EN

Türk nazir: TDT-də Qadın Əməkdaşlıq Şurası yaradılacaq - EKSKÜZİV

BAKI, 31 mart. TELEQRAF

Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş eksklüziv olaraq Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Cənab nazir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci ili “Ailə İli” elan etməsi və sonrakı mərhələdə bu təşəbbüsü uzunmüddətli “Ailə və əhali 10 ili” vizyonuna çevirməsi, həmçinin Prezident İlham Əliyevin ailəni milli kimliyin və ictimai sabitliyin təməli kimi səciyyələndirən yanaşması birlikdə dəyərləndirildikdə Türkiyə və Azərbaycanın öncülüyü və təşəbbüsü ilə ortaq bir “Türk dünyasının ailə hədəfləri”nin formalaşdırılması mümkündürmü?

- Hamımıza məlumdur ki, ailə bəşəriyyətin ən fundamental nailiyyəti, yer üzündəki bütün cəmiyyətlərin ortaq dəyəridir. Ailə institutunun millətlərin öz mövcudluğunu qoruyub saxlamasında və gələcəyini təmin etməsində həlledici rol oynadığı aydındır. Ailə xüsusilə ortaq tarixi yaddaşa, zəngin mədəni irsə və ümumi dəyərlər sisteminə malik türk coğrafiyasında mərkəzi mövqeyə sahibdir.

Bizim ənənəmiz ailəni köklü bir sivilizasiya irsinin daşıyıcısı və onun təminatçısı kimi qəbul edir. Bu səbəbdən ailəni mərkəzə alan siyasətlər ətrafında birləşmək, xüsusilə Türk Dövlətləri Təşkilatı baxımından son dərəcə təbii bir tendensiya olacaq. Bu iradə yalnız cari ehtiyaclara cavab verməklə kifayətlənməyəcək, eyni zamanda gələcəyə yönəlik güclü, davamlı və kompleks bir vizyonun qurulmasına töhfə verəcək.

Türkiyə Respublikasının Konstitusiyası ailəni cəmiyyətin təməli kimi qəbul edir və dövlətə ailənin rifahı və xoşbəxtliyi üçün zəruri tədbirləri görmək vəzifəsini tapşırır. Yəni ailənin qorunması bizim ölkəmizdə konstitusiya ilə təmin edilib. Bildiyiniz kimi, cənab Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi ilə 2025-ci il ölkəmizdə “Ailə ili” elan edilib. Prezidentin Birləşmiş Millətlər Təşkilatının 78-ci sessiyasında “Ailəni qorumaq, insanlığa və onun gələcəyinə sahib çıxmaq deməkdir” sözləri ilə yadda qalan tarixi çıxış etdi və ailənin əhəmiyyətini BMT tribunasında vurğulayan ilk lider oldu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin də ailə məsələsinə yüksək həssaslığı nəzərə alındıqda, iki ölkənin liderliyində ortaq “Türk dünyasının ailə hədəfləri”nin formalaşdırılması qarşısında heç bir maneə görünmür.

Hazırda bu vizyonun, bu hədəfin təməlləri ölkəmizin öncülüyü ilə, başda Azərbaycan olmaqla qardaş ölkələrin güclü töhfələri sayəsində artıq qoyulub. Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının əməkdaşlıq sahələrinə sosial sferanın daxil edilməsi bu prosesin mühüm addımlarından biri olub. 2024-cü ilin mayında İstanbulda Türk Dövlətləri Təşkilatının sosial siyasət üzrə məsul nazirlərinin "Qloballaşan dünyanın riskləri qarşısında ailəmiz, gələcəyimiz" mövzusuna həsr olunan l toplantısı keçirilib.

Sosial siyasət sahəsinə məsul nazirlərin toplantısının ikincisi isə ötən ilin iyununda Azərbaycanın ev sahibliyi ilə Bakıda təşkil olunub. Hər iki toplantıda ailəyə yönəlik ortaq siyasətlərin həyata keçirilməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirildi, Azərbaycan bu prosesə fəal dəstək verən öncü ölkələrdən biri oldu. Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə dəfələrlə görüşərək sosial siyasət sahəsində əməkdaşlığımıza dair qətiyyətimizi ortaya qoymuşuq. Bu qətiyyətin Türk Dövlətləri Təşkilatına üzv digər ölkələrdəki həmkarlarımızda da mövcud olduğu məlumdur.

