EN

SOS! Yağışdan sonra TƏHLÜKƏ böyüyür – Bu binalar çökə bilər

Bakı və Abşeron yarımadasında iki gün ərzində fasiləsiz yağan güclü yağışlar paytaxtın infrastrukturundakı boşluqları bir daha gün üzünə çıxarıb. Xüsusilə Bakı-Sumqayıt şosesinin kənarında yerləşən “Çinar MTK” yaşayış kompleksinin ətrafında yaranan acınacaqlı vəziyyət artıq sadəcə hərəkət məhdudiyyəti deyil, ciddi təhlükəsizlik məsələsinə çevrilib.

Yağıntılar kəsilsə də, binanın ətrafındakı nəhəng su gölməçələri və sel qalıqlarının təmizlənməməsi sakinlərdə böyük narahatlıq yaradır. Ən qorxulu məqam isə sakinlərin iddiasına görə, sel sularının binanın özülünə dolması və yeni tikilən binanın orta hissəsinin boş olması səbəbindən hər an çökmə təhlükəsinin yaranmasıdır. Aidiyyatı qurumların müdaxiləsinin gecikməsi həm piyadaların, həm də sürücülərin hərəkətini qeyri-mümkün etməklə yanaşı, ərazidə ciddi antisanitar vəziyyət yaradıb.

NOCOMMENT.az xəbər verir ki, binaların özülünə dolan suyun yarada biləcəyi fəsadlar və real çökmə riski ilə bağlı məsələyə tikinti sahəsi üzrə ekspert Camal Abışov aydınlıq gətirib.

Saytımıza danışan ekspert qeyd edib ki, binanın özülünə suyun dolması texniki baxımdan ciddi nəzarət tələb edən bir prosesdir:

“Əgər binanın bünövrəsi layihəyə uyğun olaraq düzgün izolyasiya edilməyibsə və drenaj sistemi qurulmayıbsa, uzun müddət su altında qalan özül konstruksiyanın dayanıqlığına mənfi təsir göstərə bilər. Xüsusilə yeni tikililərdə qrunt sularının və ya yağış sularının bünövrəyə sızması zaman keçdikcə betonun korroziyasına və torpağın yuyulmasına səbəb olur ki, bu da binada oturuşma fərqləri yaradaraq çatların əmələ gəlməsinə, hətta ekstremal hallarda çökmə riskinə yol açır”.

Ekspertin sözlərinə görə, sakinlərin qeyd etdiyi “orta hissənin boş olması” faktı təcili olaraq mühəndis-texniki baxış keçirilməsini zəruri edir:

“Binanın konstruktiv sxemi araşdırılmalı, suyun bünövrəyə nə dərəcədə təsir etdiyi xüsusi cihazlarla yoxlanılmalıdır. İlk növbədə ərazidəki su təcili şəkildə nasoslarla kənarlaşdırılmalı, bünövrənin vəziyyəti qiymətləndirilməlidir. Əgər bünövrəyə sızma varsa, dərhal bərkitmə işləri aparılmalı və gələcəkdə belə halların təkrarlanmaması üçün ərazinin yağış suları drenaj şəbəkəsi yenidən qurulmalıdır. Unutmaq olmaz ki, su tikilinin ən böyük düşmənidir və bu cür laqeydlik gələcəkdə bərpası mümkün olmayan faciələrə səbəb ola bilər”.

Tunar
NOCOMMENT.az

Chosen
34
nocomment.az

1Sources