EN

31 Mart: Tarixin qan yaddaşı, millətin sarsılmaz hafizəsi

“31 Mart Azərbaycan xalqının təkcə təqvimdə qeyd olunan bir anım günü deyil, milli yaddaşımızın ən ağrılı, ən sarsıdıcı və eyni zamanda ən ayıq saxlayan səhifələrindən biridir. Bu tarix xalqımızın yaddaşına silinməz iz kimi həkk olunan, bütöv bir millətin taleyinə qanla yazılmış faciənin adıdır. 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı həyata keçirilən kütləvi qırğınlar öz miqyasına, amansızlığına və insanlıqdan uzaq mahiyyətinə görə yalnız Azərbaycan tarixinin deyil, bəşər tarixinin də ən qanlı faciələri sırasında dayanır”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

 Onun sözlərinə görə,  Bakıdan Şamaxıya, Qubadan Qarabağa, Zəngəzurdan İrəvana qədər uzanan bu qanlı coğrafiyada minlərlə günahsız insan yalnız milli kimliyinə görə vəhşicəsinə qətlə yetirildi. “Körpələr, qadınlar, qocalar amansızlıqla öldürüldü, yaşayış məntəqələri yerlə-yeksan edildi, məscidlər, qəbiristanlıqlar, maddi-mədəni irsimiz barbarcasına məhv olundu. Bu, sadəcə bir qırğın deyildi; bu, xalqın yaddaşını, kökünü, tarixini silməyə yönəlmiş sistemli bir məhv siyasəti idi”, - o vurğualyıb.

 Deputat  bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Martın dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım oldu: “Bu qərar yalnız faciə qurbanlarının xatirəsinə ehtiram deyil, həm də həqiqətlərin gələcək nəsillərə çatdırılması, saxtalaşdırılmış tarixə qarşı milli yaddaşın qorunması baxımından böyük siyasi və mənəvi əhəmiyyət daşıyır”.
Deputat onu da vurğulayıb  ki, zaman keçdikcə arxivlərdən çıxan yeni faktlar, şahid ifadələri və elmi araşdırmalar erməni vəhşiliyinin miqyasını daha aydın göstərir: “Şamaxıda, Qubada, digər bölgələrdə aşkar olunan kütləvi məzarlıqlar, yandırılmış kəndlər, didərgin salınmış on minlərlə insan bu qanlı siyasətin miqyasını bütün çılpaqlığı ilə ortaya qoyur. Tarix saxtakarlığı sevmir; gec-tez bütün həqiqətlər üzə çıxır və ədalət öz sözünü deyir.

Xüsusilə Qubada aşkarlanan kütləvi məzarlıq bu faciənin canlı sübutu kimi yaddaşlara həkk olundu. Uşaqlara, qadınlara və dinc əhaliyə aid yüzlərlə insan qalıqları göstərdi ki, 1918-ci ildə törədilənlər hərbi əməliyyat yox, məhz soyqırımı idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi bu tarixi həqiqətin daş yaddaşa çevrilmiş rəmzidir.

Bu gün 31 Martı anarkən biz yalnız keçmişin ağrılarını xatırlamırıq. Biz eyni zamanda milli iradəmizin, tarixi yaddaşımızın və dövlətçilik şüurumuzun gücünü nümayiş etdiririk. Çünki xalqımıza qarşı əsrlər boyu törədilən cinayətlər cavabsız qalmadı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində Azərbaycan Ordusunun qazandığı qətiyyətli Zəfər tarixi ədalətin təntənəsi oldu. Şəhidlərimizin qisası alındı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi.

31 Mart faciəsi bizim üçün həm hüzn, həm də dərsdir. Bu tarix bizə xatırladır ki, milli yaddaşını qoruyan xalq məğlub olmur. Tarixini unutmayan millət gələcəyini daha inamla qurur. Azərbaycan xalqı da öz qan yaddaşını qoruyaraq, həqiqətləri dünyaya çatdıraraq və dövlətinin gücü ətrafında birləşərək bu faciələri heç zaman unutmayacağını bir daha nümayiş etdirir.
31 Mart -qan yaddaşımız, milli kimliyimizin sarsılmaz möhürü və ədalətin gec də olsa zəfər çaldığının tarixi sübutudur”.

Mürtəza

Chosen
37
olke.az

1Sources