Beləliklə, ortaq “Türk dünyası ailə hədəfləri”nin formalaşdırılması üçün şərtlər son dərəcə uyğundur.

- Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq əsasən müdafiə və enerji sahələrini prioritetə çevirsə də, ailə və sosial siyasətlər bu tərəfdaşlıq çərçivəsində hansı əhəmiyyəti ilə nəzərə çarpır?

- Türkiyə və Azərbaycan arasındakı strateji tərəfdaşlıq müdafiə və enerji kimi sahələrdə ön plana çıxmaqla yanaşı, bu gün gəldiyimiz mərhələdə ailə və sosial siyasətlərin də ən azı bu sahələr qədər həyati əhəmiyyət daşıdığını görürük. Cəmiyyətlərin gələcəyini birbaşa formalaşdıran ailə institutunun qorunması və gücləndirilməsi artıq strateji məsələ kimi qiymətləndirilir. Müasir dövrdə bir çox ölkələrdə ailə və cəmiyyət strukturunda baş verən dəyişikliklərin nəticəsi olaraq doğum səviyyələri xeyli dərəcədə azalıb.

Aşağı doğum göstəriciləri və sürətlə qocalan əhali bir çox ölkələr üçün ciddi təhlükəyə çevrilib. ABŞ və Avropa ölkələri ilə yanaşı, Rusiya, Çin, Yaponiya, Sinqapur və Cənubi Koreya kimi ölkələrdə aşağı doğum səviyyələri ilə mübarizə aparmaq məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Türkiyə son illərdə əhali siyasətini strateji prioritetə çevirməklə onu ən yüksək səviyyədə gündəmə gətirib. Bu çərçivədə, vitse-prezidentin rəhbərliyi ilə Əhali Siyasətləri Şurası yaradılıb. Şura doğum səviyyəsinin artırılması başda olmaqla, güclü əhali strukturunun formalaşdırılması məqsədilə yaradılmış ilk qurumdur. Türkiyə 2025-ci ili “Ailə ili”, 2026-2035-ci illəri əhatə edən dövrü isə “Ailə və əhali onilliyi” elan edib.

Qarşıdakı 10 il əhali strukturunda mənfi dəyişikliklərin qarşısının alınması, doğum səviyyəsinin artırılması, ailə və əhali strukturunun gücləndirilməsi baxımından kritik dövrdür. Ölkə olaraq bu dövrü effektiv siyasətlərlə dəyərləndirmək istiqamətində hazırlıqlarımız qətiyyətlə davam edir.

Türkiyə eyni zamanda həyata keçirdiyi “Ailə diplomatiyası” vasitəsilə bu həssaslığı beynəlxalq platformalara daşıyır və ailə mövzusunda qlobal səviyyədə maarifləndirmənin formalaşmasına öncülük edir. Qurumumuzun təşəbbüsü ilə milli səviyyədə həyata keçirilən çoxsaylı layihələrlə yanaşı, ailə institutunun mərkəzi rolunu vurğulamaq məqsədilə beynəlxalq platformalarda da fəal diplomatik iş aparılır.

Türkiyənin təklifi ilə İslam Əməkdaşlıq Təşkilatının 2026-2035 Fəaliyyət Proqramına “Ailənin, nəsillərin və güclü əhali strukturunun qorunması” ayrıca prioritet istiqamət kimi daxil edilib. Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Misir və Şimali Kipr Türk Respublikası 2026-cı ili “Ailə ili” elan edib.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə 2026-2035-ci illərin “Ailə və əhali onilliyi” elan olunması, rəqəmsal oyunlar və sosial media sahəsində gənclərin hüquqlarının qorunmasına yönəlik qərar layihələri qəbul edilib. Azərbaycan ailə yönümlü bütün beynəlxalq təşəbbüslərimizdə bizimlə eyni istiqamətdə fəal iştirak edir.

Biz ailə və sosial siyasətlər sahəsində əməkdaşlıqlarımızı Türk Dövlətləri Təşkilatına üzv bütün ölkələrlə olduğu kimi, qardaş Azərbaycanla da gücləndirmək əzmindəyik. Ailə və əhali məsələsinin ölkəmizdə qarşıdakı on il üçün strateji prioritetlərindən olması Azərbaycanla münasibətlərimizə də öz təsirini göstərəcək.

