EN

İran Hörmüz boğazından əldə edəcək mümkün gəlirlərini hesablayıb

Tehran boğazdan keçid üçün rüsum tətbiq edərsə, illik milyardlarla dollar gəlir əldə edə bilər...

Poliqon xəbər verir ki, bu barədə İran-İraq Ticarət Palatasının rəhbəri Yəhya Əl-Əshaq açıqlama verib. O bildirib ki, İran nəzəri olaraq Hörmüz boğazından keçid xidmətlərinə görə ödəniş tətbiq etməklə ildə 70–80 milyard ABŞ dolları həcmində gəlir əldə edə bilər.

Onun sözlərinə görə, beynəlxalq dəniz hüququna əsasən, İran öz ərazi sularından təhlükəsiz keçidi təmin etdiyinə görə gəmilərdən minimum 10% həcmində rüsum tələb edə bilər. Əl-Əshaq qeyd edib ki, Hörmüz boğazından dünya ticarətinin təxminən 20–30%-i keçir və bu da potensial gəlirin miqyasını artıran əsas amillərdən biridir.

Bununla yanaşı, o vurğulayıb ki, səsləndirilən rəqəmlər yalnız nəzəri qiymətləndirmə xarakteri daşıyır və rəsmi dövlət siyasətinin elan edilməsi kimi qəbul olunmamalıdır.

Lloyd’s List Intelligence platformasının məlumatına görə, artıq mart ayında ən azı iki gəmi Hörmüz boğazından təhlükəsiz keçid üçün İrana ödəniş edib. Eyni zamanda bildirilir ki, kommersiya daşıyıcıları getdikcə daha çox İranın ərazi sularına daxil olur və bu tendensiya dənizçilik sektorunda qeyri-rəsmi şəkildə “Tehranın ödəniş məntəqəsi” kimi xarakterizə olunur.

Ekspertlər hesab edirlər ki, belə bir mexanizmin tətbiqi qlobal enerji və ticarət marşrutlarına ciddi təsir göstərə, həmçinin neft qiymətlərində əlavə artım və bazarda qeyri-sabitlik yarada bilər. Hörmüz boğazı strateji əhəmiyyətinə görə dünya enerji təhlükəsizliyinin əsas qovşaqlarından biri hesab olunur.

Poliqon.info

Chosen
49
50
poliqon.info

10Sources