EN

“Bu addım ABŞ üçün sarsıdıcı zərbə olar” Deputat

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

"Yaxın Şərqdə cərəyan edən böhran kontekstində NATO daxilində ciddi ixtilafların yarandığı artıq aydın şəkildə müşahidə olunur. Görünən odur ki, ABŞ-nin Hörmüz boğazı ilə bağlı hərbi kampaniyasına bir çox NATO ölkəsi nəinki qoşulmur, hətta İspaniya və İtaliya kimi dövlətlərin timsalında öz hava məkanlarını ABŞ üçün bağladıqlarını bəyan edirlər. İtaliya tərəfi sonradan bu məlumatı təkzib etsə də, ümumi tendensiya Birləşmiş Ştatlar və müttəfiqləri arasında dərin fikir ayrılıqlarının olduğunu təsdiqləyir. Britaniyanın Baş naziri Kir Starmerin "bu bizim müharibəmiz deyil" deyərək hərbi iştirakdan imtina etməsi də bu parçalanmanın bariz göstəricisidir".

Milli Məclisin deputatı Tural Gəncəliyev bu fikirləri Redaktor.az-a ABŞ ilə NATO arasındakı münasibətləri şərh edərkn bildirdi.

"Belə mənzərə fonunda ABŞ dövlət katibi Rubionun İranla müharibədə "beş həftəlik finiş xətti" barədə proqnozu daha çox strateji hərbi-diplomatik hiylə təsirini bağışlayır. Sülh mesajları verməklə rəqiblərin İranın və onun arxasında duran Rusiya, Çin kimi güclərin diqqətini yayındırmaq əslində Hörmüz boğazına daha genişmiqyaslı hərbi müdaxilə üçün zəmin hazırlamaq əsas məqsəd kimi görünür. Donald Tramp, dövlət katibi Rubio və müdafiə naziri Pit Heqsetin İranla danışıqlar getdiyini vurğulamasına rəğmən, Tehranın bunu təkzib edərək yalnız mesaj mübadiləsinin olduğunu bildirməsi prosesin daha çox informasiya müharibəsi xarakteri daşıdığını göstərir", - deyə o qeyd etdi.

Millət vəkili əlavə etdi ki, ABŞ üçün Hörmüz boğazını açmadan, qarşıya qoyulan hədəflərə çatmadan bu münaqişədən geri çəkilmək hərbi və siyasi məğlubiyyətə bərabərdir:

"Belə bir addım Amerikanın dünya hegemonluğu reputasiyasına sarsıdıcı zərbə vura, Körfəz ölkələri ilə olan strateji müttəfiqlik münasibətlərini zəiflədə bilər. Bu baxımdan, regionda hərbi əməliyyatların və quru müdaxiləsinin başlayacağı ərəfədə olduğumuzu düşünmək olar, çünki eskalasiyadan başqa çıxış yolu real görünmür. Strategiya ya Hörmüz boğazının tam açılmasına, ya da İranın nüvə potensialının neytrallaşdırılmasına hesablanıb ki, bu da yalnız hərbi güc tətbiqi kontekstində mümkündür. Lakin boğazdakı adalara qarşı həyata keçiriləcək quru əməliyyatlarının coğrafi çətinlikləri və daşıdığı yüksək risklər bu müdaxilənin müvəffəqiyyəti ilə bağlı böyük suallar doğurur".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
redaktor.az

2Sources