“İki dövlət, bir millət” prinsipi əsasında mövcudluğumuzun təmin olunması, digər sahələrdə olduğu kimi sosial sahələrdə də əməkdaşlığımızın gücləndirilməsini zəruri edir. Bu səbəbdən sosial siyasətlər sahəsində əməkdaşlıqlarımız strateji hədəflərimizin ayrılmaz tərkib hissəsidir və Azərbaycanla bu əməkdaşlığı daha da dərinləşdirməyə xüsusi önəm veririk.

- İki ölkə arasında ailə institutunun gücləndirilməsinə yönəlmiş ortaq bir “Türk dünyasının ailə hədəfləri” çərçivəsində institusional addımların atılması gündəmdədirmi?

- 2024-cü ilin mayında İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının I Sosial Siyasət Nazirləri Toplantısında ailə institutunun gücləndirilməsinə yönəlmiş siyasətlərin hazırlanması və həyata keçirilməsi istiqamətində birgə fəaliyyət göstərilməsini nəzərdə tutan bəyannamə imzalanıb. Bu bəyannamə çərçivəsində türk ailə dəyərlərinin möhkəmləndirilməsi və nikah institutunun qorunmasını hədəfləyən proqramların hazırlanması, həmçinin qloballaşan dünyada rəqəmsal risklərə qarşı ailənin qorunması sahəsində ortaq fəaliyyət göstərilməsi qərara alınıb.

Eyni zamanda nikah və ailə institutuna qarşı mənfi təsəvvürlərlə mübarizə aparılması, ailəni təhdid edən asılılıqlar və cinsiyyətsizləşdirmə kimi zərərli tendensiyalar qarşısında ortaq siyasətlərin hazırlanması istiqamətində də razılıq əldə olunub. Bununla yanaşı, üzv ölkələrdə ailə strukturu və sosial siyasətlərə dair tədqiqatların aparılması, ölkə üzrə analitik hesabatların hazırlanması və məlumat bazalarının formalaşdırılması kimi sahələrdə əməkdaşlıq edilməsi də qərara alınıb.

Bu bəyannamə Türk Dövlətləri Təşkilatına üzv ölkələr üçün əsas bir ailə vizyonunu ortaya qoyur. Azərbaycanla sosial siyasət sahəsində mövcud güclü əməkdaşlıqlarımızı bu vizyon, bu hədəf istiqamətində inkişaf etdirmək üçün son dərəcə əlverişli zəmin var.

- Sosial xidmətlər sahəsində Azərbaycanla informasiya və təcrübə mübadiləsi hansı səviyyədə həyata keçirilir?

- Azərbaycan Respublikası ilə sosial xidmətlər sahəsində əməkdaşlıq 2011-ci ildə imzalanmış Hökumətlərarası Əməkdaşlıq Protokolu və 2022-ci il tarixli Anlaşma Memorandumu əsasında, həmçinin onlara uyğun Fəaliyyət Planları çərçivəsində institusional və davamlı şəkildə həyata keçirilir. Bu çərçivədə nazirlər səviyyəsində konfrans və görüşlərlə yanaşı, ekspertlər səviyyəsində təlimlər, yerində araşdırmalar və birgə layihələr vasitəsilə, başda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olmaqla müvafiq tərəfdaş qurumlarla çoxşaxəli və səmərəli əməkdaşlıq davam etdirilir. Uşaq hüquqları, himayədar ailə və Sosial və İqtisadi Dəstək (SİD) xidmətləri, psixososial dəstək və ailə yönümlü tətbiqlər sahələrində geniş informasiya və təcrübə mübadiləsi həyata keçirilib, Azərbaycanda himayədar ailə sisteminin tətbiqinə başlanması prosesində hər iki ölkənin səlahiyyətli qurumları arasında təsirli və nəticəyönümlü əməkdaşlıq qurulub.

Bu əməkdaşlıq Beynəlxalq Ailə Forumu, Türk Dövlətləri Təşkilatının Sosial Siyasət üzrə Nazirlər Toplantısı və BMT çərçivəsində təşkil olunan yan tədbirlər kimi beynəlxalq platformalarda da güclü və görünən şəkildə davam etdirilir.

