EN

Dövlət qulluqçularının əməkhaqqı artımı bir neçə mühüm sahəyə sistemli təsir gücünə malikdir Rektor

ain.az, 525.az portalına istinadən məlumat yayır.

"Prezident İlham Əliyev tərəfindən dövlət qulluqçularının əməkhaqlarının artırılması və yeni əməkhaqqı modelinə keçidlə bağlı qəbul edilən qərar dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələyə keçidini ifadə edən sistemli islahatdır. Son illərdə Azərbaycanda dövlət idarəetmə sistemində institusional dəyişikliklər, rəqəmsallaşma və şəffaflığın artırılması istiqamətində ardıcıl addımlar atılır. Yeni əməkhaqqı siyasəti bu islahatların məntiqi davamı kimi çıxış edir. Əməkhaqqı strukturunun sadələşdirilməsi, müxtəlif əlavələrin vahid maaş sisteminə inteqrasiyası dövlət qulluğunda daha aydın, ölçülə bilən və sabit mexanizmin formalaşmasına imkan yaradır. Bu dəyişikliklər idarəetmədə motivasiya, məsuliyyət və nəticəyönümlülük kimi əsas prinsipləri gücləndirir".

Bunu 525.az-a  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, dövlət qulluqçularının əməkhaqqı artımı birbaşa və dolayı olaraq bir neçə mühüm sahəyə sistemli təsir gücünə malikdir: “Birincisi, dövlət sektorunun rəqabət qabiliyyətinin artması özəl sektorla münasibətdə daha sağlam balans yaradır. Bu, yüksək ixtisaslı mütəxəssislərin dövlət sektoruna yönəlməsini stimullaşdırır və dövlət xidmətində insan kapitalının keyfiyyətini artırır.

İkincisi, əməkhaqqı artımı alıcılıq qabiliyyətini yüksəldərək daxili tələbi artırır. Bu isə bir sıra sahələrdə, xüsusilə xidmət və ticarət sektorlarında canlanmaya səbəb olur.

Üçüncüsü, sosial sabitlik və orta təbəqəni gücləndirir. Dövlət qulluqçularının rifahının yaxşılaşması orta gəlirli təbəqənin möhkəmlənməsinə xidmət edir.

Dördüncüsü, yeni modelin ən mühüm tərəflərindən biri onun şəffaflığı gücləndirməsi və korrupsiyaya qarşı preventiv təsir potensialıdır. Əməkhaqqının şəffaf və adekvat olması dövlət qulluqçularının qeyri-rəsmi gəlir axtarışına motivasiyasını azaldır”.

Ədalət Muradovun sözlərinə görə, dövlət idarəçiliyinin keyfiyyəti iqtisadi baxımdan yüksəlirsə, bu iqtisadi artıma müsbət təsir edir: “Yəni bu, sadəcə xərclərin artımı deyil, investisiya kimi dəyərləndirilməlidir. Sosial baxımdan uzunmüddətli dövrdə daha effektiv dövlət xidmətləri bütün cəmiyyətə fayda verir. Gənclər üçün dövlət xidmətinin cəlbediciliyi yüksəlir.

İdarəetmə baxımından yanaşsaq, bəllidir ki, keyfiyyətli dövlət idarəçiliyi ucuz başa gəlmir. Əksinə, zəif idarəetmənin iqtisadiyyata vurduğu zərər daha böyükdür. Verilmiş qərar nəticəsində dövlət qulluğunda peşəkar kadrların sayı artacaq ki, bu da bütövlükdə peşəkarlıq səviyyəsini və dövlət xidmətlərinin keyfiyyətini yüksəldəcək”.

Rektor qeyd edib ki, bu siyasət təkcə regional deyil, qlobal tendensiyalarla da uzlaşır: “Beynəlxalq səviyyədə dəstəklənən yanaşmalarda da dövlət sektorunda əməkhaqqı sistemlərinin sadələşdirilməsi və performans əsaslı modellərə keçid əsas prioritetlərdən biridir. Estoniya, Latviya, Sloveniya və digər ölkələrdə həyata keçirilmiş oxşar islahatlar göstərir ki, dövlət qulluqçularının maaşlarının artırılması və nəticədə sistemin daha da şəffaflaşdırılması dövlət sektorunun effektivliyini əhəmiyyətli dərəcədə yüksəldir.

Etik baxımdan isə ədalətli əməkhaqqı dövlət qulluqçusunun məsuliyyətinə uyğun ödəniş almasını təmin edir. Bu, idarəetmədə etik davranış standartlarını gücləndirir”.

Ə. Muradov dövlət qulluqçularının maaşlarının əhəmiyyətli dərəcədə artırılmasının təhsil və elmin inkişafına da müsbət təsir edəcəyini vurğulayıb: “Belə ki, dövlət sektorunda daha yüksək maaşlar təhsilli və bacarıqlı kadrların ölkədə çalışmasını stimullaşdırır. Dövlət qurumlarında analitik, tədqiqat və strateji düşüncə tələb edən vəzifələrə daha güclü mütəxəssislər cəlb olunacaq. Bu isə qərar qəbuletmə prosesinin elmi əsaslarının güclənməsinə gətirib çıxaracaq. Dolayısı ilə bu siyasət universitetlərdə təhsilin keyfiyyətinə də təsir edəcək, çünki bazarda daha keyfiyyətli məzunlara tələb artacaq”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
10
525.az

10Sources