EN

1 aylıq hərbi əməliyyatlar və 93 milyonluq İranın mənəvi-ideoloji potensialı fonunda 10 milyonluq İsrailin gələcəyi necə görünür?..-ARAŞDIRMA

“İranla münaqişələrdən çəkinin və onunla münasibətləri 1960-cı illər səviyyəsinə qaytarmağa çalışın. Əks təqdirdə III Dünya müharibəsi başlaya bilər...” - Zbiqnev Bjezinskinin “Böyük şahmat lövhəsi” kitabında ABŞ liderlərinə məsləhəti
 
“Hazırda ABŞ-ni məsihçi çətə idarə edir. İran İslam Cümhuriyyətinin bəxti iki məsələdə gətirdi. Məsihçilər və onların qruplaşmasına daxil olan fırıldaqçılar həm tələsirlər, həm də qeyri-adi dərəcədə axmaqdırlar...”  
 
“İsrailin baş naziri Benyamin Netanyahu da proseslərdən kənarda qalmaq istəmirdi. Əvvəla, İsrail dövləti müharibələri dayandıran kimi onu yenidən korrupsiya işi üzrə məhkəməyə çağıracaqdılar. İkincisi isə, bu adamın bəlkə də ən böyük arzusu tarixi hadisələrin həlledici fiquru olmaq idi...”   
 
 “İran dövləti ABŞ və İsrail ilə müharibəyə çox ciddi və əsaslı surətdə hazırlaşıb. İranın hərbi və mülki strukturlarının hərəkətlərində, demək olar ki, qüsur yoxdur. Döyüş əməliyyatları səbirlə və planlı şəkildə həyata keçirilir...”
 
“İsraili regionun ağasına və başqa ölkələrin istismarı hesabına “özünü təmin edən” dövlətə çevirmək planları alt-üst olacaq…İsrail dövləti və lobbisinin ABŞ siyasətinə təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq…”
 
Dünyanın və Azərbaycanın əksər şərhçi və analitikləri ABŞ/İsrail-İran savaşı fonunda yalnız 93 milyondan çox əhalisi, 1,65 milyonluq nəhəng ərazisi olan İranı nə gözlədiyindən danışırlar. Ancaq İrandan az qala 10 dəfə az əhalisi, az qala 80 dəfə cılız ərazisi olan İsraili bu müharibədən sonra gözləyən taledən danışan, demək olar ki, yoxdur... 
 
Artıq bir aydan çoxdur davam edən savaş göstərdi ki, istər ABŞ lideri Donald Tramp, istərsə də İsrail baş naziri Benyamin Netanyahu İran barədəki hesablamalarında çox güman ki, yanlışlığa yol veriblər. Çünki istər dini-siyasi, istərsə də hərbi liderləri yox etməklə İrandakı teokratik rejimi qısa müddətə çökürtmək planının iflasa uğradığı göz qabağındadır... 
 
Lap tutaq ki, məsələn, aprelin 9-dək İran rejimi çökdü və Tehranda bir marionet hakimiyyət quruldu. Ondan sonra qısa müddətdə ölkədə sabitlik yaratmaq, o nəhəng ərazidə dağlara, səhralara yayılmış “SEPAH”ın, eləcə də müxtəlif radikal dini və etnik silahlı qrupların tör-töküntülərini, ən əsası, Xomeyninin, Xameneinin milyonlarla fanatlarını zərərsizləşdirmək, nəhayət, normal bir dünyəvi hökumət qurmaq mümkün olacaqmı?..  Həm İranın özündə, həm də yaxın xarici ölkələrdə, hətta Avropa və ABŞ-da belə, yatmış radikal şiə hücrələri oyandıqda nələr baş verəcək? “Hizbullah”, “Ənsərullah” kimi proksi-qüvvələr tam zərərsizləşdiriləcəkmi? Bütün bunlar isə bəlkə də on illərlə ilk növbədə İsrail üçün təhlükə kəsb edəcək. 
 
Digər tərəfdən, bəzi məlumatlara görə, İranın Təl-Əviv, Xayfa, Arad, Dimona və s. iri şəhərlərdə törətdiyi, hökumət tərəfindən gizlədilən kütləvi insan itkiləri və dağıntılar fonunda Netanyahu hakimiyyətinə qarşı etirazların güclənməsi ilə yanaşı, artıq xeyli yəhudi İsraili tərk etmək qərarı verib. 
Bütün bu deyilənlər fonunda İsrailin gələcəyini necə təsəvvür etmək olar?..
Tanınmış tədqiqatçı Araz Şəhrili mövzu ilə bağlı  Moderator.az-a “İran qalib gəldikdən sonra İsraili nələr gözləyəcək?..” başlıqlı aşağıdakı araşdırmanı təqdim edib:
 
“Birmənalı olaraq vurğulayaq ki, İran İslam Cümhuriyyəti süquta uğramayacaq. Bunun səbəblərini sadalayaq:
 
1. Sovet tarixçisi və etnoloqu Lev Qumilyovun (1912-1992) təbirilə desək, İran xalqının əksəriyyəti və ən passionar hissəsi İslam dövlətini dəstəkləyir.
 