- Qarşıdakı 10 il ərzində Türkiyə və Azərbaycan üçün ortaq bir sosial siyasət vizyonu yaratmaq mümkündürmü?

- İki qardaş ölkə arasındakı tarixi, mədəni və ictimai bağlar ortaq bir sosial siyasət vizyonunun hazırlanması üçün güclü bir zəmin təşkil edir. Ortaq dil, oxşar ictimai dəyərlər və “iki dövlət, bir millət” inancı sosial siyasət sahəsində əməkdaşlığı asanlaşdıran sosioloji çərçivə yaradır. Bu kontekstdə Türkiyə və Azərbaycan arasında ictimai uyğunluq və qarşılıqlı anlayış səviyyəsi ortaq siyasət istehsalı baxımından mühüm üstünlükdür. Bu çərçivədə ortaq sosial siyasət hədəfinin uğuru institusional strukturların yaradılmasına, ortaq fəaliyyət planlarının hazırlanmasına və tətbiqə yönəlmiş konkret əməkdaşlıqların inkişaf etdirilməsinə bağlıdır. Bu sistemləşdirmə iki ölkə arasındakı istehsal proseslərində effektiv şəkildə əks olunmasına imkan verəcək.Bu

Gələcək onillikdə ortaq sosial siyasət vizyonu təhsil, məşğulluq, gənclər siyasəti, ailə və əhali siyasəti, sosial müdafiə sistemləri və miqrasiya idarəçiliyi kimi sahələrdə strateji hədəflərin müəyyənləşdirilməsi ilə mümkün olacaq. Bu prosesdə akademik əməkdaşlıqlar, texniki qabiliyyət paylaşımı və qarşılıqlı siyasət öyrənmə mexanizmləri mühüm rol oynayacaq. Bu istiqamətdə atılacaq addımlar iki ölkə arasındakı strateji tərəfdaşlığın sosial ölçüsünü gücləndirərək əlaqələrin daha hərtərəfli və davamlı xarakter almasına şərait yaradacaq.

Ölkəmizin təşəbbüsü ilə başlanan Sosial Siyasət Nazirləri Toplantılarının sistemli və effektiv şəkildə həyata keçirilməsi isə bu məqsədlərə çatmaq üçün mexanizmlərin yaradılmasına xidmət edəcək.

- Biz digitallaşmanın ailə strukturunu dəyişdirdiyi bir dövrdə yaşayırıq. Türkiyədə “Ailə ili” çərçivəsində dijital təhdidlərə qarşı ailə institutunu qorumaq məqsədilə hansı tədbirləri həyata keçirilib?

- Digitallaşmanın həyatın bütün sahələrinə sürətlə təsir etdiyi bir dövrdə, onun təqdim etdiyi imkanlarla yanaşı, ailə strukturunda yarada biləcəyi risklər də nazirliyimiz tərəfindən yaxından izlənilir. Digitallaşmanın həddindən artıq fərdiləşməyə və “mən mərkəzli” yanaşmaya yol açaraq ailə bağlarını zəiflətməsi məsələsi diqqət mərkəzindədir.

Risklərin qarşısını almaq məqsədilə “Ailə ili” çərçivəsində texnoloji cihazlardan və ekrandan fasilə verərək digital dünyaya qısa müddətli “detoks” imkanı yaradan tədbirlər həyata keçirilib. “Dijital Detoks Düşərgələri” ailə üzvləri arasındakı bağları gücləndirmək, sosial, emosional və fiziki rifahı artırmaq, uşaqların valideyn və həmyaşıdları ilə keyfiyyətli və mənalı vaxt keçirməsini təmin etmək məqsədilə təşkil olunub.

Eyni zamanda, cəmiyyətin bütün təbəqələrində fərqindəlik yaratmaq və qoruyucu-önləyici yanaşmaları inkişaf etdirmək məqsədilə “Asılılıqla mübarizə” mövzusunda maarifləndirici söhbətlər aparılır. Hər növ asılılıq kimi, dijital asılıqlarla mübarizə də nazirliyimizin fəaliyyət sahəsinə daxildir. Bu istiqamətdə asılılıq yaşayan fərdlərə və onların yaxınlarına yönləndirmə, məsləhət və sosial dəstək təmin etmək məqsədilə yeni xidmət modeli olan “Asılılıqda sosial uyğunlaşma prosesinin məsləhət xidməti” tətbiq olunur.

