EN

Deputatların 1 aprel zarafatları – SORĞU

1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir. 

Bu gün insanlar bir-birinə zarafat edərək, yalan xəbərlər yayaraq əylənirlər. Məhz bu günlə bağlı bir qisim millət vəkilinə başlarına gələn maraqlı hadisələri soruşduq.

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, son illərdə 1 aprel ilə bağlı onu aldatmaq üçün ciddi zarafat cəhdləri olmayıb:

“Nəsə yadıma gəlmir ki, son illərdə məni 1 aprel günü ilə bağlı zarafatla aldatma cəhdləri olsun. Amma əvvəllər belə hallar olub. Xüsusilə bir neçə il əvvəl. Həmin dövrlərdə görünür dostlar yaşla əlaqədardır bəlkə də daha pozitiv idilər, ya bu gün daha çox gündəmdə idi. Son illər isə mənə elə gəlir ki, bəlkə də yanılıram, əvvəlki kimi bu günün “dadını çıxarmırlar”.

Ən azı mənim yaxın ətrafımda belədir. Nə sirrdirsə, bu gün yüngülvari cəhd oldu. Amma dərhal anladım ki, bu, 1 aprel zarafatıdır. Çünki artıq əvvəldən belə fikir formalaşıb və bu gün deyilən sözlərin zarafatla yalan ola biləcəyi ehtimalını bilirəm. Elə səhərdən gün başlayandan bunun fərqində olmuşam. Baxmayaraq ki, uzun illər belə cəhdlər olmamışdı, bu il nədənsə yenidən oldu və mən də bunun zarafat olduğunu dərhal bildim.

Ümumiyyətlə, insanların daha pozitiv olmasını arzulayıram. Araşdırmalar da göstərir ki, yumor hissi güclü olan insanlar adətən yüksək intellektə malik olurlar. Arzu edirəm ki, hər kəs yüksək intellektə və güclü yumor hissinə sahib olsun.

İnsanlarımız pozitiv olsun, bir-biri ilə zarafatlaşacaq qədər əhvalları yaxşı olsun. Təkcə 1 aprel günü deyil, digər günlərdə də hər kəsə pozitiv olmağı və zarafatlaşmağı arzulayıram”.

Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayevin sözlərinə görə, 1 aprel zarafatları həyatımızın maraqlı və rəngarəng tərəflərindən biridir:

“Bu gün münasibətilə mənimlə də zarafat edənlər olub, bəziləri həqiqətən inandırıcı olub və qısa müddətlik də olsa, məni təəccübləndirib. Ümumiyyətlə, belə zarafatlar insanlara gülümsəmək, gündəlik gərginlikdən bir anlıq uzaqlaşmaq imkanı yaradır və münasibətləri daha səmimi edir.

Etiraf etməliyəm ki, təkcə zarafatlara məruz qalan yox, eyni zamanda zarafat edən tərəf də olmuşam. Həm aldatdığım, həm də aldandığım maraqlı anlar yaddaşımda xoş xatirə kimi qalıb. Əsas odur ki, bu cür zarafatlar heç kimi incitməsin və yalnız pozitiv əhval-ruhiyyə bəxş etsin”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, heç vaxt 1 aprel zarafatı etməyib:

“1 aprel - Ümumdünya Zarafat Günü praktikasına normal baxıram. Vaxtaşırı mətbuatda və sosial şəbəkələrdə vaxtilə hansısa aprel zarafatlarının hansı nəticələr doğurduğu barədə məlumatlar oxuyuram. Özüm heç vaxt 1 aprel zarafatı etməmişəm. Eyni zamanda, indiyədək 1 aprel tarixlərində aldadıldığım da olmayıb”.

Milli Məclisin deputatı Elman Nəsirov qeyd edib ki, onun da həyatında belə bir maraqlı hadisələr yaşanıb:

“1 aprel dünyada çox geniş qeyd olunur və Ümumdünya Gülüş Günü, yaxud Zarafat Günü kimi yaddaşlara həkk olunub. Həmin gün xüsusi yumor hissi olan insanlar bir-birinə münasibətdə zarafatlaşır, yaxşı mənada bir-birini aldatmağa, xoş ovqat yaratmağa çalışırlar. Amma hər şey ölçüsündə olanda gözəldir. Yəni zarafat da yerində və “duzlu” olmalıdır. Şit olanda isə artıq əndazədən çıxır.

Özümə gəldikdə isə belə hallar olub. Məni də yaxşı mənada aldadıblar, mən də kiməsə zarafat edib onu aldatmışam. Amma yadımda qalan bir hadisə var. Bir gün dostlarımızdan biri dedi ki, onu heç kim aldada bilməz. Mən də dedim ki, gəl mərc gələk, mən səni aldadım. Bu da məhz 1 aprel günündə olmuş hadisədir. 

Mərcə girdik, mən ona dedim ki, səni aldatmaq üçün bir az düşünməliyəm. Bu düşünmə müddətində sən təxminən 10-a qədər say. O da razılaşdı və saymağa başladı. 10-a qədər sayıb qurtarandan sonra mən dedim ki, səni aldatmıram.

Sən gözləyirdin ki, 10-a qədər sayandan sonra səni aldadacağam, amma mən bunu etmədim. Elə bu artıq sənin aldanmağındır. Belə bir hadisə olmuşdu. Onu da yeri gəlmişkən bir xatirə kimi danışdım”.

Milli Məclisin deputatı Tural Gəncəliyev isə bildirib ki, onun başına indiyədək belə bir hadisə gəlməyib:

“Xeyr, belə hal mənim başıma gəlməyib”.

Chosen
15
1
cebheinfo.az

2Sources