EN

Mənim də obyektimi məcburi köçkünlər tutub MÜSAHİBƏ

ain.az, Modern.az portalına istinadən məlumat yayır.

Arzuxan Əlizadə: "Deputat müraciətlərinə cavablar çox vaxt qaneedici deyil""Cəmiyyət də, hakimiyyət də bağışlamağı bacarmalıdır""Əvvəl problemləri Fazil Mustafaya deyirdim, indi özüm həll etməyə çalışıram"Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)  sədri Arzuxan Əlizadə Modern.az-a geniş müsahibə verib:

-    Arzuxan müəllim, 2 ilə yaxındır ki, deputatsınız. Bu müddət bəzilərinə çox, bəzilərinə az gəlir. Siz nə deyə bilərsiniz?

-    Vaxt sürətlə keçir. Gündəlik görüşlər, tədbirlər istər-istəməz vaxtı tezləşdirir. Geriyə baxanda elə bilirəm ki, 5-6 ay keçib.

-    Milli Məclisdə İnsan hüquqları kimi önəmli komitənin sədr müavinisiniz. Son günlər bu komitədə süni intellektlə bağlı ciddi məsələlər müzakirə olunur. Sizcə, bu sahəyə aid ayrıca bir qanunun hazırlanmasına ehtiyac varmı?

-    Süni intellekt və yeni texnologiyalardan bu gün bütün sahələrdə istifadə olunur. Bu, bütün cəmiyyət üçün yenilikdir. Hesab edirəm ki, süni intellektlə bağlı qanun layihələri qəbul ediləcək. Süni intellektdən bəzi şəxslər qarayaxma kampaniyaları üçün istifadə edirlər ki, bu da cəmiyyətdə ciddi problemlər yarada bilir.

-    İlk dəfə Milli Məclisdə təmsil olunmağınıza baxmayaraq, komitənin sədr müavini statusuna maliksiniz...

-    Bu, məsuliyyətli məsələdir. Komitənin sədr müavini olmaq faktiki olaraq statusuna görə parlament rəhbərliyində təmsil olunmaq deməkdir. 2019-cu ildə Milli İstiqlal Partiyası tərəfindən təşəbbüslə şəxsən çıxış edərək 20-yə yaxın partiya sədrini tədbirimizə dəvət etmişdik. Müzakirələrin gedişində bildirmişdim ki, Azərbaycanda uzun müddətdir çoxpartiyalı sistem mövcuddur və hər partiyanın hadisələrə yanaşması fərqlidir.

Təklif etdim ki, hər birimizin ortaq təkliflərini birləşdirib hakimiyyətə və cəmiyyətə təqdim edək. Təşəbbüs dəstəkləndi, lakin sonradan problemlər yarandı. Ölkədə istisnasız bütün partiya sədrləri ilə görüşdük və sonda 4 partiya ilə birlikdə 8 səhifəlik “Siyasi islahatlar paketi” adlı sənəd qəbul etdik. Orada bir çox məsələlər əksini tapmışdı. Təkliflərdən biri də parlamentdə azlıq təşkil edən partiyaların Milli Məclis rəhbərliyində təmsil olunması ilə bağlı idi.

2020-ci ildə Azərbaycan Prezidentinin məsələyə dair mövqeyi sərgiləndi və həmin ildən başlayaraq parlamentdə təmsil olunan azlıqların rəhbərlikdə təmsil olunması rəsmiləşdi. Bu, sevindirici haldır.

-    Sizin müxalif partiya təmsilçisi kimi komitə sədrinin müavini seçilməyiniz deputatlar arasında necə qarşılandı? 

-    Münasibət normal oldu. Komitələrdə təmsil olunmağımızda müəyyən qədər seçim imkanı var idi. Mən özüm hüquqşünasam. Hüquq siyasəti və dövlət quruculuğu komitəsində təmsil oluna bilərdim, amma gördüm ki, sədr müavini olaraq İnsan hüquqları komitəsində təmsil olunmaq daha məqsədəuyğundur. Ona görə bu komitəni seçdim.

-    Müxalif partiyanın sədri olaraq Milli Məclisdə təmsil olunmaq çətindirmi? Ümumiyyətlə, partiyanızın mövqeyini tam sərgiləyə bildiyinizi düşünürsünüzmü?

-    Çalışıram, əlbəttə. Amma bəzən müəyyən məsələlərdə fərqli yanaşmalar olur. Ən azından mövcud reallıqları nəzərə alaraq, mövqeləri uzlaşdırmağa çalışıram ki, problem yaranmasın. Milli İstiqlal Partiyası qeydiyyata alındığı ilk gündən ta indiyədək fikir ayrılıqları olub, amma sonda qəbul edilən qərarlara hamı tabe olur. Bu ənənəni hər zaman qoruyub saxlamışıq.