Bu xidmət həm kimyəvi mənşəli asılılıqlara (siqaret, narkotik, spirtli içki), həm də davranış asılılıqlarına (qumar, texnologiya) yönəlmiş müdaxilələri əhatə edir. Uşaqların digital risklərdən qorunması valideyn təlimləri ilə birbaşa bağlıdır. Bu məqsədlə “Valideynlər üçün dijital fərqindəlik atelyesi” çərçivəsində “Dijital oyun dünyası və uşaq” mövzusunda valideynlərə oyun, qumar və virtual asılılıqlar barədə məlumat və təlimlər təqdim olunur.

Həmçinin, “Ailə Təlim Proqramı” (ATP) çərçivəsində media sahəsində keçirilən təlimlərlə ailə üzvlərinə medianın imkanlarından maksimum istifadə etməyi və mediadan gələcək təhlükələri minimuma endirməyi təmin edəcək əsas bilik və bacarıqlar qazandırmaq hədəflənir. ATP media təlimləri çərçivəsində 2013-cü ildən bu yana 663 min nəfərə çatmışıq.

- Təmsil etdiyiniz nazirliyin sosial media, süni intellekt və rəqəmsal məzmunların ailədaxili münasibətlərə təsirini tənzimləyən uzunmüddətli bir yol xəritəsi varmı?

- Nazirlik olaraq sosial media, süni intellekt və rəqəmsal məzmunların ailədaxili münasibətlər üzərindəki təsirləri ilə bağlı işləri qısa müddətli gündəm mövzusu kimi yox, uzunmüddətli və çoxölçülü bir siyasət sahəsi kimi qiymətləndiririk. Bu çərçivədə qoruyucu, önləyici və gücləndirici bir yol xəritəsi istiqamətində fəaliyyət göstəririk.

2024-2028-ci illəri əhatə edən “Ailənin qorunması və gücləndirilməsi üzrə vizyon sənədi və Fəaliyyət Planı” 15 may 2024-cü il tarixli prezident sərəncamı ilə elan edilib. Fəaliyyət Planımızda beş əsas məqsəddən biri olan “Rəqəmsallaşma prosesində ailənin dəstəklənməsi” başlığı altında, medianın və texnologiyanın şüurlu istifadəsinin təşviqi və rəqəmsal asılılıqların azaldılması, “ailə dostu” media məhsulları və rəqəmsal məzmunların artırılması və onlara çıxışın təmin edilməsi, media və rəqəmsal platformalarda ailə və ailə dəyərlərinin qorunması kimi üç əsas strateji hədəf və bunlara bağlı 17 fəaliyyət yer alır. Bu fəaliyyətləri nəzərdə tutulan vaxt çərçivəsində həyata keçirməyə davam edirik.

Sosial media, süni intellekt və rəqəmsal məzmunların fərdlər üzərindəki mənfi təsirləri ilə mübarizədə bu sahələrə yönəlmiş təlimlərin əhəmiyyəti böyükdür, lakin uğur bu prosesin güclü ailədaxili ünsiyyətlə dəstəklənməsi ilə mümkündür. Ailə üzvlərinin bir-birini anlayan, dinləyən və mühakimə etmədən danışa bilən ünsiyyət dili inkişaf etdirməsi, rəqəmsal dünyada qarşılaşdıqları riskləri fərq etməyi və düzgün şəkildə idarə etməyi asanlaşdırır.

Bu səbəbdən ailə təhsil proqramlarını genişləndirərək daha çox valideynə çatmaq və ailə üzvlərinin əsas həyat bacarıqlarını dəstəkləmək yol xəritəmizin vacib mərhələlərindən birini təşkil edir. Bu çərçivədə ailə üzvlərinin ömürboyu dəyişən rollarına uyğunlaşmalarını asanlaşdırmaq, ailə həyatı ilə bağlı bilik və bacarıqlarını artırmaq, ailə daxilində həmrəyliyi və sahmanı gücləndirmək məqsədilə nazirliyimiz tərəfindən Ailə Təhsil Proqramı adlı yetkinlər üçün təhsil proqramı hazırlanıb.