2. İran dövləti ABŞ və İsrail ilə müharibəyə çox ciddi və əsaslı surətdə hazırlaşıb. İranın hərbi və mülki strukturlarının hərəkətlərində, demək olar ki, qüsur yoxdur. Döyüş əməliyyatları səbirlə və planlı şəkildə həyata keçirilir.
 
3. İran İslam Cümhuriyyətinin dövlət və hərbi xadimləri zərrə qədər də qorxu və həyəcan göstərmədən, gözlərini belə, qırpmadan ölümün ağuşuna, odun-alovun içinə atılırlar. Bu isə ordu və mülki əhalinin döyüş ruhunu və əzmkarlığını getdikcə daha da yüksəldir.
 
4. İrana qarşı elan olunmamış savaşı aparanlar ABŞ və İsrail tarixinin bəlkə də ən savadsız, naşı, məntiqsiz siyasətçiləri və hərbçiləridir. Bu adamlar həm planlaşdırma, həm də döyüş əməliyyatları zamanı mümkün olan bütün səhvləri edirlər.
 
5. ABŞ, Böyük Britaniya, Avropanın həqiqi demokratik qüvvələri bu müharibənin əleyhinədirlər. Onlar İranın zəifləməsini və parçalanmasını istəmirlər... 
 
Aşağıdakı müəyyən əlamətlər bariz şəkildə onu göstərir ki, Donald Tramp ikinci dəfə prezident seçilənədək ABŞ-nin dövlət strategiyasında İran İslam Cümhuriyyətini məhv etmək kimi bir məqsəd olmayıb:
 
- İran dövlətinin ən zəif dövrlərində belə, ABŞ bu ölkəyə hücum etməyib. ABŞ qlobalistlərinin ən görkəmli nümayəndələrindən biri olmuş yəhudi əsilli Zbiqnev Bjezinski (1928-2017) “Böyük şahmat lövhəsi” kitabında ABŞ liderlərinə belə bir məsləhət verib: “İranla münaqişələrdən çəkinin və onunla münasibətləri 1960-cı illər səviyyəsinə qaytarmağa çalışın. Əks təqdirdə III Dünya müharibəsi başlaya bilər...”
 
- 1979-cu ildən 2025-ci ilədək İran müxalifəti üçün vahid liderin yetişdirilib ortaya çıxarılması istiqamətində heç bir ciddi iş görülməyib. Yalnız Donald Trampın ikinci prezidentliyi dövründə ABŞ-İsrail cütlüyü “uğursuz şahzadə” Rza Pəhləvini dünya ictimaiyyətinə və İran cəmiyyətinə “müxalifətin vahid lideri” kimi sırımağa çalışdı.
 
Bir məsələni də qeyd edək. 2021-ci il avqustun 31-də ABŞ öz ordusunu Əfqanıstandan çıxardı. Bunu etməsəydi, İran indikindən qat-qat çətin vəziyyətə düşə bilərdi. Həmin faktın özü də onu göstərir ki, ən azı, 2025-ci ilin yanvarınadək ABŞ-nin İranla müharibə planı olmayıb...
 
- Böyük Britaniya və Avropa dövlətləri, xüsusilə Fransa, İtaliya, Almaniya, İspaniya və Polşa ABŞ-İsrail cütlüyünün İrana qarşı istilaçı müharibəsini dəstəkləmir...
 
Haşiyə: 
 
“ABŞ hansı ölkəni vuracaq: İranı, yoxsa?..” başlıqlı, 27 yanvar 2026-cı il tarixli məqaləmizdən bir hissəyə nəzər salaq: 
 
“Əldə olan məlumatlar ona dəlalət edir ki, ABŞ-nin xarici siyasətinə iki qruplaşma daha ciddi təsir göstərir:
 
1) Qlobalistlər... 
Bəri başdan vurğulayaq ki, qlobalistlər Rusiya Federasiyasını ABŞ-nin əsas rəqibi kimi görürlər və məhz bu baxışı xarici siyasətdə özləri üçün çıxış nöqtəsi hesab edirlər. Onların İrana mənfi münasibətinin əsas səbəbi İslam Cümhuriyyətinin Rusiya ilə əməkdaşlıq etməsidir. Beləliklə, həlledici söz qlobalistlərə məxsusdursa, yalnız bir ssenari reallaşacaq:
 
- Münaqişə güc nümayişi ilə də yekunlaşacaq. Aydın olacaq ki, ABŞ-də iki qruplaşma arasında şiddətli mübarizə gedir. Donanmanı məsihçilər göndəriblər, atəş açmağı isə qlobalistlər qadağan ediblər.
 