-    Arzuxan müəllim, sizin parlamentdə təkliflərinizi tez-tez eşidirik. Bəs tənqidlər necə? 1 il 6 ayda hansı qurumları tənqid etdiniz, hansılar sizin müraciətlərinizə, şikayətlərinizə adekvat yanaşmadı?

-    Müxtəlif qurumlara müraciətlərimiz olur. Dərhal cavab verənlər də olur, ümumiyyətlə cavab verməyən qurum yoxdur. Amma problemin həll olunub-olunmaması ciddi məsələdir. Bir çox hallarda qurumların deputatlara cavabı qaneedici deyil. Mən Sabunçu rayonunun 4 qəsəbəsini təmsil edirəm. Güclü yağışlar yağdıqda görürük ki, kanalizasiya sistemi, sənədsiz evlərlə bağlı ciddi problemlər var. Zamanında qurumların biganəliyi səbəbindən neft olan bölgələrdə də evlər tikilib. Yağış yağarkən evlərə neftli su ilə dolur. Sakinlər də başa düşür ki, evlər sənədsizdir, sığortalanmayıb. Bizə müraciət etmişdilər ki, Balaxanı neft şirkətinin bilavasitə istismar etdiyi arxlar təmizlənsin ki, evləri gələcəkdə neftli sular basmasın. Mən Balaxanı neft şirkətinə müraciət etdim. Çox maraqlıdır ki, hətta nazirliklərə müraciət zamanı dərhal cavab verilir. “Balaxanı Operating Company”nin prezidenti isə telefon zənglərinə, mesajlara cavab vermədi. Müavinləri ilə əlaqə saxladım, biri dedi ki, "mən də onu az-az görürəm", təəccübləndim. Digər müavini isə dedi ki, əlaqələndirəcək, amma ondan da xəbər çıxmadı.

-    Təmsil etdiyiniz 27 saylı Sabunçu ikinci seçki dairəsinə məxsus bölgələrin əsas problemləri nələrdir?

-    Yollarla bağlı ciddi problemlər var. Balaxanı, Sabunçu, Ramana qəsəbələri Bakının, bəlkə də Azərbaycanın ən qədim qəsəbələridir. Önəmli ərazilərdir, amma təəssüflər olsun ki, hələ də ciddi problemlər qalmaqdadır. Həmin bölgələrin turizm imkanları da var. Həm qədim yaşayış əraziləri, həm də Bakı neftinin ilk çıxarıldığı yerlər olması turistlərin diqqətini çəkə bilər. Bu sahələrdə işlərin görülməsinə ehtiyac var.

Bu gün Balaxanı qəsəbəsinin əsas giriş yolu həm avtomobillər, həm də marşrut xətləri üçün bərbad vəziyyətdədir. Bu il iki dəfə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etsəm də, imtina cavabı gəlib. İcra hakimiyyəti də məsələ qaldırıb, bunun üçün dövlət proqramının hazırlanması gözlənilir. Eyni problem Ramanada da var. Artıq həmin agentliyin rəhbərliyi də dəyişilib, ümid edirik ki, məsələyə daha doğru yanaşma olacaq.

Sabunçu və Ramana qəsəbələrində qəbiristanlıqlarla bağlı ciddi problemlər var. Qəbiristanlıqlar dolub. Balaxanı neft şirkətinə məxsus boş ərazi var ki, həmin ərazi qəbiristanlıq kimi istifadə oluna bilər, amma istifadəyə verilmir. İşıqlandırma ilə bağlı da problemlərimiz var və bunu aradan qaldırmaq üçün özəl şirkətlərlə əməkdaşlıq yaratmağa çalışırıq.

-    Bu problemlərin uzun müddət həll olunmamasının səbəbini nədə görürsünüz? Məmurları günahlandıraq, yoxsa həmin ərazilərin bərpasına maraq yoxdur?

-    Maraq var. Bəzi rayonlarda icra başçıları ilə bağlı problemlər olur. Lakin Sabunçu rayonunun icra başçısı Adil müəllim hər zaman müraciətlərimizə açıqdır və problemləri birgə həlli yollarını müzakirə edirik. Amma bir sıra hallarda problemlərin həlli yerli idarəetmənin səlahiyyətləri və imkanları xaricində olur. Bu səbəbdən də mərkəzi qurumların rəhbərlərinə müraciət etmək məcburiyyətində qalırıq.

