiklik ehtimalı var. Seçkilərin taleyini müxalifətin birləşib-birləşməməsi, Magyarın yüksəliş tempinin davam etməsi, seçicilərin seçkilərdə iştirak səviyyəsi həll edəcək.

Macarıstanın mövqeyi Avropa İttifaqının siyasəti ilə uyğun gəlməsə də kifayət qədər ədalətli olması ilə seçilir. Biz bunu Qarabağ məsələsinə münasibətdə də görmüşük. Görünür, indi Avropaya ədalətdən daha çox maraqları önəmlidir. Ona görə də Macarıstanda hakimiyyətin dəyişməsi Avropa İttifaqının prioritetinə çevrilib”.

Cavanşir ABBASLI
Musavat.com

Chosen
47
musavat.com

1Sources