2) Məsihçilər... 
 
Onlar üçün prioritet məsələ İsrailin təhlükəsizliyidir. Çünki yalnız bu amil İsa Məsihin gəlişinin ilk vacib əlamətini - dünyada yaşayan bütün yəhudilərin İsrailə yığılması kimi təzahürü ortaya çıxara bilər. ABŞ-nin xarici siyasətilə bağlı qərarı məsihçilər verirsə, iki variantımız qalır:
 
- Heç nəyə baxmayaraq, “bəlkə alındı” ümidilə İranı vuracaqlar. Məqsəd isə yalnız Rza Pəhləvini hakimiyyət başına gətirmək olacaq. Amma bu dəfə prezident kimi… Həmin ehtimal barədə daha geniş məlumat əvvəlki yazılarımızdadır.
 
- Zərbə Yəməndəki “Ənsarullah” hərəkatına endiriləcək. Ardınca Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr Sənanı və digər şəhərləri ələ keçirməyə çalışacaqlar. Bir sözlə, Suriya əməliyyatı bir qədər başqa formatda Yəməndə təkrarlanacaq...
 
Lakin onu da qeyd edək ki, Şimali Yəməndə vəziyyət ABŞ və müttəfiqləri üçün o qədər də əlverişli deyil. Suriyadan fərqli olaraq, Şimali Yəmən əhalisinin çoxu öz rəhbərinə nifrət etmir, əksinə, ona sadiqdir. Şimali yəmənlilər dünyanın ən cəsur və döyüşkən xalqlarından biridir. Bu günədək, demək olar ki, heç bir qüvvə müharibə meydanında onlara qalib gələ bilməyib...
 
Səudiyyə Ərəbistanının son aylarda fəallığının artması, müxtəlif ölkələrdən çoxlu silah alması, Birləşmiş Ərəb Əmirlikləri və İsrailin Yəməndə dəstəklədiyi qüvvələri darmadağın edib Cənubi Yəməni birləşdirməsi dolayısı ilə bu ehtimalı gücləndirir..”
 
Bu yazının qələmə alınmasından düz iki ay sonra ABŞ-İsrail cütlüyü ən uğursuz “bəlkə də alındı” variantını seçdi. Həmin qərar eyni zamanda onu da göstərdi ki, hazırda ABŞ-ni məsihçi çətə idarə edir. İran İslam Cümhuriyyətinin bəxti iki məsələdə gətirdi. Məsihçilər və onların qruplaşmasına daxil olan fırıldaqçılar həm tələsirlər, həm də qeyri-adi dərəcədə axmaqdırlar...  
 
Məntiqlə onlar əvvəlcə İranın müttəfiqini - Şimali Yəməni məğlub etməli, ardınca Livanda “Hizbullah”ın axırına çıxmalı, bütün bunlardan sonra İranın üstünə getməli idilər. Livan mərhələsini çıxmaq şərtilə əməliyyatın birinci və üçüncü mərhələlərində İsrailin iştirakına yol verməli deyildilər. Bir sözlə, birinci körfəz savaşının dispozisiyası təkrarlanmalı idi. Bu halda Səudiyyə Ərəbistanını, hələ bəlkə Misiri də müharibəyə cəlb edə bilərdilər. 
 
Lakin qeyd etdiyimiz kimi, onlar çox tələsirdilər. Məsihçilər çalışırdılar ki, İsa Məsihin zühurunu tezləşdirsinlər. Onların çətəsindəki fırıldaqçılar isə İranın zəngin sərvətlərini ələ keçirmək üçün alışıb-yanırdılar. Eyni zamanda, İsrailin baş naziri Benyamin Netanyahu da proseslərdən kənarda qalmaq istəmirdi. Əvvəla, İsrail dövləti müharibələri dayandıran kimi onu yenidən korrupsiya işi üzrə məhkəməyə çağıracaqdılar. İkincisi isə, bu adamın bəlkə də ən böyük arzusu tarixi hadisələrin həlledici fiquru olmaq idi...  
 