Bəzən obyektiv səbəblərdən problemlərin qısa zamanda həlli mümkün olmur. Məsələn, təkcə Sabunçunun deyil, bütün Bakının əsas problemlərindən biri kanalizasiya sistemidir. Bəzi məmurların etinasızlığı, məsuliyyətsizliyi və problemləri görməzdən gəlməsi isə bu problemlərin yığılıb qalmasına səbəb olur. Bununla belə, biz gənc dövlətik və bəzi məsələlərin həlli üçün zamana ehtiyac var.

-    Sizin Sabunçunun icra başçısı Adil Vəliyevlə münasibətləriniz necədir? Deputat seçiləndə sizi təbrik etdimi, hazırda koordinasiyalı işləyə bilirsinizmi?

-    Məni ilk təbrik edən şəxs elə icra başçısı oldu. Seçki ərəfəsində də müəyyən təmaslarımız olmuşdu.Özüm də Sabunçu rayonunda doğulub-böyümüşəm. Rayonun mühiti və problemləri mənə yaxındır. 15 il ərzində, üç çağırış Bakıxanov bələdiyyəsində Hüquq komissiyasının sədri olmuşam. Bu ərazidə çoxlu dostlarım, tələbə yoldaşlarım, qohumlarım yaşayır. Bu baxımdan seçki prosesi mənim üçün olduqca rahat keçdi.

Sonrakı dövrdə də təmaslarımız davam edib. Rayon səviyyəli tədbirlərə dəvət olunuram, həmin tədbirlərdə görüşürük. Özü də bildirir ki, qapısı həmişə üzümüzə açıqdır. Mən də heç vaxt əsassız müraciət etməmişəm. Yalnız konkret və İcra hakimiyyətinin səlahiyyətinə aid məsələlərlə bağlı müraciətlər etmişəm.

-    Sizdən əvvəl bu seçki dairəsinin deputatları Əliabbas Salahzadə və Dilarə Cəbrayılova olub. Seçicilərinizlə görüşlərdə yəqin ki, onların fəaliyyəti haqqında da danışılır. Həmin deputatlarla sizin münasibətiniz necə olub, həm əvvəl seçici, həm də indi deputat kimi?

-    Əliabbas müəllimlə əvvəldən qiyabi tanışlığımız olub. Atası Qalib Salahzadə Sabunçunun keçmiş deputatıdır, onunla da müəyyən təmaslarımız olub. Mənim yaşadığım bölgə 26 saylı Sabunçu birinci seçki dairəsinə aiddir, oranın deputatı isə Fazil Mustafadır. Hətta alternativ də olmuşuq, lakin bu, münasibətlərimizə xələl gətirməyib. Hərəkat dövründən münasibətlərimiz olub, Bakı Dövlət Universitetində qrup yoldaşı olmuşuq, bu baxımdan problemlərimiz də yaranmayıb.

Hətta dairə ərazisində problemlərlə bağlı Fazil bəyə müraciətlər də etmişəm. Deputat seçiləndə də məni təbrik etdi, həmçinin mən də Fazil bəyi təbrik etdim. Bakının digər deputatları ilə, Eldar müəllimlə də təmaslarımız olub. Əvvəllər Sabunçu rayonu ərazisində 3 dairə var idisə, indi 4 dairə var. Yeni seçilən deputatlardan biri də Azər Allahverənovdur. Onunla da münasibətimiz istidir. Azər müəllimin deputat olduğu ərazidə mənim yaxın qohumlarım yaşayır. Onlar da mütəmadi olaraq müəyyən problemləri qaldırırlar, Azər Allahverənov isə problemlərə həssas yanaşır.

-     Digər dairələrdə yaşayan qohumlarınızın problemlərini özünüz həll edirsiniz, yoxsa Fazil Mustafa, Azər Allahverənov, Eldar Quliyevə müraciətləriniz olur?

-     Öz dairəmdə olmayan yaxın qohumlarımla yanaşı, onlara yaxın olan, digər məhəllədə yaşayan sakinlər də problemlərini bildirir, görüşmək istədiklərini deyirlər. Dərhal görüş təşkil edirik, çalışırıq problemləri həll edə bilək. Əslində kiminsə problemini həll etmək insana rahatlıq verir. Kiminsə problemini həll edə bilməyəndə, insanın çiynindəki yük artır. Mənim telefonum günün 24 saatı açıqdır, kim zəng etsə, cavab verirəm.

-     Bildirdiniz ki, sizin yaşadığınız ərazinin deputatı Fazil Mustafadır. Bəs bu dairədə qarşılaşdığınız problemləri necə həll edirsiniz? Fazil Mustafaya yenə müraciətə ehtiyac qalır, yoxsa özünüz birbaşa müdaxilə edə bilirsiniz?