- Uşaqların maddə asılılığına, rəqəmsal asılılığa və cinayətkar qruplaşmaların hədəfi olmasına qarşı Türkiyədə hansı profilaktiki sosial tədbirlər həyata keçirilir?

- Türkiyədə uşaqların maddə asılılığına, rəqəmsal asılılığa və cinayət təşkilatlarının hədəfi olma riskini azaltmağa yönəlmiş qabaqlayıcı sosial siyasət əsasən üç səviyyədə həyata keçirilir: qarşısını alma, risk qruplarına erkən müdaxilə və müalicə-reabilitasiya ilə yenidən uyğunlaşma prosesləri. Buradakı əsas məqsəd risk ortaya çıxdıqdan sonra müdaxilə etmək deyil, uşağı risklə qarşılaşmadan əvvəl qoruyacaq sosial mexanizmləri gücləndirməkdir.

Nazirliyimiz tərəfindən asılılıqla mübarizə işləri bir çox fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər çərçivəsində davam etdirilir. Bu çərçivədə maddə, spirt, tütün, qumar və texnologiya asılılığı ilə bağlı maarifləndirmə işləri 81 vilayətdə aparılır.

Bununla yanaşı, uşaqların rəqəmsal dünyada daha təhlükəsiz və güclü fərdlər kimi iştirak edə bilməsi məqsədilə “Rəqəmsal dünyada uşaqların gücləndirilməsinə yönəlik Fəaliyyət Planı” hazırlanıb. Bu fəaliyyət planı yalnız uşaqları deyil, valideynləri, baxıcıları, müəllimləri və uşaqlarla işləyən bütün peşəkarları əhatə edən hərtərəfli bir yanaşma təqdim edir. Uşaqlarda problemli internet istifadəsinin erkən aşkarlanması, istiqamətləndirmə və yönləndirmə işləri, həmçinin izləmə və hesabat vermə proseslərini sistemli bir struktura salır.

Rəqəmsal mühitlərin yaxından izlənməsi məqsədilə nazirliyimiz tərəfindən fəaliyyət göstərən Sosial Media İşçi Qrupu uşaqların qarşılaşa biləcəyi zərərli məzmunları müəyyən edir və zəruri müdaxilələri həyata keçirir. Bu prosesdə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu, Baş Polis İdarəsi və Türkiyə Radio və Televiziya Qurumu ilə əməkdaşlıq edilərək zərərli məzmunların silinməsi və ya onlara girişin məhdudlaşdırılması təmin edilir.

Risk altında olduğu müəyyən edilən uşaqlara isə olduqları vilayətlərdə psixososial dəstək göstərilir. 2025-ci ilin dekabrında uşaqların rəqəmsal dünyada qarşılaşa biləcəyi risklərdən qorunmasını təmin etmək, valideynləri məlumatlandırmaq və cəmiyyətdə fərqindəlik yaratmaq məqsədilə “Uşaqlar Təhlükəsizlikdə” veb saytı və mobil tətbiqi istifadəyə verilib. Bu platformalar vasitəsilə uşaqlar və valideynlər zərərli məzmunları birbaşa bildirə bilirlər və istiqamətləndirmə, məsləhət və dəstək xidmətlərinə asanlıqla çatırlar. “Mənimlə Paylaş” bölməsi sayəsində uşaqlar rəqəmsal mühitdə gördükləri zərərli məzmunları birbaşa Nazirliyimizə göndərə bilirlər.

Veb saytımızda valideyn nəzarət vasitələrinin nə olduğu, necə quraşdırılıb istifadə ediləcəyi, ekran vaxtının necə idarə olunacağı, rəqəmsal valideynlik, texnologiya asılılığı, oyun və sosial media dünyasında uşaqları gözləyən risklər kimi mövzularda aydın və yol göstərən məzmunlar təqdim olunur. "Uşaqlar Təhlükəsizlikdə" qrupları uşaqların qarşısı alınabilən risklərdən qorunması və sağlam inkişaflarının dəstəklənməsi məqsədilə fəaliyyət göstərir. Bu çərçivədə qoruma qərarı ləğv edilərək ailəsinə təhvil verilmiş, cinayətə sürüklənmiş, laqeyd münasibətlə üzləşmiş, küçədə işlədilmiş və ya digər səbəblərlə risk altında olan uşaqlar və onların ailələri müntəzəm olaraq izlənilir. Qruplar ev ziyarətləri həyata keçirərək uşağın və ailənin risk və ehtiyaclarını qiymətləndirir və uyğun dəstək mexanizmlərinə yönləndirilir.