Beləliklə, “epik axmaqlığa” çevrilmiş ABŞ, İsrail - İran müharibəsinin sonluğunun yalnız iki ssenarisi var:
 
1. Savaş heç-heçə ilə bitəcək. Bunun baş verməsi üçün əvvəlcə ABŞ birtərəfli qaydada müharibədən çıxmalı, sonra İsrail Livan və İran üzərinə hücumlarını dayandırmalı, bunun ardınca isə İran, Yəmən, İraq və Livan atəşkəsə getməlidir. Ancaq bu mümkün deyil. Çünki təzminat ödənilənədək şiələr İsraildən əl çəkməyəcəklər. Düzdür, belə bir ehtimal da var ki, ABŞ təzminat məsələsini körfəz ölkələrinin üzərinə qoyacaq. Oma görə də bu variantı tam istisna etmirik. Sözügedən ssenari özü də, əslində, ABŞ və İsrailin faktiki, lakin pərdələnmiş məğlubiyyətini nəzərdə tutur...
 
2. İran İslam Respublikası qalib gələcək. 
 
Bu variantda isə ABŞ İranın bütün şərtlərini qəbul etməlidir. Belə bir şəraitdə İsraili aşağıdakılar gözləyəcək:
 
- İsrailin İran nefti və qazı ilə bağlı bütün xəyalları puç olacaq.
 
- İsrail Livan torpaqlarırına iddialarından əl çəkəcək.
 
- Qəzza məsələsi sülh yolu ilə həll ediləcək.
 
- Fələstin dövlətinin tanınması prosesi sürətlənəcək. Bugün BMT üzvü olan 193 dövlətdən 157-si Fələstini müstəqil dövlət kimi tanıyır...
 
- İsrailin İran ətrafındakı ölkələrə, xüsusilə körfəz dövlətlərinə təsiri sıfır səviyyəsinə enəcək…
 
-  Avropa, Asiya və Afrika qitələrinin kəsişmə nöqtəsində yerləşən İsrail dövlətini bölgənin əsas tranzit mərkəzinə çevirmək üçün bu günədək görülən bütün işlər batacaq, layihələr kənara atılacaq… 
 
- İsrailin böyük ümidlər bəslədiyi “İbrahim sazişi” duman kimi əriyib yoxa çıxacaq…
 
- İsraili regionun ağasına və başqa ölkələrin istismarı hesabına “özünü təmin edən” dövlətə çevirmək planları alt-üst olacaq…
 
- İsrail dövləti və lobbisinin ABŞ siyasətinə təsir imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq…
 
- İsraildəki ABŞ hərbi bazaları və hərbçilərinin sayı xeyli artırılacaq. Bu isə o deməkdir ki, İsrail sözün əsl mənasında ABŞ-nin Yaxın Şərqdəki qarnizonuna çevriləcək. Belə olduqda, İsrail dövləti müstəqil xarici siyasət yürütmək imkanlarının bir hissəsini itirəcək... 
 
- İsrailin ultra-sionist hökuməti və partiyaları iflasa uğrayacaq…
 
- Müharibədən sonra İsraildən köç edənlərin sayı artacaq. Eyni vaxtda Rusiya-Ukrayna müharibəsi də yekunlaşsa, bu ölkələrdən olan yəhudilərin əksəriyyəti İsraili tərk edib geri qayıdacaqlar. 
 
- Ola bilsin ki, İsraildə hakimiyyət başına mötədil sionistlər və ərəblərə mülayim yanaşan qüvvələr gələcək. Düzdür, hazırda onlar İsrail əhalisinin ən çoxu 25-30 faizini təşkil edirlər. Lakin məğlubiyyətdən sonra vəziyyət dəyişə bilər…
 
- İsraildə hakimiyyətə liberal qüvvələr gəlməsələr, İran və onun müttəfiqlərindən nəfsini çəkməyə məcbur qalan İsrail dövlətinin növbəti hədəfi Misirin Sinay yarımadası və Suriya olacaq. Bu isə Türkiyə Cümhuriyyəti, Suriya Ərəb Cümhuriyyəti, Misir Ərəb Cümhuriyyəti, Səudiyyə Ərəbistanı Məlikliyi və Pakistan İslam Cümhuriyyəti arasında hərbi ittifaqın yaranmasına gətirib çıxaracaq. Yeri gəlmişkən, Suriya torpaqlarının bir hissəsi bugün də İsrailin işğalı atındadır. Fürsət yaranan kimi İsrail ordusu Suriya dövlətinin hərbi hissələrini bombalayır. Beləliklə, gələcək müharibə üçün artıq zəmin də mövcuddur...
 
Müəllif: tədqiqatçı Araz Şəhrili"
 
Təqdim etdi: Sultan Laçın
 
 
Chosen
19
1
moderator.az

2Sources