Bakı, 31 mart, AZƏRTAC
Zəruri təhlükəsizlik tədbirlərini görmədən yolun hərəkət hissəsində dayanmaq qəzaya səbəb olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, NİİM-in müşahidə kamerası vasitəsilə qeydə alınan bu hadisə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi yolda dayanmış avtomobillə çırpılıb: “Unutmayaq ki, qəzaların baş verməməsi üçün nəqliyyat vasitəsi nasazlıq və ya digər məcburi səbəblərdən yolun hərəkət hissəsində dayandıqda belə, dərhal təhlükəsizlik tədbirləri görülməlidir. Qanuna əsasən isə nasazlıq yarandıqda avtomobil yolun kənarına çəkilməli, qəza siqnalları yandırılmalı və ən azı 30 metr məsafədə qəza dayanma nişanı qoyulmalıdır. Sürücülər onu da bilməlidirlər ki, hərəkət zamanı sükan arxasında diqqətli olmasan yol-nəqliyyat hadisəsi qaçılmaz olacaq”,- deyə məlumatda diqqətə çatdırılıb.