Uşaqlara tətbiq olunan məsləhət tədbirləri çərçivəsində maddə istifadəsi, rəqəmsal risklər, cinayətə sürüklənmə və neqativ həmyaşıd təsirləri kimi sahələrdə fərqindəlik yaratmağa yönəlmiş strukturlaşdırılmış psixososial müdaxilələr həyata keçirilir.

Bundan əlavə, ailələr üçün hazırlanmış modullar vasitəsilə valideynlərin uşaqları ilə sağlam ünsiyyət qurması, rəqəmsal mühitləri təhlükəsiz idarə etməsi və riskli vəziyyətləri erkən aşkar etməsi dəstəklənir. Həmçinin, dövlət himayəsində olan uşaqlar üçün ən əhəmiyyətli dəstək proqramlarımızdan biri olan ANKA Uşaq Dəstək Proqramını 2024-2025-ci illərdə gücləndirərək yeniləmişik.

Proqrama texnologiya savadlılığı, rəqəmsal asılılıq, psixoaktiv maddələrdən asılılıq və ailə ilə iş istiqamətlərini əhatə edən yeni sessiyalar əlavə edilib. Həyata keçirilən bütün bu tədbirlərin əsas məqsədi yalnız uşaqları mövcud risklərdən qorumaq deyil, eyni zamanda onların təhlükəsiz, məlumatlı və güclü fərdlər kimi formalaşmasını dəstəkləyən davamlı sosial siyasət yanaşmasını təmin etməkdir.

- Qadın hüquqları mövzusunda Qərb mərkəzli bəyanatlarla Türkiyənin öz ictimai reallığı arasında necə bir tarazlıq qurulur?

- Türkiyə qlobal insan hüquqları dəyərlərini ilk növbədə Konstitusiyasında əks etdirməklə milli qanunvericiliyinə inteqrasiya etdirib. Hətta daxili hüquq normaları ilə beynəlxalq standartlar arasında ziddiyyət yarandığı hallarda beynəlxalq müqavilə müddəalarının üstünlüyünü qəbul edib. Bununla belə, bu yanaşma Qərb mənşəli normaların mexaniki şəkildə mənimsənilməsi kimi qiymətləndirilməməlidir. Əksinə, Türkiyə bu gün fəal xarici siyasəti vasitəsilə özünün zəngin tarixi və mədəni dəyərlərini müxtəlif sahələrdə beynəlxalq ictimaiyyətə təqdim edir.

Bizim sivilizasiya anlayışımızda insan yalnız bioloji varlıq kimi deyil, eyni zamanda mənəvi dəyərlərin daşıyıcısı kimi qəbul olunur. Türkiyə yalnız CEDAW (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya), Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Avropa İnsan Hüquqları Konvensiyası kimi əsas insan hüquqları sənədlərinə qoşulmaqla kifayətlənmir, həm də bu çərçivədə aparılan fəaliyyətlərə fəal töhfə verərək öz sivilizasiya baxışını qlobal müstəviyə daşıyır. Bu kontekstdə Türk qadınının hüquqlarını təmin edən institusional çərçivə Qərb ölkələrindəki nümunələrlə müqayisə edilə biləcək səviyyədədir. Əsas fərq hüquqların necə mənalandırılmasında ortaya çıxır.

Qərb mərkəzli yanaşma fərdi hüquq və azadlıqları mərkəzə qoyarkən, fərdin cəmiyyət qarşısındakı məsuliyyətlərini çox vaxt ikinci plana keçirir. Halbuki insan yalnız fiziki varlıq deyil, o, sosial münasibətlər, ortaq dəyərlər və paylaşılmış mənalar çərçivəsində formalaşan kompleks bir bütövlükdür. İnsan təkbaşına mövcud ola bilməz, təhlükəsizlik, istehsal, ictimai nizam və mənalı həyat üçün cəmiyyətə ehtiyac duyur.