-     Deputat seçilməzdən əvvəl yaşadığımız ərazidə söküntü işləri ilə bağlı sakinlərin problemi var idi, Fazil Mustafaya bununla bağlı müraciət etmişəm. Fazil bəy hər zaman əlçatan olub. İndi isə həll edə biləcəyim məsələ olanda özüm həll edirəm.

Bu yaxınlarda yaşadığım ərazidə 50 ilə yaxındır əkilən qovaq ağaclarının hündürlüyü 5 mərtəbəni keçmişdi. Yağış və qar yağandan sonra ağacların yıxılması halları oldu, avtomobillərə ziyan dəydi. Təxminən 1 ilə yaxın müddətdə müxtəlif icra orqanları ilə əlaqə saxlayaraq problemi həll etdim. Təkcə özüçün deyil, tanışlarımın da problemləri olanda mənə müraciət edirlər, dairəm olmasa da həll etməyə çalışıram.

-     Bu, Fazil Mustafanın xətrinə dəymir?

-     Yox, əlbəttə. Mən də onun yerində olsam incimərəm. Deputatın adını çəkmək istəmirəm, amma bu yaxınlarda Bakıda mənə aid olmayan dairədə yaşayan qazi ailəsi ərizə ilə mənə müraciət etmişdi. Həmin dairədən olan deputatın da adını çəkib demişdilər ki, müraciət etmişik, amma cavab yoxdur.

Mən dərhal reaksiya verdim. Bilirdim ki, bu məsələ onun səlahiyyət dairəsində deyil. Əks halda, o diqqətli deputatdır. Hətta onun özünün xəbəri olmadan məsələni həll etdim, çalışdım ki, həmin deputatın adı başqa yerdə hallanmasın.

-    Belə bir fikir var ki, Bakı mühitində böyüməyən biri o bölgəni təmsil edə bilmir. Siz bununla bağlı nə düşünürsünüz?

-     Mən Bakı mühitində böyümüşəm deyə belə bir problem yaşamamışam.

-     Bakı həm də 90-cı illərdə məcburi köçkünlərə qucaq açan şəhər olub. Burada müxtəlif bölgələrdən olan insanlar yaşayır. Hazırda Sabunçuda yaşayan məcburi köçkünlərin vəziyyəti necədir, yurdlarına qayıdanlar varmı?

-    Proses davam edir. Bəzi məsələlərlə bağlı narazılıqlar da var. Məsələn, bir sıra şəxsi evlər vaxtilə məcburi köçkünlər tərəfindən zəbt olunub və məhkəmələr də onların lehinə qərar çıxarıb. Zaman-zaman bu problemlər də həllini tapır.

Yataqxanalarda yaşayan insanlar artıq köçürülür. Bakıda yaşayan məcburi köçkünlər Qarabağda şərait və məşğulluq məsələləri tam həll olunduqdan sonra tam şəkildə köç edəcəklər.

1990-cı illərin əvvəllərində biznes fəaliyyəti ilə məşğul olduğum dövrdə 150 kvadratmetr sahəm var idi. Üç  məcburi köçkün ailəsi mənim xəbərim olmadan orada məskunlaşmışdı. Sonradan bunu öyrənəndə heç bir irad bildirmədim. Bu günə qədər də həmin ərazidə məcburi köçkünlər yaşayır.

-     Onların doğma yurdlarına köç etməsi ilə bağlı məsələlər nə yerdədir, maraqlanırsınızmı?

-    Maraqlanıram. Ümid edirik ki, hər kəs qayıtsın, öz dədə-baba yurdlarında yaşasın.

-    Sabunçuda insanların siyasi baxışları necədir? Sədri olduğunuz partiyanın bu bölgədə üzvləri varmı?

-    Sabunçu rayon təşkilatımız var və vaxtilə ən fəal təşkilatlardan biri olub. Bu gün gənclərin siyasətə yanaşması bir qədər fərqlidir. Əvvəllər siyasi partiyada təmsil olunmaq aktivliyin göstəricisi idisə, indi daha çox şəxsi perspektivlər ön plana çıxır. Buna baxmayaraq, gənclərlə əlaqələrimiz davam edir və hər zaman çalışmışıq ki, onlar qanunsuz əməllərdən və zərərli vərdişlərdən uzaq olsunlar. Partiyada da bu istiqamətdə sağlam mühit formalaşdırılıb.

