EN

Unudulmayan faciənin hüquqi siyasi qiyməti ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan xalqının tarixində baş vermiş faciəli hadisələrin araşdırılması və onların obyektiv, düzgün şəkildə qiymətləndirilməsi tarixi yaddaşın formalaşmasında mühüm rol oynayır. 31 Mart-Azərbaycanlıların Soyqırım Günü sadəcə anım günü deyil, eyni zamanda tarixi ədalətin və həqiqətin bərpasına yönəlmiş elmi və siyasi fəaliyyətin tərkib hissəsidir. Bu tarix xalqımıza qaşı baş vermiş zorakılıq aktlarının simvolik bir ifadəsi kimi çıxış edir.

1918-ci ilin mart ayından etibarən Bakı və onun ətraf bölgələrində baş verən qeyri-sabit vəziyyət şəraitində silahlı dəstələr bolşevik ideologiyası pərdəsi altında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişlər. Həmin dövrdə Bakı şəhəri ilə yanaşı, Quba, Şamaxı, Naxçıvan, Şirvan, İrəvan, Zəngəzur bölgələrində də insanlar qətlə yetirilmiş, mədəni irs nümunələri məhv edilmişdir. Faciənin tarixi faktları, şahid ifadələri və sonrakı elmi araşdırmalar göstərmişdir ki, əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş, yaşayış məntəqələri dağıdılmış və insanlar məcburi şəkildə öz doğma torpaqlarından uzaqlaşdırılmışdır. Bu, insanlığa qarşı törədilmiş ağır cinayətlərin simvolu kimi hesab edilə bilər.

Bu hadisələrə ilk dəfə siyasi və hüquqi yanaşma Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ümumilli lider Heydər Əliyevin dövründə ön plana çıxmışdır. 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların Soyqırımı haqqında” Fərman dinc əhaliyə qarşı törədilən kütləvi qırğınların dövlət səviyyəsində tanınmasını təmin etmişdir. Bundan sonra həmin sənəd 1918-ci ildə baş vermiş hadisələrin beynəlxalq səviyyədə öyrənilməsinə və tarixi faktların institusional səviyyədə ictimaiyyətə çatdırılmasında hüquqi zəmin formalaşdırmışdır.

Bu hadisələrdən sonra prezident İlham Əliyevin təşəbbüsü ilə tarixçilər tərəfindən aparılan araşdırmalar daha da genişləndirilmiş, hadisənin coğrafiyası və miqyasını daha da dərinləşdirmək üçün arxiv materialları əsasında yeni elmi nəticələr əldə edilmişdir. 2018-ci ildə imzalanmış sərəncamla soyqırım hadisələrinin 100 illiyinin qeyd olunması bu mövzunun aktuallığını bir daha təsdiq etmiş və tarixi həqiqətlərin obyektiv şəkildə tədqimatına şərait yaratmışdır.

Nəticə etibarilə, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü keçmişin xatırlanması və zorakılığa məruz qalmış insanların dərin ehtiramla yad edilməsi baxımından birlik və bərabərlik günüdür. Bununla yanaşı, dövlət səviyyəsində bu tarixi hadisələrin beynəlxalq müstəvidə tanıdılması, milli kimliyin qorunması, tarixi ədalətin bərpası istiqamətində fəaliyyətlər davam etdirilir. Bu, yalnız keçmişin öyrənilməsi deyil, həm də siyasi-hüquqi mübarizə kontekstində soyqırım hadisələrinə adekvat qiymətin verilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Hüseyn Süleymanov

YAP Kəngərli rayon təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
sesqazeti.az

1Sources