Cəmiyyət isə fərdlərin sadə məcmusu deyil, üzvi və qarşılıqlı bağlı bir sistemdir. Bu baxımdan, qadın və kişi fərqi qoymadan insanı məhz bu bütövlük daxilində qiymətləndiririk. Şübhəsiz ki, fərd mərkəzli yanaşma azadlıqların qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin fərdi qoruyarkən onu cəmiyyətdən təcrid etmək, sosial bağları zəiflətmək və ya fərdi təklikdə buraxmaq düzgün yanaşma hesab edilə bilməz.

Hüquqlarımız qədər məsuliyyətlərimiz, azadlıqlarımız qədər vəzifələrimiz var. Hüquqlardan tam şəkildə faydalanmağın yolu, məsuliyyətləri də güclü şəkildə üzərinə götürə bilən fərdlər yetişdirməkdən keçir. Qadına baxışımızın mərkəzində məhz bu tarazlıq anlayışı durur. “Güclü Qadın, Güclü Ailə, Güclü Cəmiyyət” prinsipi işlərimizin əsas rəhbəridir.

Qadınlar yalnız ailə strukturumuzun deyil, həmçinin ölkəmizin inkişaf prosesinin də əsas subyektidir. Müasir dünyada davamlı rifaha çatmağın yolu qadınların və kişilərin inkişafın hər mərhələsində həmrəyliklə iştirak etməsini tələb edir. Qadınların cəmiyyətdə qarşılaşdıqları maneələrin aradan qaldırılması və rifah səviyyələrinin yüksəldilməsi “Güclü Türkiyə” hədəfimizin ayrılmaz hissəsidir. Qadınların insan ləyaqətinə uyğun həyat sürməsi, qərar qəbuletmə mexanizmlərində fəal rol alması və hüquq, imkan və fürsətlərdən bərabər şəkildə faydalanması üçün bütün dəstək mexanizmlərimizi səfərbər etməyə davam edirik.

Bu fürsətdən istifadə edərək bildirmək istərdim ki, qadın siyasətləri TDT-yə üzv ölkələrlə sosial siyasət sahəsində davam edən əməkdaşlıqlarımızın ən vacib başlıqlarından biridir. Yaxın zamanda TDT-yə üzv ölkələrini bu sahədə ortaq bir mexanizm çərçivəsində bir araya gətirməyi hədəfləyən TDT Qadın Əməkdaşlığı Şurasının yaradılması üçün təşəbbüslərimizi başlamışıq. Bu təşəbbüsün qardaş coğrafiyamızdakı qadınların hər sahədə güclənməsinə yönəlmiş səylərin ortaq istiqamət almasına və bilik, təcrübə və bacarıq paylaşımı üçün səmərəli bir zəmin yaratacağına inanırıq.

- Son olaraq, Azərbaycan xalqına hər hansı mesajınız varmı?

- Azərbaycan bizim qardaş coğrafiyamıza açılan qapımızdır. “İki dövlət, bir millət” şüarı ilə bölgəmizdə sülh və sabitlik üçün birlikdə çalışdığımız strateji tərəfdaşımızdır. Dərin tarixi köklərimiz və mövcud əməkdaşlıqlarımız bizi ayrılmaz bağlarla birləşdirib. Azərbaycanla dostluğumuz həm ölkələrimizin, həm də bölgəmizin sabitliyi üçün əvəzsizdir. Bu şüurla ölkələrimiz arasında hər sahədə olduğu kimi sosial siyasət sahəsində də əməkdaşlıqlarımızı inkişaf etdirməyə qətiyyətlə davam edəcəyik.

Azərbaycan xalqının ailəyə və güclü ailə bağlarına verdiyi dəyəri yaxından və məmnuniyyətlə izləyirik. Bu dərin anlayışın qorunması və gələcək nəsillərə ötürülməsi yalnız Azərbaycan üçün deyil, ortaq mədəniyyət bölgəmiz baxımından da böyük bir əhəmiyyət kəsb edir. Biz inanırıq ki, bu möhkəm sosial duruş, ailə institutunun daha da güclənməsinə mühüm töhfə verəcək.

Biz də Türkiyə olaraq, bu ortaq dəyərlərimizdən hərəkət edərək, müvafiq qurumlarımız və səlahiyyətli orqanlarımız vasitəsilə ailəni gücləndirməyə yönəlmiş əməkdaşlıqları inkişaf etdirməyə və həmrəyliyimizi davam etdirməyə hər zaman hazırıq.

Chosen
21
teleqraf.com

1Sources