Eyni zamanda etiraz aksiyaları ilə bağlı bəzi hallarda qanunsuzluqların şahidi olmuşuq. İfadə azadlığı ayrı məsələdir, amma bu proseslərdə iştirak etdiyinə görə həbs olunan gənclər də olub. Təəssüf ki, onların bir çoxu sonradan taleyin ümidinə buraxılıb. Halbuki aralarında cəmiyyət üçün faydalı ola biləcək, perspektivli gənclər var idi. Onların “qaralanması”, gələcək fəaliyyət imkanlarının məhdudlaşdırılması düzgün yanaşma deyil. Hər kəs səhv edə bilər və bu səhvlər bağışlanmalıdır. Cəmiyyət də, hakimiyyət də bağışlamağı bacarmalıdır. Əks halda bu, gəncin taleyini məhv etmək deməkdir. Biz də çalışmışıq ki, gənclərimizi qoruyaq. Kim başqa yol seçmək istəyibsə, ona da mane olmamışıq.

-    Sabunçunun adı tez-tez zərərli vərdişlər və cinayət halları ilə hallanır. Bu problemlər seçicilər tərəfindən qaldırılırmı?

-    Təəssüf ki, belə problemlər var. Hətta məktəblilərin arasında da bu hallara rast gəlindiyi barədə siqnallar alırıq, xüsusilə Bakı kəndlərində. Bu məsələ əvvəllər də olub və hələ də qalmaqdadır.

Bu istiqamətdə müəyyən dəstək göstərməyə çalışırıq. Məsələn, oğlumun dostlarının yaratdığı reabilitasiya mərkəzi fəaliyyət göstərir. Sabunçuda da belə mərkəz olub, amma hazırda Bakıxanovda fəaliyyət davam edir. Bir neçə gəncin həmin mərkəzdə reabilitasiyasına dəstək olmuşam. Bu proses həm həssas, həm də maddi baxımdan çətin olsa da, nəticədə həmin gənclər cəmiyyətə qayıda biliblər.

Bununla yanaşı, yerli qurumlarla idman infrastrukturunun inkişafı məsələsini müzakirə edirik. Məqsəd gəncləri idmana cəlb etmək və zərərli vərdişlərdən uzaq tutmaqdır.

-    Bu sahədə Gənclər və İdman Nazirliyinin rolu necədir?

-    Vaxtilə regionlarda Olimpiya idman kompleksləri tikildi, amma onların hamısı effektiv istifadə olunmur. Bir çox yerlərdə bu obyektlər tam gücü ilə fəaliyyət göstərmir.

Sabunçuda da eyni vəziyyət müşahidə olunur. Məsələn, Zabratdakı kompleks əvvəl çox fəal idi, indi isə əvvəlki aktivlik yoxdur. Ümumiyyətlə, Bakı qəsəbələrində bu sahədə problemlər qalır və burada nazirliyin üzərinə ciddi məsuliyyət düşür.

Müsbət nümunələr də var. Bakıxanovda Gənclər Evi fəaliyyət göstərir. Amma eyni zamanda anlaşılmaz qərarlar da olub – məsələn, Bakıxanov Mədəniyyət Sarayının sökülməsi düzgün addım deyildi.

-    Təhsil sahəsində vəziyyəti necə qiymətləndirirsiniz?

-    Müəllim peşəsinin nüfuzu qorunmalıdır. Son illərdə bu sahədə mənfi tendensiya müşahidə olunur. Maaşlar artsa da, hələ də kifayət deyil və bu, keyfiyyətə təsir edir. Nəticədə məktəblərdə kişi müəllimlərin sayı azalıb.

Hesab edirəm ki, bu balans bərpa olunmalıdır. Qadın müəllimlərin rolu böyükdür, amma kişi müəllimlərin də olması uşaqların inkişafı üçün vacibdir.

Orta məktəblərdə təhsilin səviyyəsi hər yerdə istənilən kimi deyil və bunun nəticəsində repetitor institutu Azərbaycanda artıq oturuşmuş bir sistemə çevrilib. Faktiki olaraq repetitor yanına getməyən uşaqların ali məktəbə qəbul imkanları xeyli məhdudlaşır. İstisnalar var, öz gücü ilə yüksək nəticə əldə edənlər olur, amma bu, ümumi mənzərəni dəyişmir. Əslində məktəblərdə tədris elə səviyyədə olmalıdır ki, şagirdlər repetitorlara ehtiyac duymasın. Repetitorluq geniş yayıldıqca yuxarı sinif şagirdləri məktəbdən uzaqlaşır, fərdi hazırlığa üstünlük verir və bu da onların kollektiv təhsil mühitindən kənarda qalmasına səbəb olur. Nəticədə ünsiyyət və cəmiyyətə inteqrasiya problemləri yaranır.

