EN

Trampın İrana quru əməliyyatı təhdidinin PƏRDƏARXASI

“ABŞ Prezidenti Donald Trampın son günlərdə İranı quru əməliyyatı ilə təhdid etməsinin arxasında başqa məqamlar dayanır”. 

Bu sözləri Azad Vətən Partiyası sədrinin müavini, siyasi ekspert Afiq Axundov Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp İrana danışıqlar masasına gəlməsi və şərtlərini qəbul etməsi üçün bu yolla təzyiq edir:


“Əslində isə ABŞ-nin birbaşa İrana quru əməliyyatı həyata keçirməsi olduqca çətindir. Hətta dünyada bir çox hərbi mütəxəssis bunu qeyri-mümkün hesab edir. İranın coğrafi baxımından yerləşdiyi ərazi burada mühüm rol oyanyır. Nəzərə almaq lazımdır ki, adıçəkilən ölkə dağların və böyük səhraların əhatəsində yerləşir. Bu isə işğalı və ya quru əməliyyatını çətinləşdirir. Faktiki olaraq, belə ehtimalda amerikalı əsgərlər İran ordusu ilə yanaşı, təbiətə qarşı da mübarizə aparmalıdırlar. Həm o mürəkkəb ərazilərdən hərbi texnikaları keçirtmək çox çətindir, həm də əsgərlər irəlilədikcə onlara dəstək azalacaq. Bu baxımdan, İrana qarşı birbaşa quru əməliyyatı çox riskli addım olar”.

Ekspertin sözlərinə görə, bu addım ABŞ daxilindəki etirazları daha artırar:
“Son günlərdə ABŞ tarixinin ən böyük etiraz aksiyalarından biri yaşanır. Açıqlanan rəqəmlərə əsasən 9 milyon nəfər Donald Trampın İran müharibəsi ilə bağlı siyasətini tənqid edir. Bu isə kifayət qədər böyük rəqəmdir. Üstəlik, Trampın reytinqi də kəskin şəkildə aşağı düşür. Bütün bunlar isə aralıq seçkilərində Respublikaçılar Partiyasının işini xeyli çətinləşdirəcək. Əgər ABŞ İranda quru əməliyyatına başlasa, çox ciddi sayda itkilər verəcək. 

Çünki onları təxminən 1 milyondan çox əsgər və sərt coğrafi şərtlər qarşılayacaq. Təbii ki, bu da öz növbəsində nəticənin necə olmasına baxmayaraq, itkiləri artıracaq. Amerika xalqının isə əsgər ölümlərinə qarşı necə həssas yanaşdığı hamıya məlumdur. Kütləvi itkilər fonunda isə aralıq seçkilərində Trampın Konqresdə indiki üstünlüyünü itirməsi qaçılmaz olacaq. Hətta quru əməliyyatının uğursuz olması fonunda Trampla bağlı impiçment prosesinin başladılma ehtimalı belə var”.

Siyasətçi vurğulayıb ki, belə vəziyyətdə İrana birbaşa hərbi müdaxilə etmək “intihar” olar:
“Lakin Hörmüz boğazı ətrafındakı Xark adası başda olmaqla İrana məxsus adaların hədəf alınma ehtimalı var. Düşünürəm ki, Tramp quru əməliyyatı dedikdə məhz bunu nəzərdə tutur. Lakin Fars körfəzində yerləşən Xark adasına yönəlik quru əməliyyatı ehtimalı da müasir geosiyasi reallıqlar fonunda çox risklidir. Buna baxmayaraq, sözügedən ada İranın neft ticarətinin 90 faizini əhatə etdiyi üçün ABŞ-nin hədəfindədir. Tramp bu həmləsi ilə İranın əsas neft terminalını sıradan çıxarmağı və Tehran hakimiyyətinə şərtlərini qəbul etdirməyə çalışır. ABŞ üçün belə bir əməliyyatın məqsədi İranın iqtisadi imkanlarını zəiflətmək ola bilər. Ancaq bu, həm də neft qiymətlərində kəskin artıma və dünya iqtisadiyyatında sarsıntıya gətirib çıxarar”.

Afiq Axundov hesab edir ki, hazırda bütün təhdidlərə rəğmən, ABŞ-nin İrana və ya Xarq adasına qarşı quru əməliyyatına başlayacağı inandırıcı görünmür:
“Əslində, ABŞ-nin İrana və ya Xarq adasına qarşı quru əməliyyatı ehtimalı nəzəri olaraq mümkündür, amma praktiki baxımdan son dərəcə aşağı ehtimallı ssenari kimi qiymətləndirilir. Dediyim kimi, belə təhdidlər sadəcə təzyiq mexanizminin bir hissəsidir. Əks halda, ABŞ tərəfindən mütəmadi olaraq İranla danışıqlara dair bəyanatlar da səsləndirilməzdi. Danışıqlar baş tutmayacağı təqdirdə isə Xarq adasına hava zərbələri endirilməsi ehtimalı var. Eyni zamanda, İranın enerji infrastrukturunun da hədəf alına bilər”.

Elmir Mustafa 
 

Chosen
25
hit.az

1Sources