EN

Arif Əsədov: Azərbaycan millisinin uğurunu nə şişirtmək, nə də kiçiltmək lazımdır

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 31 mart, AZƏRTAC

Fikrimcə, bu uğur milli komanda üçün yaxşı motivasiya olacaq və gələcək oyunlarda daha uğurlu çıxış etməyə kömək edəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Azərbaycan millisinin "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olması barədə danışarkən deyib.

Mütəxəssis belə qələbələrin hər zaman xoş olduğunu söyləyib: “Xüsusilə də millidə özünəinamın bərpası və ruh yüksəkliyinin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Rəqibin zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə qələbədir”.

A.Əsədov bildirib ki, bu nəticəni nə şişirtmək, nə də kiçiltmək lazımdır: “Əsas məqam odur ki, yığma sentyabrda UEFA Millətlər Liqasında oyunlara başlayacaq və qarşıya qoyulan məqsəd yenidən C liqasına yüksəlməkdir. Bu baxımdan belə qələbələr komandanın özünəinamını bərpa etməsi üçün vacibdir. Fernandu Santuşun rəhbərliyi altında millimiz qələbə qazana bilmədi və bu dövrü yığma tarixinin ən uğursuz mərhələlərindən biri hesab etmək olar. Həmin vaxt komandada ruh düşkünlüyü və inamsızlıq hiss olunurdu”.

Onun sözlərinə görə, AFFA tərəfindən qəbul edilən qərar özünü doğruldub: “Santuşun gedişindən sonra yerli mütəxəssis Ayxan Abbasovun təyinatı düzgün addım oldu. Hazırda komandada milli ruh, istək və əzmkarlıq görünür. Oyun baxımından müəyyən çatışmazlıqların olması təbiidir. Bu, zaman tələb edən prosesdir. Amma əsas odur ki, meydançada bir yumruq kimi birləşən, mübarizə aparan komanda görürük və bu da gələcək üçün ümid verir”.

Veteran futbolçu turnirin əhəmiyyətinə də toxunub: “Belə yarışlar və yoldaşlıq görüşləri komandanın formalaşması, yeni futbolçuların yoxlanılması baxımından faydalıdır. Düşünürəm ki, baş məşqçi Ayxan Abbasov da bu mənada istədiyini əldə etdi və növbəti toplanış üçün müəyyən mənzərə formalaşdırdı”.

Qeyd edək ki, Azərbaycan FIFA turnirində Sent Lüsiya (6:1) və Syerra Leone (əsas vaxt 1:1, penaltilər seriyasında 9:8) seçmələri ilə qarşılaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
44
50
azertag.az

10Sources