Test üsulu müəyyən müsbət nəticələr versə də, bu sistemin tam düzgün olub-olmaması mübahisəlidir. Çünki əzbərləmə yolu ilə imtahan verib ali məktəbə daxil olmaq mümkündür, amma bu, ixtisasın dərindən mənimsənilməsi demək deyil. Əsl peşəkarlıq çox vaxt sonradan, iş təcrübəsi ilə formalaşır.

Bu sahədə problemlər kifayət qədərdir və ciddi islahatlara ehtiyac var. Hesab edirəm ki, repetitorluq institutu tədricən aradan qaldırılmalı, şagirdlər yenidən məktəbə yönləndirilməlidir.

Digər mühüm problem siniflərdə şagird sayının çoxluğudur. Bəzən bir sinifdə 40-dan çox şagird olur və müəllimin 45 dəqiqə ərzində hər birinə lazımi diqqət ayırması mümkün deyil. Xüsusilə ibtidai siniflərdə bu daha çətin olur. Bu səbəbdən siniflərdə şagird sayı 20-25 nəfərdən artıq olmamalıdır. Eyni zamanda müəllimlərin əməkhaqları artırılmalı, onların sosial təminatı yaxşılaşdırılmalıdır. Müəllim peşəsinin nüfuzu qorunmalı və bu sahəyə maraq artırılmalıdır.

Ümumilikdə təhsil və səhiyyə sahələrində problemlər var və bu istiqamətlər prioritet olmalıdır. Çünki sağlam və savadlı cəmiyyət gələcəyin əsasını təşkil edir.

-    Səhiyyənin də önəmini qeyd edirsiniz, sizin də ailənizdə həkim var. Bu sahədəki bitməyən problemlərin nədən qaynaqlandığını düşünürsünüz?

-    Səhiyyə sahəsində də problemlər mövcuddur. Sabunçu xəstəxanası ilə bağlı son dövrlərdə neqativ hallar müzakirə olunur. Halbuki orada peşəkar həkimlər də fəaliyyət göstərir. Görünür, problem daha çox sistem xarakterlidir. Səhiyyə sistemində idarəetmənin bölünməsi – TƏBİB, İcbari Tibbi Sığorta və Səhiyyə Nazirliyi arasında məsuliyyət bölgüsü – bəzi hallarda qeyri-müəyyənlik yaradır. Məsələn, poliklinikalarda əvvəlcə sahə həkiminə müraciət etmək tələbi xəstələr üçün əlavə vaxt itkisinə səbəb olur. Bəzən insanlar saatlarla gözləyir, sonra isə ixtisas həkiminə düşə bilmirlər.

Digər problem isə tibbi arayışların ödənişli olmasıdır. İş axtaran gənclər hər dəfə arayış almaq üçün təxminən 40 manat ödəməli olurlar. İş tapa bilmədikdə isə bu xərci təkrar çəkmək məcburiyyətində qalırlar. Bu da xüsusilə aztəminatlı ailələr üçün ciddi çətinlik yaradır. Bununla yanaşı, ölkədə kifayət qədər peşəkar həkimlər var. Sadəcə bəzi hallarda məsuliyyətsizlik problemlər yaradır.-    Sabunçudan seçilən Fazil Mustafanın boşanmalarla bağlı çıxışı geniş müzakirə olundu. Sizin fikriniz necədir?

-    Ailələrdə problemlər artır. Nikahların sayı azalır, boşanmalar isə artıq 50 faizi keçib. Bu, ciddi problemdir və əsas səbəblərdən biri iqtisadi çətinliklərdir.

Gənclər arasında işsizlik və mənzil problemi ailə qurmağa mane olur. Bu gün gəncin öz gücü ilə ev alması çox çətindir. Ona görə də ailə qurmaq qərarı gecikir. Bu vəziyyət demoqrafiyaya da təsir edir. Ailələrdə uşaqların sayı azalır. Halbuki əhali artımı üçün ailədə iki uşaq kifayət deyil, daha çox olmalıdır. Amma maddi imkanlar bunu çətinləşdirir.-    Müsahibə əsnasında başa düşülən odur ki, problemləri əsasən şəxsi imkanlarınız, əlaqələriniz daxilində həll etməyə çalışırsınız…

-    Müraciət edən insanlara imkan daxilində kömək etməyə çalışıram. Lakin bu çox vaxt şəxsi imkanlar və dostların dəstəyi ilə həyata keçirilir. Əksər hallarda qarşılıq gözləmədən yardım edilir.

