Bəs bu iddia nə dərəcədə realdır?
Milli.Az xəbər verir ki, bəzi mütəxəssislər hesab edirlər ki, hərbi əməliyyatlar zamanı istifadə olunan güclü partlayıcılar, raket hücumları və kimyəvi maddələr atmosferə mənfi təsir göstərə bilər. Onların fikrincə, bu cür müdaxilələr ekosistemdə tarazlığı pozaraq leysan yağışlar, sel və digər kəskin iqlim dəyişikliklərinə səbəb ola bilər. Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistan kimi ölkələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti də bəziləri tərəfindən bu proseslərin nəticəsi kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Həsən Nəbiyev bildirib ki, müharibə zamanı baş verən partlayışlar və istifadə olunan kimyəvi maddələrin ətraf mühitə təsiri tam istisna edilə bilməz. Onun sözlərinə görə, belə təsirlər daha çox hərbi əməliyyatların getdiyi ərazilərə yaxın bölgələrdə məsələn, İran körfəzi ətrafında özünü göstərə bilər.
Ekspert qeyd edib ki, müharibələrin iqlimə təsiri elmi müzakirə mövzusu olsa da, regionda baş verən genişmiqyaslı təbiət hadisələrini yalnız hərbi əməliyyatlarla izah etmək düzgün deyil. Bu kimi nəticələrə gəlmək üçün daha geniş və dərin ekoloji araşdırmaların aparılması vacibdir.