EN

Bakıda qazaxıstanlı dövlət qulluqçuları üçün təlim keçirilir

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

31 mart - 10 aprel 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  (DİA) tərəfindən Qazaxıstan Respublikasının bir qrup dövlət qulluqçusu, Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantları üçün təlim - təcrübə proqramları təşkil olunacaq.   

Modern.az xəbər verir ki, “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim-təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını xüsusi vurğuladı.

Qeyd olundu ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekoloji yanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir. Bildirildi ki, həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan regionda innovativ inkişaf modelini uğurla tətbiq edən, müasir idarəçilik texnologiyalarından geniş istifadə edən və dövlət idarəçiliyində yeni yanaşmaları effektiv şəkildə tətbiq edən ölkələrdən birinə çevrilmişdir.

Rektor qeyd edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.

Urxan Ələkbərov DİA ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında dərin əməkdaşlığın mövcud olduğunu, davamlı şəkildə dövlət idarəçiliyi, təhsil, elm sahələrində birgə tədbirlərin həyata keçirildiyini qeyd edib. Eyni zamanda vurğulanıb ki, bu proqram iki ölkə arasında dövlət idarəçiliyi sahəsində əməkdaşlığın daha da genişlənməsinə, təcrübə mübadiləsinin gücləndirilməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcək.

Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel tədbir iştirakçılarını salamlayaraq, Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, iki qardaş ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil və dövlət idarəçiliyi sahələrində əməkdaşlıq dinamik şəkildə genişlənməkdədir.

Səfir vurğulayıb ki, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıq Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Qazaxıstanın səfiri öz çıxışında Qazaxıstan Respublikasının  Prezidenti Kasım-Jomart Tokayevin həyata keçirdiyi siyasi və iqtisadi islahatlar barədə məlumat verdi. Qeyd olundu ki, Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanda dövlət idarəçiliyinin modernləşdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyaların inkişafı və sosial rifahın yüksəldilməsi istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar Qazaxıstanın regional və beynəlxalq səviyyədə rolunu daha da gücləndirməyə, ölkənin dayanıqlı inkişafını təmin etməyə yönəlib. Səfir həmçinin Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən uğurla inkişaf etdirildiyini vurğuladı.

Daha sonra Qazaxıstandan gələn magistrant - dövlət qulluqçuları Bakıya xüsusi maraqla gəldiklərini, bu kimi proqramların davamlı olacaqlarından əminliklərini ifadə ediblər.

Xatırladaq ki, təlim proqramı çərçivəsində iştirakçılar üçün dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi mövzularda mühazirələr və təqdimatlar təşkil olunacaq. Həmçinin, proqram çərçivəsində iştirakçıların Milli Məclis, ASAN İnnovasiya Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarına səfərləri nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
5
modern.az

6Sources