Bəzən insanlar işlə təmin olunmaq üçün müraciət edirlər, lakin bütün müraciətləri həll etmək mümkün olmur. Bu sahədə imkanlar məhduddur.

-    Siz vaxtı ilə bizneslə də məşğul olmusunuz. İmkanları genişləndirmək üçün bu sahəyə yenidən qayıtmaq haqqında fikirləşirsiniz?

-    Biznes fəaliyyətinə qayıtmaq planım yoxdur. Bu sahə ciddi vaxt və diqqət tələb edir. Hazırda buna imkanım və marağım yoxdur.

-    Parlamentdə Qərbi azərbaycanlı deputatların sayı kifayət qədər çoxdur. Səhv etmirəmsə siz də onlardan birisiniz, lakin Bakıda doğulub, böyümüsünüz…

-    Mən özümü hər zaman Qərbi azərbaycanlı hesab etmişəm. Atam Qərbi Azərbaycandandır və uşaqlıqdan onun doğulduğu, böyüdüyü Göyçə mahalına tez-tez getmişəm. Bu torpaqlar Azərbaycanın tarixi əraziləridir və həmin bölgələrdə vaxtilə azərbaycanlılar üstünlük təşkil edirdi. Hesab edirəm ki, bu məsələ bizim üçün hər zaman prioritet olub. Hələ Qərbi Azərbaycan İcması yaranmamışdan əvvəl də partiyamız bu mövzunu daim diqqətdə saxlayıb. Vaxtilə partiya üzvlərimiz arasında İrəvan Azadlıq Təşkilatının yaradılmasında iştirak edənlər də olub.

-    Rəhbəri olduğunuz Milli İstiqlal Partiyasının siyasətdəki yerini necə qiymətləndirirsiniz?-    Milli İstiqlal Partiyası çətin mərhələlərdən keçsə də, son illərdə yenidən toparlanıb. Bu gün əsas hədəfimiz partiyanı gücləndirmək, parlamentdə və yerli özünüidarəetmədə daha geniş təmsil olunmaqdır.Beynəlxalq əlaqələrə xüsusi önəm veririk və müxtəlif platformalarda Azərbaycanın maraqlarını müdafiə edirik.

-    Partiyanın yaradıcısı Etibar Məmmədov sədrlikdən gedib, bu baxımdan onu keçmiş siyasətçi kimi qiymətləndirmək olar?

-    Etibar Məmmədov kimi siyasətçilər heç vaxt siyasətdən tam getmirlər. Onun təcrübəsindən zaman-zaman faydalanırıq. Lakin partiyanın qərarları kollegial şəkildə qəbul olunur və o, gündəlik fəaliyyətə müdaxilə etmir.

-    Etibar Məmmədov sonuncu dəfə AMİP-də nə vaxt olub?

-    Dəqiq vaxtını xatırlamıram, amma vaxtaşırı partiya ilə əlaqə saxlayır. Bəzən kimlərsə onunla görüşmək istəyəndə əlaqə yaradılır, o da qərargaha gəlib görüş keçirə bilir. Həmçinin partiyada xüsusi günlər olanda dəvət edirik, imkanı olanda iştirak edir.

-    Regionda gərginlik artır. Bu şəraitdə Azərbaycanın xarici siyasətdə mövqeyini necə görürsünüz?

-    Azərbaycan Prezidenti tərəfindən yürüdülən xarici siyasət çoxvektorlu və balanslaşdırılmışdır. Bu siyasət ölkənin regionda mövqeyini gücləndirib və Azərbaycan artıq regionun əsas siyasi, iqtisadi və hərbi güc mərkəzinə çevrilib.

Bu gün Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da əhəmiyyətli ölkədir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, Orta Dəhliz və Zəngəzur dəhlizi kimi layihələrin mərkəzində dayanırıq. Bu layihələr Azərbaycanın iştirakı olmadan reallaşa bilməz. Hazırda Azərbaycan 16 Avropa ölkəsinə enerji ixrac edir və onların bir çoxunun enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda, alternativ enerji sahəsində də böyük potensialımız var və yaxın illərdə bu istiqamətdə də ixracatçı ölkəyə çevriləcəyik.

Regionda baş verən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Xüsusilə İran ətrafında baş verən proseslər diqqətlə izlənilməlidir. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqları da daim diqqətdə saxlanılmalıdır.

Eyni zamanda, təhlükəsizlik məsələsində balanslı siyasət vacibdir. Azərbaycan öz ərazisinin üçüncü dövlətlər tərəfindən hərbi məqsədlərlə istifadə olunmasına imkan vermir və bu siyasət regionda sabitliyə xidmət edir.

