EN

Azərbaycanda yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı oldu - FOTOLAR

Səhiyyə Nazirliyi fəaliyyətə başlayan yeni klinikaya mediatur təşkil edib.

Musavat.com xəbər verir ki, mediatur zamanı jurnalistlərə məlumat verən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib:

“Klinikanın yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir. Bu klinikanın yaradılması ölkəmizdə yüksək texnologiyalı tibbin inkişafı istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə həyata keçirildiyini bir daha nümayiş etdirir. Klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək”.

Nazim Pənahov qeyd edib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək.

Klinikanın baş həkimi Dilqəm Məmmədov mediatur zamanı jurnalistlərə bildirib: “Klinika yüksək ixtisaslı tibbi xidmətə əlçatanlığı təmin edəcək, əlillik hallarını və funksional itkiləri azaltmağa, pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmağa xidmət edəcək. Burada psixoloji və sosial reabilitasiya xidmətləri göstəriləcək, estetik problemlərin həlli insanların özünəinamının artmasına dəstək verəcək”.

Dilqəm Məmmədov qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq.

Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir.

Klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

Chosen
11
7
musavat.com

8Sources