EN

Azərbaycan xarici siyasət düsturu: Regional və qlobal gərginlik bu cür idarə edilir - MÜSAHİBƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir:

- Səməd müəllim, hazırkı regional və qlobal kataklizmlər fonunda Azərbaycanın əsas strateji hədəfləri necə qorunur?

- Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət öz-özlüyündə möcüzəvi xarakter daşıyır. Dünyada baş verən faciəvi hadisələr təbii ki, Azərbaycana da təsir göstərir. Ölkəmiz beynəlxalq sistemin ayrılmaz tərkib hissəsi olaraq bu təsirlərdən kənarda qala bilmir. Amma bu təsir Azərbaycanın apardığı xarici siyasət nəticəsində ölkəmizin mövcudluğunu aktuallaşdırması fonunda onun mövqelərini daha da gücləndirir. Misal olaraq, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın nə dərəcədə haqlı olduğu, həyata keçirdiyi siyasətin düzgünlüyü, uzaqgörənliyi hamı üçün sübut olundu.

- Bu daha çox hansı amillərlə izah oluna bilər?

- Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərqlə əlaqəsi olan və münasibətlər yaratmaq imkanına malik yeganə ölkəyə çevrilib. Bununla da Azərbaycanın Avropa, ümumilikdə Qərb və Şərq üçün rolu, əhəmiyyəti həddindən artıq artmış olub. Hazırda Yaxın Şərqdə, Azərbaycana coğrafi cəhətdən çox yaxın, hələ ki nəticəsi bəlli olmayan müharibə gedir. Azərbaycanın məhz bu kontekstdə apardığı siyasət onun yerini, əhəmiyyətini, təsirini daha da artırıb. Bu isə onu göstərir ki, ölkəmizin apardığı siyasət mövcud böhran vəziyyətindən çıxmaq üçün bir düsturdur. Milli maraqları dünyada gedən proseslərə düzgün şəkildə uzlaşdırmaq qabiliyyəti ən vacib məsələdir. Çünki bütün ölkələr milli maraqları nöqteyi-nəzərdən danışır. Amma bu milli maraqların qlobal proseslərlə üst-üstə düşməsi başlıca faktordur. Müharibələrə yaxın ölkələrin və onun içərisində olan dövlətlərin siyasi rəhbərləri də öz maraqları çərçivəsindən çıxış edir. Ancaq bu maraqlar başqa ölkələrin, siyasi qrupların, güclərin üzərindən keçdiyi, ona kəskin ziddiyyət təşkil etdiyi halda təhlükə mənbəyinə çevrilir. Belə olan halda həmin ölkələr üçün ciddi problemlər yaranır. Bunun açıq nümunələrini Ukrayna və Yaxın Şərqdə, Rusiyada və ABŞ-nin özündə görmək mümkün oldu.

- Yaxın Şərqdə baş verən hadisələr fonunda Azərbaycanın sərgilədiyi mövqe nədən ibarətdir?

- Daha böyük imkanlara, coğrafi üstünlüklərə malik ölkələr Azərbaycanın əldə etdiyi uğurları təmin edə bilmirlər. Bu ölkələr məhz öz milli maraqlarını bəyan etdikləri halda bunun müdafiə etməkdə çətinlik çəkir. Azərbaycan isə öz milli maraqlarını ən yüksək səviyyədə təmin etməklə onun siyasi, iqtisadi faydaları üçün də əsas yaradır. Eyni zamanda bu, digər ölkələrin milli maraqlarının üzərindən keçmir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük və toqquşan maraqlar içərisində ölkəmizin milli maraqları ustalıqla, unikal tərzdə təmin edilir. Nəticədə, Azərbaycan mövcud böhran vəziyyətləri içərisində gərginliklərdən və çətinliklərdən uzaq qalmağı bacarır. Çünki idarəetmədə ən çətin vəziyyət böhranın idarə olunmasıdır. Normal olan vəziyyətdə bu, o qədər də çətin deyil. Amma ən çətin idarəetmə qlobal böhran dövründə baş verir.

- Ölkəmizin indiki halda önə çıxan mövqeyi hansı amillərə bağlıdır?

- Yaxın Şərqdə baş verən hadisələr Azərbaycanın iqtisadi-siyasi, logistika və dini-mənəvi cəhətdən əhəmiyyətini həddindən artıq artırıb. Bu isə həyata keçirilən siyasətin nəticəsində mümkün olub. Ona görə də bu siyasəti qorumaq, dəstəkləmək və dünyaya təbliğ etmək lazımdır.

Chosen
5
1
moderator.az

2Sources