Qlobal miqyasda dünya artıq çoxqütblü sistemə keçib. Bu şəraitdə Türk Dövlətləri Təşkilatının gücləndirilməsi vacibdir. Gələcəkdə bu birlik daha böyük geosiyasi gücə çevrilə bilər və Azərbaycanın rolu daha da artar.

-    Arzuxan müəllim, siz Zahid Orucun rəhbərlik etdiyi İnsan hüquqları komitəsinin sədr müavini olmaqla yanaşı, həm də Siyavuş Novruzovun rəhbərlik etdiyi Regional məsələlər komitəsinin üzvüsünüz. Bu baxımdan hansı komitədə təmsil olunmaq daha məsuliyyətli, hansı komitə sədri ilə işləmək daha rahatdır?

-    Hər iki komitə vacibdir və məsuliyyətlidir. Hər iki komitədə işləmək rahatdır. Siyavuş Novruzov və Zahid Oruc ilə işləməkdə heç bir problem yoxdur, hər ikisinə hörmətim var.

Regional məsələlər komitəsini seçməyimin səbəbi isə bələdiyyə sahəsində uzun illər təcrübəmin olmasıdır. Bu sahədə problemləri yaxından bildiyim üçün orada daha fəal olmağa çalışıram.

-    Əvvəlki dönəmlərdə deputatların müəllifi olduğu qanun layihələri parlamentdə tez-tez müzakirə olunurdu. Son çağırışda sanki bu ənənə azalıb. Bəs sizin qanunvericilik təşəbbüsləriniz varmı?

-    Hazırda konkret qanun layihəsi təşəbbüsümüz yoxdur. Amma partiya daxilində bu istiqamətdə təşəbbüslərin hazırlanması ilə bağlı müzakirələr aparılır və gələcəkdə belə addımlar mümkündür.

-    Gələcək seçkilərdə də iştirak etməyi düşünürsünüzmü?

-    Hələlik qəti qərar verməmişəm, amma böyük ehtimalla iştirak edəcəyəm. Məqsədimiz parlamentdə daha geniş təmsil olunmaqdır. Hesab edirəm ki, parlamentin say tərkibi artırılmalıdır. Əhalinin sayı artıb, amma deputat sayı dəyişməyib. Eyni zamanda qarışıq seçki sisteminin bərpası da vacibdir.

-    Arzuxan müəllim, bu yaxınlarda 61 yaşınız tamam oldu. Ötən müddətdə həyatınızın ən böyük uğuru kimi nəyi göstərərdiniz?

-    Ən böyük uğurum ailəmdir. Yaxşı övladlar yetişdirmişəm, onlarla qürur duyuram. Eyni zamanda, yaxşı dostlarım, yaxınlarım var və bu da mənim üçün böyük dəyərdir.

Siyasi fəaliyyətimdə də mənə göstərilən etimadı doğrultduğumu düşünürəm.

-    Övladlarınız sizin yolunuzu davam etdirir?-    Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o, bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək. Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsin. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmam və dəstək verərəm.

-    İnsanın nəvəsi olandan sonra bütün arzuları onların üzərində cəmləşir. Sizdə necə, onlarla bağlı arzularınız nədir? Öz adınızı verdiyiniz, yolunuzu davam etdirməsini istədiyiniz nəvəniz varmı?

-    İki nəvəm var. Qızımın iki övladı var – biri oğlan, biri qız. Oğlan uşağı digər babasının adını daşıyır və bu mənim üçün çox xoşdur, çünki o da vaxtilə tanınmış, hörmətli insan olub. Ad məsələsi mənim üçün o qədər də önəmli deyil. Əsas odur ki, nəvələrim yaxşı təhsil alsınlar, tərbiyəli, əxlaqlı və cəmiyyətə faydalı insanlar kimi böyüsünlər. Ən böyük arzum budur ki, ailə dəyərlərimizi, ənənələrimizi qoruyub saxlasınlar və gələcəkdə bizim yolumuzu ləyaqətlə davam etdirsinlər.Mən öz babalarımla hər zaman fəxr etmişəm. Onlardan biri 1937-ci il repressiyalarının qurbanı olub, uzun illər sürgün həyatı yaşayıb, sonradan bəraət alıb. Digər babam isə İkinci Dünya müharibəsində iştirak edib, ağır yaralanıb, bir ayağını itirsə də, çox ləyaqətli həyat yaşayıb və böyük hörmət qazanıb. Bu mənada istəyirəm ki, nəvələrim də öz köklərini, keçmişini bilsinlər, bu dəyərlərlə böyüsünlər və gələcəkdə fəxr ediləcək insanlar olsunlar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
modern.az

1Sources