EN

Aprel döyüşləri "mümkün deyil" deyilən reallığı dəyişdi - Sahib Alıyev

2016-cı ilin Aprel döyüşləri Azərbaycan tarixində xalqın iradəsini və ordunun gücünü nümayiş etdirən mühüm səhifələrdən biri kimi yadda qaldı. Cəbhə xəttində qazanılan uğurlar cəmiyyətin milli birliyini daha da möhkəmləndirdi, şəhidlərin qəhrəmanlığı isə vətənpərvərlik ruhunun simvoluna çevrildi.

Milli Məclisin deputatı Sahib Alıyev QHT.az-a açıqlamasında 2016-cı il aprelin 2-də başlanan döyüşlərin Azərbaycan üçün mühüm strateji və siyasi əhəmiyyət daşıdığını bildirib.

Deputatın sözlərinə görə, həmin dövrdə qazanılan hərbi uğur miqyas baxımından böyük görünməsə də, onun yaratdığı siyasi nəticələr olduqca önəmli idi. Sahib Alıyev bildirib ki, bu qələbə uzun illər dəyişməz kimi təqdim edilən status-kvonun sındırılması və mövcud reallığın dəyişdirilə biləcəyinin nümayişi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

S.Alıyevin sözlərinə görə, Aprel döyüşləri nəticəsiz danışıqlar prosesinə alternativin mövcud olduğunu ortaya qoydu. O qeyd edib ki, Azərbaycan həmin vaxt həm diplomatik, həm də hərbi müstəvidə qətiyyət nümayiş etdirərək öz mövqeyini açıq şəkildə sərgilədi.

Deputat vurğulayıb ki, bir sıra dövlətlər, xüsusilə də ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri problemin hərbi yolla həllinin mümkün olmadığını dəfələrlə bəyan etsələr də, Azərbaycan bunun əksini sübut etdi. Onun fikrincə, “Azərbaycan 2016-cı ilin aprelində ortaya əzm qoydu və göstərdi ki, xeyr, mümkündür!"

Sahib Alıyev əlavə edib ki, sonrakı illərdə torpaqların işğaldan tam azad olunması və Qarabağda mövcud olmuş separatçı rejimin özünü buraxması məhz həmin dövrdə ortaya qoyulan qətiyyətin davamı idi.

Deputatın sözlərinə görə, “Torpaqlarımızın işğaldan tam qurtarılmasını və sonrakı prosesləri məhz o ‘mümkün’ mümkün etdi".

Fatimə Nəbiyeva

Chosen
33
qht.az

1Sources