Tariximiz səhifələndikcə, azərbaycanlılara qarşı törədilən soyqırımın yeni-yeni faktları, erməni vəhşiliyinin tükürpədici qəddarlığı ilə üzləşir, çox sarsılırıq.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin qanlı səhifəsi, xalqımızın qan yaddaşıdır. Yeni nəsillər bir daha belə faciələrlə üzləşməsin deyə, bu tarix heç zaman unudulmamalı, daha dərindən araşdırılmalı və dünya ictimaiyyətinin diqqətinə ən əhatəli şəkildə çatdırılmalıdır. Çünki, illər uzunu tariximizin həmin səhifələri yaddaşımızdan silinməyə çalışılmış, bu yöndə incə siyasət həyata keçirilmişdir. Zaman-zaman həmin dövrün izləri itirilərək böyük təhriflərə məruz qalmışdır. Ötürdüyümüz son 2 əsrə nəzər saldıqda, xalqımızın başına gətirilən müsibətləri, faciələri, törədilən soyqırım, etnik təmizləmə siyasətini demək olar ki, eyni ssenari ilə, dəyişməz şəkildə həyata keçirildiyinin şahidi oluruq. Belə ki, XIX əsrin əvvəllərində Rusiya və İran arasında baş verən müharibələr Azərbaycan üçün ağır və acı nəticə ilə, torpaqlarımızın parçalanması, zaman-zaman, mərhələ-mərhələ qoparılması ilə tamamlandı. Azərbaycanın başına gətirilən bütün faciələr, xalqımızın öz dədə-baba torpaqlarından qovulması, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım hadisələri, etnik təmizləmə siyasəti, torpaqlarımızın zəbt olunması Rusiya imperiyasının, o dövrki İran şovonizminin planlı surətdə düşünülmüş, kinli siyasətinin acı parçalarıdır. İllər ötdü, əsrlər bir-birini əvəz etdi, zəman dəyişdi, amma, çox təəssüf ki, mənfur düşmənin qəddarlıq və böyük ustalıqla işlədiyi qanlı siyasəti hələ də dəyişməz olaraq qaldı. “Böyük Ermənistan” xülyası ilə şirnikləndirilən xəstə toplumun-ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərdən başlamışdır. 1905-1906, 1907, 1918-1920, 1948-1953, 1992-ci illərdə xalqımız soyqırıma məruz qalmış, ölçüyəgəlməz cinayətlərin qurbanı olmuş, minlərlə azərbaycanlı evindən, yurd-yuvasından didərgin salınmış, böyük qəddarlıqla qətlə yetirilmişdir. İki əsr boyu zaman-zaman davam edən genişmiqyaslı qətliamlar, Azərbaycanın bütün bölgələrində, Naxçıvanda, Zəngəzurda, Qubada, Şamaxıda, Bakıda, Gəncədə, Lənkəranda, Salyan-Neftçala ərazisində, Qarabağda, sonda isə Xocalıda yaşanmışlar insanlığa sığmayan böyük cınayətlərdir. Ermənilərin azərbaycanlılara qarşı soyqırım aktının təkcə 1918-ci il mart hadisələrinə nəzər salsaq, Zəngəzur qəzasında 10068, İrəvan quberniyasında 135000, Şamaxıda 8000, digər ərazilərdə də minlərlə günahsız azərbaycanlılarıın vəhşicəsinə qətlə yetirilməsinin şahidi oluruq. Soyqırım nəticəsində yüzlərlə kəndlər dağıdılmış, 10 minlərlə insan qaçqın düşmüş, saysız hesabsız tarixi abidələr məhv edilmiş, qiymətli xəzinə və tarixi əhəmiyyətli dəyərli əşyalar isə vandallar tərəfindən mənimsənilərək izləri silinmişdir.1918-ci ilin ən qanlı qətliamlarından biri Quba qəzasında baş vermişdir. Burada 167 kənd, insanlarla birlikdə tamamilə məhv edilmişdir. Qubada tapılan kütləvi məzarlıq, həmin ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksi öz ziyarətçilərinə həmin qanlı faciənin, soyqırım dəhşətlərinin acı epizodlarına şahidlik etməkdədir. Lakin, hələ də bəzi səbəblərdən ermənilərin azərbaycanlılara qarşı qanlı təcavüzü, soyqırım hadisələri bölgələr üzrə tam tədqiq edilməmiş, araşdırılmağa və öyrənilməsinə böyük ehtiyac vardır.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımının, azərbaycanlıların başına gətirilən qanlı faciənin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1998-ci il martın 26-da imzaladığı tarixi əhəmiyyətli Fərmanla 31 mart tarixini “Azərbaycanlıların Soyqırımı Günü” kimi elan etdi, Bundan sonra, soyqırım hadisələrinin öyrənilməsi istiqamətində araşdırılmalar aparılmağa, əsərlər yazılmağa, dünya ictimaiyyətinin bu yönümdə bilgilənməsi üçün xüsusi işlər görülməyə başlandı.
Rövşən Həsənov
Neftçala rayonu


